AZ EN RU

Yeni Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələri prioritet edən nədir

    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Xüsusilə 2004-cü ildən etibarən icra olunmuş Dövlət proqramlarından fərqli olaraq yeni proqramda əsas diqqəti cəlb edəcək məsələlərdən biri həyata keçiriləcək tədbirlərin qarşıdakı dövrdə müasir çağırışlara uyğunluğunun nəzərə alınmasıdır. Bu baxımdan yeni proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə açıq olması sürətlə dəyişən dünyanın innovativ tələblərinə inteqrasiyasını da hamı üçün əlçatan edir. Bu istiqamətlər isə yeni qəbul edilmiş dövlət sənədində 11 prioritet üzrə cəmlənmişdir. Və bu prioritetlər Dövlət Proqramının təməl prinsiplərini təşkil edir. Elə bu yazıda da həmin prioritetlərin mahiyyətini anlamağa çalışacağıq.

    Sərəncamda regionların sosial-iqtisadi inkişafı sahəsində beynəlxalq təcrübələrin təhlilinə əsaslanaraq qeyd olunur ki, son illər ərzində regionların potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, yaşıl iqtisadiyyatın formalaşdırılması, innovativ yanaşmaların tətbiqi kimi məsələlər ön sırada yer alır. Təsadüfi deyil ki, bütün bunlara nail olunması üçün, ilk növbədə, regionda əlverişli biznes mühiti yaradılmalıdır. Hansı ki proqramın I bəndində də bu qeyd olunub. 
    Əlverişli biznes mühiti odur ki, dövlət burada üzərinə öhdəliklər götürür: qanunvericilik bazasını təkmilləşdirir, hüquqi mexanizmlərin işləkliyini təmin edir, bizneslə məşğul olanlar üçün prosedurları sadələşdirir, biznesə yönəldilən vəsaitlərin güzəştli şərtlərlə ödənilməsinin yollarını açır, vergi şəffaflığını, sığorta fəallığını nəzarətdə saxlayır, məhsul və xidmətlərin ixracı üçün davamlı olaraq təşviqedici vasitələri tətbiq edir, istənilən monopol hərəkətlərin qarşısını dərhal alır  və sair. Əgər bir ölkədə və yaxud regionda əlverişli biznes mühiti olarsa, ora xarici investisiyaların da axını olacaq. Digər tərəfdən, əlverişli biznes mühiti olmadan ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, sosial sektorun, insan kapitalının və digər sahələrin inkişafı mümkün deyil. Elə bütün bu tərəfləri nəzərə alınaraq Dövlət Proqramında 1 nömrəli prioritetin icrası üçün regionda azad iqtisadi zonanın yaradılması, hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, gömrük sərhəd-buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması qarşıya vəzifə kimi qoyulub.
    İkinci yerdə qəbul edilən prioritet istiqamət isə ticarətin inkişafıdır. Ticarət anlayışı qədim zamanlardan mövcuddur və müasir iqtisadiyyat, demək olar ki, bu anlayış üzərində formalaşıb desək, yəqin ki, yanılmarıq. Digər ölkələrlə alış-veriş imkanlarının daha rahat olmasına imkan verən  ticarət əlaqələri müasir dövrdə, əsasən, ixrac-idxal əməliyyatlarını nəzərdə tutsa da, burada güzəştli bazar münasibətlərinin olması onu daha da cəlbedici edir. Bu cəlbedicilikdə əsas məqamlardan biri odur ki, ticarət qovşaqları, adətən, sərhədyanı bölgələrdə, dəhlizlər üzərində və yaxud mühüm ticarət yollarının kəsişdiyi qovşaqlarda yerləşir. Naxçıvanın təbii-coğrafi mövqeyi keçmiş zamanlardan ticarət üçün ən əlverişli marşrutlardan sayılıb. Təsadüfi deyil ki, Böyük İpək Yolunun da buradan keçməsi bu qədim diyarı şərqlə qərb arasında mühüm və əlverişli ticarət mərkəzinə çevirib. Bu mənada, ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə qəbul edilmiş Dövlət Proqramında Naxçıvanın ticarət mərkəzi kimi yenidən təşəbbüsü öz əlinə alması region üçün atılmış ən böyük addımlardan biridir. Proqramda II prioritetin ticarətin inkişaf etdirilməsi ilə bağlı olması da, bu mənada, təsadüfi deyil. Ticarətin inkişafı ilə bağlı hansı işlərin görülməsi ilə əlaqədar layihələr proqramda əks olunduğundan bir daha onları təfsilatı ilə yenidən qeyd etmirik. 
    Dövlət sənədində III prioritet ixracyönlü sənayenin inkişafını nəzərdə tutur. Müasir dövrdə sənayenin inkişafı o qədər genişlənib ki, məhsul istehsalında ən böyük pay da elə sənaye istehsalına düşür. Bu gün istənilən inkişaf etmiş ölkədə Ümumi Daxili Məhsul İstehsalına və yaxud idxal-ixrac əməliyyatlarının statistikasına baxsaq, ən çox yerdə yenə də sənaye məhsullarının dinamikasını görəcəyik. Burada da əsas səbəblərdən biri odur ki, indiki dövrdə sənaye istehsalına cəlb olunmayan çox az məhsul var. Hətta kənd təsərrüfatı məhsullarının belə böyük bir qismi sənaye istehsalı prosesindən keçərək satışa çıxarılır. Digər tərəfdən, sənaye yolu ilə istehsal, daha çox məhsul istehsal etməkdir. Burada diqqət olunmalı məsələlərdən biri odur ki, müasir dövrdə keyfiyyətli, ixracyönlü, rəqabət qabiliyyəti yüksək olan məhsul istehsal etmək üçün müasir texnologiyalara əsaslanan avadanlıqların olması şərtdir. Məlumdur ki, bu gün dünyada çox az sayda ölkələr istehsal sənayesi üçün keyfiyyətli avadanlıqlar istehsal etmək gücündədir. Bu cür avadanlıqlar isə, adətən, bahalı olur. Maraqlı statistikalardan biri odur ki, bu gün istehsalçı dünya ölkələrinin bir çoxunda sənaye avadanlıqlarının 40 faizi müəyyən qədər tələbləri yerinə yetirsə də, yeni deyil. Bunun da səbəbləri müxtəlifdir. Bəzi hallarda sahibkarların bu cür avadanlıqların alınmasına yetərli imkanları yoxdur. Buna görə də bəhs etdiyimiz proqramda təkcə ixracyönlü və keyfiyyətli deyil, eyni zamanda yüksək rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyaların cəlb olunacağı aydın şəkildə qeyd edilib. Burada bir məsələni də vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Azərbaycanda müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi üçün dövlət sahibkarlara məxsus bütün sənaye parklarının yenilənməsində maraqlıdır. Bu baxımdan da istər muxtar respublikada fəaliyyətə başlayacaq yeni sənaye parkı (Şərur Sənaye Parkı), eləcə də digər yeni istehsal subyektlərində rəqabətyönümlü məhsul istehsal etmək üçün  lazımi imkanlar yaranacaq. 

(ardı var) 
Səbuhi HƏSƏNOV

Nəşr edilib : 14.07.2023 18:47