AZ EN RU

Yeni Əfv Sərəncamı Heydər Əliyev ideyalarının layiqli davamı, humanizmə, insan hüquq və azadlıqlarına verilən ali dəyərin təntənəsidir

    Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Təsadüfi deyil ki, dahi şəxsiyyət cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə həssaslıqla yanaşmaqla bərabər fəaliyyətində də hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutmuşdur.

    Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırmışdır. Təsadüfi deyil ki, Ulu Öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmiş, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Görkəmli dövlət xadimi tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir. Hətta Ulu Öndər böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlamışdır. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılmış və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı bir neçə nəfərə ölüm cəzası vermişdi. 
    Ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamları imzalanmışdır. Bu gün isə növbəti, həm də ən böyük hümanizm nümunəsinin şahidi oluruq. Belə ki, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalamışdır.
    Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Yeri gəlmişkən, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir. Bununla yanaşı, Sərəncamla hüquq-müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilmişdir.
    Ümumilikdə, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. 
     Bunu da əlavə edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
    Beləliklə, Azərbaycan Prezidentinin son Əfv Sərəncamı ölkəmizin humanizm prinsipləri əsasında böyük inkişaf yolu keçdiyini, demokratik dəyərlərə nə qədər önəm verdiyini bir daha nümayiş etdirir. İnanırıq ki, bu Sərəncamla əfv olunanlar dövlətin onlara etimadını doğruldacaq, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verəcəklər.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 09.05.2023 00:18