AZ EN RU

Yeni eranın astanasında 100 yaşlı muxtariyyət:

Böyük Tufandan başlanan yolun təntənəli zirvəsi

XXI əsrin əvvəlində Azərbaycan dövlətçiliyinin keçmiş, indiki və gələcək nəsillər qarşısında  ən mühüm tarixi-siyasi nailiyyəti uzun müddətli işğalda olan torpaqlarda suverenliyini bərpa etmək olmuşdursa, XX əsrin başlanğıcında xalqımzın ən mühüm tarixi-siyasi nailiyyətlərindən biri faktiki işğal təhlükəsi altında olan qədim Naxçıvanın muxtariyyət statusu əldə etməsidir:Geosiyasi, geostrateji baxımdan son dərəcə əhəmiyyətli bir bölgə kimi Qafqazın cənubunda yerləşən bu kiçik regionun oynadığı açar  rol tarixi “Şərq planı”nın hissədarları və  səlibçilərin varisləri olan  o dövrün ekspansionist güclərinin maraq dairəsində olmuşdur. Ötən əsrin əvvələrindən Cənubi Qafqazın “dənizdən-dənizə Böyük Ermənistan” adı altında erməniləşdirilərək imperial güclərin müstəmləkəsi olması və madd-mənəvi sərvətlərinin talan olunması ideyası bu bölgənin dinc əhalisinin dəfələrlə kütləvi soyqırıma məruz qalmasına səbəb olmuşdur. Lakin Azərbaycan xalqının iradəsi, Naxçıvan əhalisinin bölgənin erməni idarəçiliyinə salınması üçün atılan addımlara ciddi surətdə qarşı çıxması öz nəticəsini vermişdir. Yerli ziyalıların təkidli tələbi ilə 1918-ci ildə bölgədə yaradılan Araz-Türk Cumhuriyyəti bu planları boşa çıxarmışdır. Dövrün reallıqlarına gəldikdə, Qafqaz türklərinin ən böyük himayəçisi olan Osmanlı imperiyası faktiki tənəzzül dövrünü yaşayırdı. 600 il üç qitədə türk-islam  sancağının bayraqdarlığını edən bu nəhəng dövlətin Azərbaycan xalqının müqəddəratının həll olunduğu bir zamanda süqutu bölgənin taleyinin mənfur düşmənlərin xeyrinə həll olunması ilə nəticələnmişdir. “Xalqlar həbsxanası” adlandırılan çar Rusiyasının dağılmasından sonra yerində qurulan əslində yeni “xalqlar həbsxanası”-SSRİ-nin subyekti kimi muxtariyyət statusu əldə etməsinə baxmayaraq, tarixi torpağımız olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq  Ermənistan SSR-ə verilməsi Naxçıvan əhalisinin, ana vətəndən ayrı düşməsinə səbəb olmuşdur. XX əsrin sonlarında  sosyalizmin çöküşü, münaqişələrin yenidən alovlanması, gizlədilən baltaların yenidən çıxarılması Naxçıvan muxtariyyətini yeni reallıqla üz-üzə qoymuşdur – uzunmüddətli və əzab-əziyyətli blokada.

Hələ SSRİ-nin mövcud olduğu illərdə Moskvada sovet bürokratiyasının müxtəlif pillələrində vəzifə tutan ermənilər Azərbaycan torpaqları – Naxçıvan və Qarabağa qarşı ərazi iddialarını həyata keçirmək üçün hər vasitədən istifadə edirdilər.Qarabağ ərazisində mövcud olmuş keçmiş muxtar qurumun xalq təsərrüfatına  planlı şəkildə daha çox kapital qoyulur, əvəzində  Naxçıvan qəsdən diqqətdən kənarlaşdırılırdı.

Ümumilli Lider Heydər Əliyev Azərbaycana ilk rəhbərliyi dövründə və sonradan siyasibüroda çalışdığı illərdə bu cəhdlərin qarşısını almışdır. Naxçıvan MSSR-in 66 illik sosyalizm dövrünə nəzər salındıqda ulu öndərin ölkəyə ilk rəhbərliyinin bölgəyə yeni tərəqqi gətirdiyini müşahidə etmək olar. Heydər Əliyevin doğma diyarın inkişafının xüsusi qayğısına qalması iqtisadi sahənin bütün sferasında, aqrar sahədə, sənayedə ciddi irəliləyişlərlə nəticələnmiş, yeni zavodlar, istehsal sahələri yaradılmış, bölgə əhalisinin rifah halını yaxşılaşdıran bir sıra addımlar atılmışdır. İkinci Dünya müharibəsindən sonra muxtar respublikanın xalq təsərrüfatına qoyulan vəsait ildən ilə artmışdır. Belə ki, 1956-1960-cı illərdə muxtar respublikanın xalq təsərrüfatına qoyulan vəsait orta hesabla, hər ildə 4,8 milyon manat təşkil etmişdisə, həmin rəqəm 1971 — 1975-ci illərdə 32 milyon manat təşkil edərək, bütövlükdə 1956—1980-ci illər üçün 624 milyon manat olmuşdu. Əsaslı vəsait qoyuluşunun daimi artımı şəraitində göstərilən illərdə sənaye obyektlərinin tikintisi xüsusilə genişlənmişdi. Bu isə öz növbəsində muxtar respublika sənayesinin inkişaf sürətini xeyli artırmış, onun strukturunu təkmilləşdirmişdi. Nəticədə, ümumi sənaye məhsulunun həcmi 1971-ci ildə 1924-cü ildəkinə nisbətən 150 dəfə, 1977-ci ildə isə 1940-cı ildəkinə nisbətən 14 dəfə artmışdı. Təbii ehtiyatlardan səmərəli istifadə olunması muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalını da xeyli artırmağa imkan vermişdi. Bir sıra iri su təsərrüfatı qurğularının tikilməsi  aqrar məsələlərin  müvəffəqiyyətlə həll edilməsi kənd təsərrüfatının yüksəlişində xüsusilə mühüm rol oynamışdı. Arpaçay və Sirab su təsərrüfatı komplekslərinin, Naxçıvan, Uzunoba su anbarlarının yaradılması və Arazın sularından mexaniki suvarmanın genişləndirilməsi üçün istifadə olunması suvarılan torpaq sahələrinin su ilə təchizatını yaxşılaşdırmağa və kənd təsərrüfatında məhsuldarlığı yüksəltməyə əlverişli şərait yaratmışdı. 80-ci illərin əvvəlləri üçün muxtar respublikada 20 kolxoz və 65 sovxoz fəaliyyət göstərirdi. Kənd təsərrüfatına yararlı torpaqlar 148 min hektar, suvarılan torpaqlar isə 51 min hektar təşkil edirdi. Kənd təsərrüfatında dənli bitkilər istehsalı mühüm yer tutur və demək olar ki, muxtar respublikanın ərazisinin hər yerində əkilirdi. Tərəvəzçiliyin və üzümçülüyün inkişafına ciddi əhəmiyyət verilirdi. Tərəvəz əkinlərinin yarıdan çoxu Şərur rayonunun payına düşürdü. Üzümçülüyə gəldikdə isə, əgər üzümlüklərin sahəsi 1960-cı ildə 2,3 min hektar, 1970-ci ildə 7,3 min hektar idisə, 1980-ci ildə 15 min hektardan artıq olmuşdu. Bunun müqabilində dövlətə satılan üzümün miqdarı 1960-cı ildəki 4,2 min tondan, 1989-cu ildə 53,9 min tona çatmışdı. Müharibədən sonrakı illərdə muxtar respublikada bağçılıq daha da inkişaf etmişdi. Kolxoz və sovxozlarda 2,4 min hektar meyvə bağları var idi. Meyvə bağlarının 80 faizindən çoxu Ordubad rayonunun payına düşürdü.

Həmin illərdə muxtar respublikanın yol-nəqliyyat şəbəkəsi yenidən qurulmuş, muxtariyyətin 50-ci ildönümündə Naxçıvan hava limanı istifadəyə verilmişdir.

Özünün yeraltı sərvətləri ilə qədimdən məşhur olan Naxçıvan diyarı, həm də haqlı olaraq müalicəvi əhəmiyyətli mineral sular məskəni adlandırılır. Naxçıvan MR ərazisində 200 mineral su mənbəyi vardır. 1947-ci ildə fəaliyyətə başlayan Badamlı mineral sular zavodunda 1953-cü ildən avtomatlaşdırılmış və mexanikləşdirilmiş güclü zavod işə düşmüşdür 60-70-ci illərdə isə Sirab və Vayxır mineral sularının sənaye üsulu ilə istismarına başlanmışdır. Naxçıvan MR sənayesinin müharibədən sonrakı illərdə keçmiş olduğu tərəqqi yoluna ötəri nəzər salınması bir daha təsdiq edir ki, xalqın əməyinin, yaradıcı qüvvəsinin düzgün təşkili nə deməkdir. Hazırda milli su brendi kimi “Sirab” və “Badamlı”nın şöhrəti ölkəmizdən kənarda da məhşurdur.

İctimai-mədəni və sosyal mühitdə də ciddi nailiyyətlər əldə olunmuşdu. Artıq 70-ci illərdə muxtar respublikanın mədəniyyət, maarif, səhiyyə, sahəsində ciddi nailiyyətləri var idi. Muxtar respublikada tədris müəssisələrinin geniş şəbəkəsi yaradılmış, savadsızlıq tamamilə aradan qaldırılmışdı. 80-ci illərin əvvəllərində 206 ümumtəhsil məktəbində 61 min nəfərdən çox, 4 orta ixtisas məktəbində 1700 şagird, 1972-ci ildən müstəqil instituta çevrilmiş Naxçıvan Pedaqoji İnstitutunda 2 min nəfər tələbə təhsil alırdı.

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi təntənə ilə qeyd olunmuşdu. Bu münasibətilə keçirilən yığıncaqda iştirak edən Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev öz çıxışında qeyd edirdi: “Naxçıvan indi dinamik tərəqqi edən çoxsahəli iqtisadiyyata, yüksək səviyyəli təhsilə, səhiyyəyə, mədəniyyətə söykənən inkişaf etmiş sosial struktura malik olan muxtar respublikadır”.

İmperiyanın dağılması ərəfəsində, yəni 1988-ci ildən başlayaraq Naxçıvan mütəmadi erməni təcavüzü ilə qarşı-qarşıya qalmışdır. Sovetlərin çöküşündən sonra Bakıda hakimiyyətə gələn kommunist liderlərin Naxçıvana ögey münasibət göstərməsi ilə blokada şəraitində ayaqda durmaq, sənaye məhsullarının, elektrik enerjisinin, mavi yanacağın qıtlığı şəraitində gündəlik məişət ehtiyaclarını çətinliklə ödəməklə yanaşı, əldə olunan muxtariyyəti qorumaq missiyası əsrin əvvəllərində olduğu kimi yenə bölgə əhalisinin üstünə düşmüşdür. İqtisadi potensialı məhv edilmiş, təsərrüfat həyatı tənəzzül dövrü yaşayan muxtar respublikanın əhalisi müxtəlif yollarla Naxçıvanı qorumağa çalışmışdır. Belə bir tarixi məqamda yerli ziyalıların rəhbərliyi ilə Naxçıvan əhalisi daha bir mühüm addım atdı. Erməni təcavüzünə səssiz qalan rəsmi Moskvaya etiraz əlaməti kimi  sovet-İran sərhəddini 1989-cu ilin 31 dekabrında sökərək Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə sonradan “Dünya Azərbaycanlarının Həmrəylik Günü” kimi qeyd edilən sərhəd hərəkatını başlatdılar. Sərhədlərin sökülməsi dünya miqyasında ciddi bir hadisə idi. Hadisələri  diqqətlə izləyən dünya mətbuatı öz səhifələrində “Sovet qəfəsindən uçan ilk quş - Naxçıvan” manşetlərini dərc edirdi. Naxçıvanda başlayan bu proseslərə ölkəmizin bir sıra sərhəd rayonları da qoşulmuşdu.

Azərbaycanın dövlətçilik tarixinə mühüm töhvələr vermiş Naxçıvan torpağı ağır günlərdə  dünya siyasətinə bəxş etdiyi praqmatik siyasətçi, təcrübəli dövlət adamı kimi Heydər Əliyevi bağrına basdı. Lider-xalq birliyi və ahəngi Naxçıvanı bir daha taleyin çətin, ağır sınağından çıxararaq növbəti tarixin yazılmasına müvəffəq oldu. 1991-ci ilin sentyabrında naxçıvanlıların yekdil iradəsi ilə Ali Sovetin sədri seçilən Heydər Əliyev blokadanın nəticələrinin minimallaşdırılması, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılaması istiqamətində ciddi addımlar atdı. Ulu öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə Türkiyəyə etdiyi səfərlərdə türk rəsmilərlə  görüşündə, ən yüksək kürsülərdə Qars müqaviləsinin əhəmiyyəti dəfələrlə vurğulamış, Naxçıvanın muxtariyyətinə ikinci ömür bəxş etmişdir.

İmperiyanın külləri içində yenidən dirçəlməyə çalışan xalqların müstəqillik əldə etmək cəhdi heç  də asan olmur. İkiqütblü dünya sistemində sosyalist cəbhənin kapitalist quruluşa məğlub olması və çöküşü xalqlara saysız problem miras qoydu. Azərbaycana bu mirasdan iqtisadi tənəzzül, milli münaqişə, bacarıqsız idarəçilik başda olmaqla saysız pay düşürdü. Ölkənin üzləşdiyi saysız problemlər fonunda Bakıda hakimiyyət üstündə aparılan çəkişmələr mövcud böhranı dərinləşdirirdi. Həmin vaxt Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda dövlətçilik naminə ciddi addımlar atılır, muxtar respublika siyasi mərkəz rolunu oynayırdı. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının 70 il sonra ilk dəfə məhz Naxçıvanda qaldırılması, muxtar respublikanın adından “sovet sosyalist” sözlərinin çıxarılması, Bakıda törədilən 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən qərar qəbul olunması, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi haqqında qərar qəbul olunması ciddi addımlar idi.

Xalqımızın yekdil təkidi, israrlı tələbi Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtdı. Bununla da Bakıda muxtariyyətin siyasi-tarixi əhəmiyyəti dərk edilmədən, Naxçıvana göstərilən ögey münasibətə son qoyuldu. Ama qarşıda görüləsi işlər çox idi. Sosializm bataqlığından çıxan Naxçıvan əhalisi “kimsəsiz ada”da yaşam mübarizəsi aparmalı idi. Heydər Əliyevin izlədiyi daxili və xarici siyasətlə ölkədə sabitlik təmin olundu, istiqrar yoluna qədəm qoyuldu. Onun ölkəyə 10 illik rəhbərliyi dövründə Naxçıvanda reallaşdırılan sosial-iqtisadi islahatların hədəfi blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması, alternativ yollarla bu problemin kompensasiya olunması olmuşdur. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, müdafiəsi daim nəzarətdə saxlanılmış, blokada vəziyyətində olan Naxçıvanın dinamik inkişafı təmin edilmişdir.

2022-ci ilin dekabrında Naxçıvanda aparılan islahatlar, Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəlik institutun təsis edilməsi muxtar respublikada dövlət siyasətinin mərkəzi hakimiyyətlə koordinativ aparılması baxımından mühüm addımdır. “Naxçıvan Muxtar Respublikaının 2023-2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Naxçıvanda növbəti mərhələnin başlanğıcı hesab oluna bilər. Bütün meyarlar üzrə Naxçıvanın inkişaf perspektivlərini ən incə detalları ilə özündə ehtiva edən bu sənəd növbəti illərdə əldə olunacaq uğurların, nailiyyətlərin manifestidir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi “Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. Azərbaycanın müstəqilliyinin əldə olunmasında Naxçıvanın və naxçıvanlıların böyük əməyi olmuşdur. Bundan sonra da dövlət müstəqilliyimizin möhkəmləndirilməsində,  Azərbaycanın müasir dövlət kimi inkişaf etməsində naxçıvanlılar bundan sonra da öz sözlərini deyəcəklər.

2020-ci ildə xalqımızın əldə etdiyi şanlı qələbə və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində xarici və daxili siyasətimizdə yeni perspektivlər meydana çıxmış oldu. Ermənistanla sülh müqaviləsi imzalanması və 2020-ci ildə razılaşdırılan sazişin icra olunması xarici siyasətin əsas müddaəlarındandır. Regionda sabitliyin və inkişafın təmin olunmasının başlıca şərtlərindən biri də bütün nəqliyyat-kommunikasiya şəbəkəsinin bərpası, Azərbaycanın Naxçıvanla quru yolla nəqliyyat əlaqəsinin təmin edilməsidir. Bu məsələ bizim üçün vacib olduğu qədər, regionda sabitlik istəməyən bəzi dairələrin marağına ziddir. Lakin bölgəmizdə güclər balansının ağırlıq mərkəzi Azərbaycan dövlətidir. Naxçıvanın Azərbaycana daha da yaxınlaşması üçün atılan addımlar növbəti yüzillikdə muxtar respublikamızın bölgədəki geosiyasi anlamda öz mövqeyini tutması - Naxçıvanın Avrasiya müstəvisində ciddi tranzit mərkəzə çevrilməsi ilə  və Azərbaycanın gücünə güc qatması ilə nəticələnəcəkdir.

 

Məmməd Məmmədxanlı

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı

Məqalə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir

Nəşr edilib : 06.06.2024 18:45