AZ EN RU

Yeni Dövlət Proqramı muxtar respublika iqtisadiyyatının inkişafının dövlət tənzimlənməsini və yeni hədəfləri müəyyənləşdirir

    Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamla imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Proqram ölkəmizin yeni iqtisadi reallıqları nəzərə alınmaqla və muxtar respublikanın iqtisadi inkişaf potensialının və uzunmüddətli iqtisadi perspektivlərinin aktuallığı əsas tutulmaqla hazırlanmışdır.

    Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin olunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
    8 bölmədən ibarət olan proqramda muxtar respublikada əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı ətraf mühitin mühafizəsinin gücləndirilməsi, elektrik enerjisi istehsalının və ixracının artırılması və digər məsələlər özünə yer alıb. Bu isə yeni iqtisadi və sosial inkişaf mərhələsi üçün olduqca zəruridir.
    İşğaldan azad edilən ərazilərdə  bu gün həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır. 
    Yeni dövlət sənədində muxtar respublika iqtisadiyyatının mövcud vəziyyətinin təhlili aparılmış, əldə edilən nailiyyətlər əsaslandırılmış, mövcud çağırışlar nəzərə alınmaqla bir sıra tədbirlərin görülməsi məqsədəuyğun hesab olunmuşdur. Həmin sferada, iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, eləcə də regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması məsələlərinə yanaşma ortaya qoyulmuşdur. Sahibkarlıq fəaliyyətinin və biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabətin təşəkkülü, bank və sığorta sahəsindəki əlçatanlığın gücləndirilməsi və digər məsələlər proqramın aktuallığını artırmışdır. Bu məqsədlə “Lisenziyalar və icazələr portalı”nın fəaliyyətə başlaması, satınalmaların elektron portal vasitəsilə təşkili, sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid reyestrinin formalaşdırılması kimi proseslər də diqqətdə saxlanılmışdır.
    Eyni zamanda “ASAN xidmət”, “DOST” və digər mərkəzlərin fəaliyyətə başlaması və bu istiqamətdə dövlət xidmətlərinə əlçatanlığın təmin olunmasından, təbii ehtiyatlar hesabına hasilat sənayesinin perspektivliliyinin artırılmasından, yeni sənaye sahələrinin yaradılmasından, mövcud istehsal sahələrinin fəaliyyətinin daha da gücləndirilməsindən, həmçinin ayrı-ayrı sahələrdə güzəştlərin tətbiqinin nəzərdə tutulduğu sənaye zonasının yaradılmasından ibarət olan dayanıqlı sosial-iqtisadi inkişaf mühitinin təşəkkülü hədəflənmişdir.
    Dövlət Proqramında muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində əlaqəli tədbirlərin həyata keçirilməsi, bu sahədə cari potensialın qorunması və Günəş Elektrik stansiyalarının tikintisi və digər bu kimi təsisatların yaradılması nəzərdə tutulmuşdur.
    Yeni dövlət sənədinin mühüm hədəflərindən birini də muxtar respublikanın qaz təchizatının dayanıqlığının gücləndirilməsi kimi amillər təşkil edir. Bu məqsədlə muxtar respublikanın ərazisində Türkiyə sərhədinədək 18 kilometr uzunluğunda magistral boru kəmərinin çəkilməsi ilə Naxçıvan Muxtar Respublikasının Türkiyənin qaz şəbəkəsi ilə əlaqələndirilməsi daha aktual hesab olunmuşdur. 
    Bununla yanaşı, kənd təsərrüfatının önəmini nəzərə alaraq mövcud suvarma suyu şəbəkəsinin yenilənməsi nəzərdə tutulmuşdur. Müasir iqtisadi inkişaf baxımından aktuallığını artırmış olan çoxistiqamətli turizm infrastrukturunun təşəkkülü də diqqəti çəkir. Eyni zamanda vergi və gömrük güzəştləri müəyyən olunmaqla, rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi də yeni iqtisadi reallıqlar baxımından aktuallığı ilə seçilir.
    Muxtar respublika əhalisinin fiber-optik və mobil internet xidmətlərinə çıxış səviyyəsinin yüksəldilməsi və dayanıqlığının təmin olunması, kəndlərdə içməli su təminatının artırılması kimi tədbirlərin həyata keçirilməsi səmərəli hesab olunmuşdur. Həmçinin regionlararası iqtisadi-istehsal münasibətlərinin inkişafı məqsədilə yaranan nəqliyyat xərcləri üçün xüsusi güzəştlər sisteminin formalaşdırılması və bu zaman nəqliyyat infrastrukturunun etibarlılığının artırılması da strateji mahiyyət kəsb etməkdədir. 
    Burada, eyni zamanda yeni iqtisadi reallıqlar müstəvisində Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələdə əhalinin rifah göstəricilərinə, məşğulluq təminatının gücləndirilməsinə, muxtar respublika əhalisi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi arasında ikitərəfli ticarət münasibətlərinin inkişaf perspektivlərinə də təminat yaradılmış olacaq.
    Beləliklə, Dövlət Proqramı Naxçıvan Muxtar Respublikasının ölkənin uzunmüddətli milli iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində olduqca mühüm tərəflərinə görə seçilməkdədir. Həmin hüquqi və tarixi sənədin həyata keçirilməsi məqsədilə 11 maddədən ibarət olan Tədbirlər Planı da təsdiq edilmişdir. Müvafiq strukturların icrası əsasında nəzərdə tutulmuş olan həmin tədbirlər 2023-2027-ci illər ərzində muxtar respublika iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilmiş olacaq.

Cavadxan QASIMOV 
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 12.06.2023 20:33