AZ EN RU

“Yeni geosiyasi reallıqda Azərbaycan Respublikasının xarici siyasəti: regionda dayanıqlı sülh və inkişaf naminə əməkdaşlıq təşəbbüsləri” mövzusunda konfrans

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Naxçıvan” Universitetinin rektoru, dosent  Nurlana Əliyevə bildirib ki, bu gün Azərbaycan dövləti ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil xarici siyasət yürüdür, uğurlu diplomatik gedişlər edir. Ötən dövrdə ölkə başçısının həyata keçirdiyi praqmatik xarici siyasət nəticəsində Ermənistan dünyada Azərbaycan torpaqlarını işğal edən təcavüzkar ölkə kimi tanınıb. Qeyd edilib ki, ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan işğala son qoyan, təcavüzkarı öz doğma torpağından qovan və Zəfər qazanmış ölkə kimi regionda yeni sülh gündəliyi ilə çıxış edir. Qalib liderin iradəsi və təşəbbüsü ilə açılacaq Zəngəzur dəhlizi nəinki Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqələrini bərpa edəcək, eləcə də bütün Türk dünyasını birləşdirəcək.
    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli qeyd edib ki, hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mükəmməl və praqmatik xarici siyasət yürüdən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz dünya birliyinin, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Xüsusilə Vətən müharibəsində əldə olunan Zəfərin nəticəsidir ki, indi Azərbaycanın iştirakı ilə regionda, hətta dünya miqyasında strateji layihələr reallaşır. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas amillərindən birinə çevrilib.
    Daha sonra idarənin əməkdaşları Şahin Əhmədov və Taleh Nəzərlinin mühazirələri dinlənilib, sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 16.11.2022 20:40