AZ EN RU

Yeni Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələri prioritet edən nədir (II hissə)

    (əvvəli qəzetin 15 iyul 2023-cü il tarixli nömrəsində)
    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Yeni Dövlət Proqramın ümumi mahiyyəti haqqında ötən yazılarımızda bəhs etmişdik. Xüsusilə 2004-cü ildən etibarən icra olunmuş Dövlət proqramlarından fərqli olaraq yeni proqramda əsas diqqəti cəlb edəcək məsələlərdən biri həyata keçiriləcək tədbirlərin qarşıdakı dövrdə müasir çağırışlara uyğunluğunun nəzərə alınmasıdır. Bu baxımdan yeni proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə açıq olması sürətlə dəyişən dünyanın innovativ tələblərinə inteqrasiyasını da hamı üçün əlçatan edir. Bu istiqamətlər isə yeni qəbul edilmiş dövlət sənədində 11 prioritet üzrə cəmlənmişdir. Və bu prioritetlər Dövlət Proqramının təməl prinsiplərini təşkil edir. Elə bu yazıda da həmin prioritetlərin mahiyyətini anlamağa çalışacağıq.

    …Dövlət Proqramında dördüncü prioritet kimi kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı nəzərdə tutulub. Statistikaya görə, muxtar respublikada son illər kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınsa da, indiyədək region üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi işi səthi olaraq aparılıb. Nəticədə, “hər məhsuldan bir az” düşüncəsi ilə uzun illər əkinə cəlb edilən sahələrdən əldə olunan məhsulların istehsal həcmi də reallıqla uzlaşmayıb. Yeni proqramda isə bütün bunlar nəzərə alınaraq muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməli sahələrinin müəyyənləşdirilməsi, həmin sahələr üzrə ehtiyacların diaqnostikasının aparılması, bölgəyə xas məhsulların əkininin stimullaşdırılması aydın şəkildə göstərilib. Xüsusilə bitkiçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, arıçılıq,  üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsinin diqqətdə saxlanılmasının vacibliyi qeyd olunub. Təbii ki, bu prioritet istiqamətdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının təşviq olunması da əsas vəzifə kimi qarşıya qoyulub. Bu bənd üzrə icra olunacaq tapşırıqları aqrar sahədə aparılacaq islahatlar kimi də qiymətləndirmək mümkündür. 
    Növbəti beşinci prioritet istiqamət isə muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Naxçıvanın turizm potensialı kifayət qədər zəngin olsa da, təəssüf ki, indiyədək bu potensialdan tam istifadə edilməyib. Çünki biz turizmdən danışmağı daha çox sevirik, nəinki icra etməyi.  Halbuki turizm son illərdə dünyada ən çox investisiya yatırılan sahələr üzrə ilk beşlikdədir. Dünya o qədər sürətlə dəyişir ki, məsələn, 10 il bundan əvvəl turizm üçün heç bir perspektivi olmayan bölgələr belə bu gün turizm zonasına çevrilə bilir. Artıq dünya turizmi ənənəvi turizm sahələrindən “doyub”, yeni trendlər üzərində baş sındırır. Biz isə muxtar respublikanın əvəzolunmaz turizm obyektlərini indiyədək doğru-dürüst təqdim edə bilməmişik. Əgər Naxçıvanı turizm diyarına çevirməyi qarşımıza məqsəd qoymuşuqsa, ilk olaraq turizmə yanaşma dəyişilməlidir. Yeni Dövlət Proqramı da, əslində, bizdən bunu tələb edir. 
    Proqramda altıncı prioritet istiqamət elektrik enerjisi istehsalının və ixracının artırılmasını nəzərdə tutur. Burada, əsasən, muxtar respublikada mövcud elektrik stansiyalarının modernləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, həmçinin bərpa olunan enerji resurslarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və nəhayət, əldə olunan enerjinin ixraca yönəldilməsi nəzərdə tutulur. Məlumdur ki, hər il dünyada enerjiyə tələbat artır. Bu gün ən inkişaf etmiş ölkələrdə belə enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin əsas elementi kimi qəbul edilir. Buna görə də Naxçıvanın yerləşdiyi coğrafi mövqeyinə görə gələcəkdə Avropa üçün enerji dəhlizinə çevrilməsi strateji hədəflərdən biri kimi qəbul edilir. Bu baxımdan Dövlət Proqramında da qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulacağı təsadüfi sayılmamalıdır. 
    “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ən mühüm prioritet istiqamətlərdən biri də yeddinci prioritetdə öz əksini tapmış infrastruktur təminatının inkişafı ilə bağlıdır. Bu bənddə qarşıya qoyulmuş digər vəzifələrlə yanaşı, muxtar respublikaya aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanın dəmiryol təsərrüfatının yenilənməsi əsas prioritetlərdən biri kimi qəbul olunmuşdur. Bu işlər Naxçıvanın postblokada dövrünə hazırlıq məqsədi daşıyır. Həmçinin muxtar respublikada fiber-optik magistral şəbəkənin, təbii qaz xətlərinin Türkiyə ilə əlaqələndirilməsi  əsas hədəflərdən sayılır.  
    Dövlət Proqramında prioritet istiqamətlər kimi növbəti yerlərdə sosial sektorun, insan kapitalının inkişafı, həmçinin institusional inkişaf və ətraf mühitin mühafizəsi nəzərdə tutulub ki, burada da, əsasən, əhalinin sosial xidmətlərə əlçatanlığının təmin olunması, təhsildə keyfiyyətin artırılması, peşə tədrisinin əhatəsinin genişləndirilməsi, təbii sərvətlərdən layiqli istifadə və digər bu kimi məsələlər əks olunub. 
    Bunu da xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na əsasən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası hazırlanacaq tədbirlər planı üzrə ilkin, aralıq və yekun nəticələr nəzərə alınmaqla monitorinq olunacaqdır. Bu göstəricilər müvafiq fəaliyyət istiqamətlərinin icra statusunu qiymətləndirməyə də imkan verəcəkdir. 
    Ötən yazıda da qeyd etdiyimiz kimi Dövlət Proqramı hazırlanarkən davamlı inkişaf prinsiplərinin, mütərəqqi beynəlxalq təcrübənin və qlobal çağırışların nəzərə alınması Naxçıvanın növbəti illər üçün layiqli inkişafını təmin etməklə yanaşı, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə nail olunması istiqamətində də görüləcək işlərin əsasını təşkil edəcək. Elə Dövlət Proqramında qarşıya qoyulan vəzifələri prioritet edən də budur. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 19.07.2023 20:39