AZ EN RU

Yeni Dövlət Proqramı Naxçıvan Muxtar Respublikasının dayanıqlı inkişafının təmin edilməsi istiqamətində dövlətin iqtisadi siyasətinin prioritet hədəflərini müəyyənləşdirir

    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayaraq 2004-cü ildən Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başlanılıb. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz ölkənin və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri olmuşdur. Bu istiqamətdə kompleks tədbirlər həyata keçirən ölkə Prezidenti demişdir: “Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var”. 
    Dövlətin regional sosial-iqtisadi siyasəti Naxçıvan Muxtar Respublikasını da əhatə edərək böyük uğurlar qazanılmasına imkan vermişdir. Muxtar respublikanın yerləşdiyi coğrafi ərazi onun iqtisadiyyatının xarici mühitdən təsirlənə bilməsi üçün geniş zəmin yaradır. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 
    Dövlət başçısı tərəfindən iyunun 5-də imzalanan Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” yaxın beş il ərzində bütün sahələrdə inkişafın perspektiv əsaslarını formalaşdırmaqla muxtar respublikanın yeni inkişaf mərhələsinin əsasını qoyur. Yeni Dövlət Proqramının qəbulu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova cavablandırır. 
    – Mehriban xanım, ilk olaraq bir mütəxəssis kimi Dövlət Proqramının qəbulunun hansı məqsədlərə söykəndiyi barədə fikirlərinizi bilmək istərdik...
    – Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd muxtar respublikada iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli 11 prioritet istiqaməti əhatə edir. Proqramın əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, geniş istiqamətli və zamanın tələblərinə uyğun olması ilə bağlıdır. Növbəti Dövlət Proqramında da aparılan siyasətin sosialyönümlü olması artıq bir ənənə halına çevrilmişdir. Yəni nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində xərclərin daha çox investisiya və sosial istiqamətdə yönəldiləcəyi diqqəti cəlb edir. Dövlət Proqramı muxtar respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması və dünyaya inteqrasiya olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayacaq ki, bu da bütövlükdə: respublikanın ümuminkişaf göstəricilərinə təsir edəcək. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionun inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis xidmətlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində muxtar respublikanın sosial-iqtisadi inkişafında əsaslı dönüş yaranacaq. 
    – Dərin elmi-nəzəri əsaslara, praktiki reallığa əsaslanan bu dövlət sənədində muxtar respublikanın mövcud sosial-iqtisadi vəziyyəti hərtərəfli təhlil olunub, zəif tərəflər, problemlərin həll edilməsi yolları aşkar edilərək konkret hədəflər müəyyənləşdirilib.
    – Muxtar müəllim, sizin də haqlı olaraq vurğuladığınız məsələ ilə bağlı deyə bilərəm ki, hər hansı bir regionun inkişaf prosesində iqtisadi amillərin mövcudluğu ilə mühüm irəliləyişlər əldə edilir və ümumilikdə, digər amillər də iqtisadi amillərdən asılı olaraq inkişaf edə bilir. Dövlət Pro­qramında təbii ehtiyatlar, investisiya və kapital yığılması, xarici ticarət, birbaşa xarici investisiyalar, texnologiya, infrastruktur, maliyyə inkişafı, iqtisadi artım, vergi kimi bütün iqtisadi faktorlar qiymətləndirilib, 2023-2027-ci illər ərzində muxtar respublikada kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılması xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərini özündə ehtiva edib. Yeni dövlət sənədində biznes infrastrukturunun müasir tələblər səviyyəsində formalaşdırılması, bazarda azad rəqabət prinsiplərinin qorunub saxlanılması, sahibkarlıq fəaliyyətinin informasiya təminatı sisteminin müasir tələblər səviyyəsində qurulması, ixracyönümlü məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi, istehsal olunan məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi üçün hədəf bazarlar üzrə çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması, məhsulun rəqabətqabiliyyətli olmasının təmin edilməsi, sahibkarlıq subyektlərinin iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması, gömrük rejiminin sadələşdirilməsi, ixracyönlü sənaye sahələri üzrə layihələrin hazırlanması və layihələrə investisiyaların cəlb edilməsi istiqamətində iş aparılması kimi tədbirlərin icra olunması proqramda öz əksini tapmışdır.
    – Mehriban xanım, məlumdur ki, ümumi daxili məhsul insanların yaxşı yaşaması üçün lazım olan əsas şərtlərdən biri kimi iqtisadi fəaliyyətin təkmilləşdirilmiş ölçüsüdür. ­Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində əsas yeri özəl sektor tutur. Bəs Dövlət Proqramında bununla bağlı hansı tədbirlərin görüləcəyi nəzərdə tutulub?
    – Zəruri məsələyə toxundunuz. Bildirmək istərdim ki, sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə istehsal və xidmət sahələrinin əhatə dairəsinin daha da genişləndirilməsi qarşıda duran vəzifələrdəndir. Dövlət Proqramının ən uğurlu istiqamətlərindən biri daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Cəmiyyətin müxtəlif tələbatlarının ödənilməsi, məhsuldarlığın əldə olunması və mənfəətin qazanılması üçün bütün istehsal amillərini sahibkarlıq fəaliyyəti birləşdirir və əlaqələndirir. Ümummilli Lider Heydər Əliyev də sahibkarlığın inkişafına böyük önəm verirdi: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Hər bir regionda uzunmüddətli və dayanıqlı iqtisadi yüksəlişin əsasını müəyyənləşdirən faktor kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sivilizasiyalı bazar iqtisadiyyatının formalaşmasının ən başlıca meyarlarından biri elə sahibkarlıq fəaliyyətidir. Muxtar respublikanın inkişafı, ilk növbədə, sahibkarlığın inkişafından asılı olduğu üçün qarşıdakı beşillikdə də bu fəaliyyətin dəstəklənməsi zəminində onların maliyyə təminatının artırılması və güzəştli kreditlərin verilməsinin davam etdirilməsi diqqət mərkəzində saxlanılacaq. ÜDM-in strukturunda ilk yerə sənaye sahəsinin sahib olması sənayeləşmə prosesinin davam etdirilməsi üçün geniş imkanlar yaradır. Muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar bu prosesin davamlılığına geniş baza yaratdığından yeni sənaye sahələrinin fəaliyyəti ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləmək, onun nəinki daxili bazara, həm də xarici bazara inteqrasiyasını təşkil etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Beşillik proqram təkcə yeni sənaye müəssisələrinin yaradılması deyil, həm də onların beynəlxalq standartlar və müasir texnologiyalar əsasında qurulmasını tələb edən sənaye parklarının yaradılması, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlamasının təmin olunması kimi məsələləri zəruri edir. Eyni zamanda mövcud istehsal sahələrinin potensialının qiymətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə istifadə olunması üçün məhsul istehsalının artırılması, infrastrukturun genişlənməsi kimi məsələlər proqramda öz əksini tapmışdır. 
    – Sənayenin strukturunda ilk yeri yeyinti sənayesi tutduğundan, bu sahənin inkişafı kənd təsərrüfatının da tarazlı şəkildə inkişafını stimullaşdırır. İstənilən ölkənin iqtisadi təhlükəsizliyi birbasa kənd təsərrüfatının dayanıqlı inkişafından asılıdır. Hələ iki min ildən artıq bundan əvvəl yunan filosofu Ksenofot kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı. Bu sahə insanlar üçün əsas ərzaq mənbəyi hesab edilir və əhalinin istehlak fondunun ən azı üçdə ikisi bilavasitə kənd təsərrüfatı məhsulları hesabına təmin olunur... 
    – Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə ölkələrin aqrar sektora ehtiyacı bir az da çoxalıb və ərzaq təhlükəsizliyi məsələsi qabarıq şəkildə hiss olunur. Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, həm də ekoloji tarazlığın qorunması istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı, qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır. Eyni zamanda kənd təsərrüfatı gəlirin, məşğulluğun və xarici ticarətin ən zəruri mənbəyi hesab edilir. 
    Dövlət Proqramında icra olunması yerli və xarici investisiyaların cəlb edilməsi ilə ərzaq məhsullarının istehsal həcminin artırılması, baytarlıq, texniki nəzarət, sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi, tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi, suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi, maliyyə dəstəyinin gücləndirilməsi, kənd təsərrüfatı malları bazarlarının qorunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və digər mühüm tədbirlərin reallaşdırılması qarşıya qoyulan məqsədə nail olunmasına əlverişli şərait yaradır. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görüləcək işlər regionun iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayacaq. Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur. Sahibkarlığın inkişaf etdirilməsi regionun vergi potensialının artmasına səbəb olduğu kimi, vergi güzəştləri də sahibkarlığın inkişafını stimullaşdırır və iqtisadi risklərin minimuma endirilməsini təmin edir. Muxtar respublikamızda aqroparkların yaradılması kənd təsərrüfatının sənayeləşməsini sürətləndirməklə ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, bitkiçiliyi, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı ilə məhsul istehsalının və məşğulluğun artmasına möhkəm zəmin yaradacaq.
    – İqtisadi inkişaf prosesinin təmin edilməsində iqtisadi, sosial və institusional strukturun əhəmiyyəti ilə yanaşı, iqtisadi inkişaf prosesində ticarətin inkişafının da böyük əhəmiyyəti vardır. Mehriban xanım, istərdim ki, bir iqtisadçı kimi Dövlət Proqramında nəzərdə tutulan bu məsələlərlə bağlı fikirlərinizi oxucularımıza çatdırasınız.
    – Qeyd edim ki, Dövlət Proqramında Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin, yaradılması, gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük zonasının yaradılması, ölkəmizin digər bölgələrindən hava yolu ilə muxtar respublikaya səfər edən fiziki şəxslər üçün idxal gömrük ödənişləri üzrə güzəştlərin tətbiq edilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, turistlərin cəlb edilməsi və iqtisadi aktivliyin artması ilə ticarətin inkişafına öz töhfəsini verəcək. Azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlərin görülməsi ticarət və logistika imkanlarının genişlənməsi və əlverişli biznes mühitinin yaranması ilə muxtar respublika iqtisadiyyatının inkişafına güclü təkan verəcək.
    İnvestisiya mühitinin formalaşmasında sağlam və sabit siyasi, iqtisadi və normativ-hüquqi mühit, şəffaflıq, proqnozlaşdırma, iqtisadi açıqlıq kimi amillər mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, investisiyaların cəlb olunması üçün xüsusi bir plan mövcud deyil və hər bir ölkə xüsusi şəraitinə əsaslanaraq, ehtiyac və imkanlarını nəzərə alaraq öz strategiyasını işləyib hazırlayır. İnvestisiya prosesi ölkənin gələcəyini formalaşdırır, rəqabət qabiliyyətini gücləndirir. İnvestisiyaların xüsusi çəkisi ümumi daxili məhsulda nə qədər çox olarsa, bu, iqtisadiyyatda müsbət nəticə kimi qiymətləndirilə bilər. Bu baxımdan proqramda nəzərdə tutulan yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görülməsi vacib əhəmiyyətə malikdir.
    – Davamlı inkişafın təmin edilməsi üçün təkcə iqtisadi artım deyil, eyni zamanda ətraf mühitin qorunması, əhalinin sağlamlığı, yüksək həyat şəraitinin təmin edilməsi, təbii və insan ehtiyatlarından səmərəli istifadə edilməsi, məşğulluq sisteminin inkişafı nəticəsində işsizlik və yoxsulluq səviyyəsinin aradan qaldırılması kimi sosial məsələlər vacib şərt hesab olunur. 
    – Muxtar müəllim, məsələ ilə bağlı əvvəlcə onu qeyd etmək istərdim ki, istehsal və xidmət müəssisələrinin çoxalması məhsul istehsalının həcmi və məşgulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir ki, bu da əhalinin maddi rifahını yaxşılaşdırır. Əhalinin həyat səviyyəsi istehsal edilən məhsul və xidmətin həcmi ilə ölçüldüyündən bu prosses sosial-iqtisadi inkişafla nəticələnir. Proqramda nəzərdə tutulan bütün istiqamətlərin son nəticəsi muxtar respublikada yeni iş yerlərinin yaradılması ilə əhalinin gəlirlərinin artmasına, əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə xidmət edir. Proqramın məqsədlərindən biri də əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi ilə əhalinin səmərəli məşğulluğunun inkişafına, əmək bazarının tələblərinə uyğun peşə hazırlığına, işaxtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsinə, əlillərin əmək bazarına inteqrasiyasının təmin olunmasına, onların məşğulluq səviyyəsinin artırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi muxtar respublikamızda səmərəli məşğulluq siyasətinin həyata keçirilməsinə və əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına böyük töhfə verəcək. 
    Əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətindəki məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi hər zaman insan inkişafına aparan yolda daha böyük nailiyyətlər əldə olunmasına əsas yaradır. Təkrar istehsal prosesində məhsul və xidmətlərin dəyərinin yaradılmasında istehsal faktorlarından biri olan kapital təkcə texnoloji avadanlıqları deyil, həm də bu avadanlıqları hərəkətə gətirib əlavə dəyər istehsal edən, onun işçi qüvvəsinin daşıyıcısı olan insan kapitalını da əhatə edir. Dünyanın görkəmli iqtisadçıları da belə hesab edirlər ki, əgər ölkələr bu gün keyfiyyətli insan, keyfiyyətli texnologiya, keyfiyyətli istehsal formuluna düzgün riayət etsələr, o zaman əsl inkişaf zirvəsini fəth edə bilərlər. İnsanların sağlamlığına və təhsilinə qoyulmuş investisiya insan kapitalının inkişafını şərtləndirən əsas amildir ki, insanın buna malik olması üçün, ilk növbədə, infrastrukturun yaradılması vacib şərtdir. Pro­qramda elmin, təhsilin və istehsalın inteqrasiyasının təmin edilməsi insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaradacaq, hazırda inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan muxtar respublikanın sosial-iqtisadi tərəqqisini təmin edəcək. 
    – Müsahibə üçün çox sağ olun.   

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti 

Nəşr edilib : 21.06.2023 15:47