AZ EN RU

Yeni Dövlət Proqramı geniş perspektivlər və böyük ümidlər vəd edir

    Tarixi ədalətsizlik nəticəsində ölkəmizin əsas hissəsindən ayrı düşmüş qədim Azərbaycan torpağı Naxçıvanın inkişafı, burada gedən sosial-iqtisadi proseslər həmişə diqqət mərkəzində olmuş, ölkəmizin dövlət müstəqilliyi illərində bu istiqamətdə zəruri dövlət tənzimləmələri həyata keçirilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərliyinin ilk illərindən başlayaraq ozamankı sovet dövlətinin sərhədyanı ucqar bölgəsi sayılan Naxçıvanın inkişafı üçün ciddi addımlar atılmış, sənaye müəssisələrinin yaradılması, ətraf mühitin qorunması, kənd təsərrüfatının, yol-nəqliyyat və enerji infrastrukturunun inkişafı üçün zəruri tədbirlər görülmüş, qədim diyarda turizmin gələcək inkişafı üçün təməllər atılmışdır. Naxçıvanın mədəni potensialının daha da inkişaf etdirilməsi üçün o zamanlar mövcud olmuş sovet blokadası məhz Ulu Öndərin öndərliyi ilə qırılmış, muxtar respublikaya mədəniyyət ustalarının səfərləri təşkil olunmuş və burada fəaliyyət göstərən mədəniyyət və incəsənət xadimlərinin ölkəmizin və dünyanın müxtəlif yerlərinə səfərləri reallaşdırılmışdır. Ozamankı inkişafının ən yüksək mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, idman və bədən tərbiyəsi kimi mühüm sosial sahələrdə görünməmiş səviyyə əldə olunmuş, ucqar kəndlərdə xəstəxanalar yaradılmış, belə yaşayış məntəqələrində yüzlərlə şagirdin təhsil aldığı orta məktəblərdə hər il ən azı “A” və “B” sinifləri üzrə məzunlar buraxılmış, əhali artımında yüksək nəticələr əldə olunmuşdur. 

    Lakin sovet dövlətinin çökməsi və müstəqil ölkəmizin dərhal düşmən təcavüzünə məruz qalması ilə nəticələnən dağılma prosesləri bütün iqtisadiyyatda və sosial mədəni sahələrdə ciddi problemlər yaratmış və blokada vəziyyətinə düşmüş Naxçıvan uzunmüddətli tənəzzül dövrünə girmişdir. Bununla da, indinin özündə də Bakıya və ölkəmizin digər yerlərinə gediş-gəlişlərdə davam edən çətinliklər kimi bir sıra problemlər hələ də qalmaqda, nəqliyyat, logistika, getmə və gəlmə turizmi sahəsində bunlar açıqca hiss olunmaqdadır. Bununla yanaşı, 1990-cı illərin əvvəllərində Ulu Öndərin Naxçıvandakı yorulmaz fəaliyyəti sayəsində bir çox fəlakətlərdən xilas olmuş muxtar respublika əhalisi daha sonrakı dövrlərdə də ölkə rəhbərinin daim diqqət və qayğısı ilə bütün çətinliklərin öhdəsindən gəlmişdir. Artıq Naxçıvan möhkəm müdafiə olunan, ərzaq və enerji təhlükəsizliyi sahəsində tam təmin edilən bir regiona çevrilmiş, Qarabağın düşmən işğalından sonra yaranmış yeni geostrateji reallıq fonunda Zəngəzur dəhlizi üzərində ən aparıcı arteriyalardan biri halına gəlmişdir. Yaranan bu reallıq Naxçıvanın hərtərəfli inkişafı üçün daha da geniş perspektivlər açmaqla qarşıdakı dövr üçün ölkə rəhbərliyinin də diqqətini cəlb etməkdədir. Cari ilin 5 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, bu mənada, Naxçıvan iqtisadi regionunun yaxın gələcəkdə ölkəmizin digər regionları ilə daha sıx inteqrasiya olunması, iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi kimi vacib məsələlərinin həllini özündə ehtiva edir. Olduqca geniş və əhatəli hazırlanmış, müasir dünyadakı qlobal trendləri, eləcə də ölkəmizin milli xüsusiyyətləri və Naxçıvanın yerləşdiyi coğrafi mövqeyi nəzərə alınmaqla hazırlanan bu vacib dövlət sənədinə regionda dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, bölgə əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmətləri, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə edilməsi, habelə təmiz enerji texnologiyalarının tətbiqi, iqtisadi inkişafı və insan rifahını dəstəkləyən keyfiyyətli və möhkəm infrastrukturun qurulması, habelə ekoloji ekosistemlərin dayanıqlığının təmin edilməsi kimi beynəlxalq inkişaf prioritetləri daxil edilmişdir. Bu prioritetlər istiqamətində qarşıya qoyulmuş hədəflər isə Dövlət Proqramında ciddi analitik təhlillə ifadə olunaraq aidiyyəti qurumlar qarşısında konkret vəzifələr kimi göstərilmişdir. 
    Dövlət Proqramının təsdiq olunması haqqında Prezident Sərəncamında Naxçıvanda arzuedilən nəticələrə nail olmaq üçün əldə olunmuş nailiyyətlər fonunda gələcəkdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlər kimi ifadə olunmuşdur. Şübhəsiz, Dövlət Proqramının qarşıya qoyduğu vəzifələri tam olaraq görə bilmək, burada tələb olunan həllivacib məsələləri lazımınca mənimsəmək üçün bu sənəddə kifayət qədər başlıq və yarımbaşlıqlarda konkret müddəalar vardır. Ancaq burada məhz Prezident Sərəncamında da qeyd olunduğu kimi, muxtar respublikanın kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi ilkin müddəa olaraq diqqəti cəlb edir. Bu da təsadüfi deyildir, çünki Naxçıvanın aqrar region olması, buradakı sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün tədbirlər görülməsi, əhalinin iri şəhərlərə məqsədsiz miqrasiyasının qarşısının alınması, yerlərdə yeni iş yerlərinin yaradılması kimi qlobal trendlərə uyğun siyasət aparılması bu sahədə qarşıya qoyulmuş ciddi vəzifələrdəndir. Bu bir reallıqdır ki, hələ də Naxçıvanda kənd təsərrüfatı məhsullarının emalı və onların standartlara uyğun şəkildə daxili bazarlarda satışı və ixracı istiqamətində müəyyən problemlər qalmaqdadır. Naxçıvanın yüksək keyfiyyətli orqanik ət və süd məhsullarının əksər hissəsinin müasir alıcının tələbatlarına cavab vermədən hələ də kustar üsulla emal və qablaşdırılma ilə alıcıya təklif olunması həm istehsalçı, həm də istehlakçılara zərər vurmaqdadır. Bu gün Naxçıvana gələn turistlər yerli məhsulların satıldığı bazarlarda bunları gördükdə təəssüflərini gizlətmirlər. Nəticədə, onsuz da əl əməyinin yüksək olduğu, əsasən, ekstensiv məhsuldarlıqla yekunlaşan ucqar kəndli əməyi son məhsulun bu şəkildə dəyər qazanmasından daha da çox itirir. Qəssab dükanlarında ətin qiymətinin paytaxt Bakı ilə müqayisədə ən azı 20 faiz ucuz olduğu Naxçıvanın marketlərində satılan konservləşdirilmiş ətin, qablaşdırılmış pendirin, xamanın və kərə yağının, demək olar ki, tamamən idxal mənşəli olması, südün isə haradan gəldi tapılıb toplanılan və hijyenik vəziyyəti həmişə alıcıda şübhə doğuran işlənmiş plastik su butulkalarına doldurulub satılması, kəsilmiş heyvan dərisinin bir manata belə satılmaması bu sahədə nə qədər boşluqların olduğundan və eləcə də yeni bazar imkanlarının mövcudluğundan xəbər verir. Eyni vəziyyəti meyvəçilik və tərəvəzçilik sahəsində də görmək olar. Son dövrlərdə həm mövsümdə, həm də qeyri-mövsümdə Naxçıvan bazarında alıcılar üçün uyğun qiymətə satılan Quba alması, Cəlilabad kartofu, Qazax pomidoru və Xaçmaz tomatının yerli məhsullarla müqayisədə daha rəqabətqabiliyyətli olması, bu mənada, düşündürücüdür. Qiymətlərə gəldikdə isə artıq qızmar iyul ayında Naxçıvan bazarında satılan tərəvəz məhsullarının ölkəmizin digər yerləri ilə müqayisədə azı 2,5 dəfə baha olması təhlil və proqnozlaşdırma işi ilə məşğul olan iqtisadçı məmurların, yəqin ki, diqqətindən qaçmamışdır. 
    Kəndlərdə yeni iş yerlərinin yaradılması, kəndlinin sahib olduğu torpaqlardan daha çox faydalanması insanların bu ərazilərdə daim məskunlaşmasında əsas faktorlardan biri olduğundan yuxarıda qeyd olunanların, bu mənada, diqqətdə saxlanılması da təsadüfi deyildir. Eləcə də kənd yerlərində, xüsusən ucqar yaşayış məntəqələrində gənclərin asudə vaxtının təşkili, onların sosial həyatının zənginləşdirilməsi, ucqar kəndlərlə rayon mərkəzləri və Naxçıvan şəhəri arasında müntəzəm sərnişin nəqliyyatının qaydaya salınması ailələrin şəhərə köçünün qarşısının alınmasında həllivacib məsələlərdəndir. 
    Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri Naxçıvanda azad iqtisadi zonanın yaradılmasıdır. Azad iqtisadi zonalar yaradıldığı regionda biznesin və ümumilikdə, iqtisadi fəallığın artırılması baxımından əlverişli fürsətlər yaradır. Bu mənada, gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana gəliş-gedişlərin daha da asanlaşması nəticəsində bölgəyə səfər edəcək olan insanların burada sərfəli qiymətlərlə alış-veriş etmələri, eyni zamanda yeni iş yerlərinin açılması və əhali gəlirlərinin artırılması perspektivlərindən xəbər verir. Bu mənada, yeni imkanlar baxımından Naxçıvanda turizmin inkişafının keyfiyyət mərhələsinə keçəcəyini ümid etmək olar. Belə ki, hava yolu ilə gediş-gəlişlərin həm əziyyətli, həm də baha olduğu indiki şəraitdə Naxçıvana səfərlərin çətinliyi ilə yanaşı, buradakı zəngin turizm ehtiyatlarının hələ də tam gücü ilə həm də dayanıqlılıq prinsiplərinə uyğun şəkildə istifadə olunmaması əlaqədar qurumlar qarşısında ciddi vəzifələr şəklində durmaqdadır. Xüsusən Naxçıvanda təbiət abidələri və təbii rekreasiya obyektlərindən istifadədə yeni yanaşmalar tələb edir və tarixi-mədəni potensialın turistlərə təqdimatında müəyyən problemlər qalmaqdadır. Naxçıvanda fəaliyyət göstərən muzeylərin bayram günlərində hələ də bağlı qalması kimi nədənsə həll oluna bilinməyən məsələ, əsasən, həmin günlərdə regionumuza səyahət edən yerli və əcnəbi turistlərin narazılığını yaratmaqda, bu müəssisələrə girişlərin hələ də pulsuz olması isə onların gəlirlərinin itirilməsinə səbəb olmaqdadır. Eləcə də turistlərə xidmət göstərən servis heyəti üzvlərində, xüsusən restoran heyətindəki qeyri-peşəkarlıq çox zaman qonaqların diqqətindən yayınmır. Bu da, öz növbəsində, təklif edilən xidmətlərin əlavə dəyər qazanmadan keyfiyyətsiz göstərilməsinə səbəb olur. Bununla yanaşı, Naxçıvanda daxili turizmə marağın artması, xüsusən kənd yaşıl turizminə dağ kəndlərində yaşayan insanların marağının artması bu sahədə perspektivləri artıran güclü tərəflərdəndir. 
    Təmiz ekoloji şərait insanların sağlam həyatı üçün ən vacib şərtlərdən biridir. Bu mənada, tullantılı sənayenin çox az olduğu Naxçıvanda axar su hövzələrinin, yaşıllıq ərazilərinin və ümumilikdə, bütün ərazinin məişət və təsərrüfat tullantıları ilə çirkləndirilməməsi üçün nəzarət və maarifləndirmə işləri həmişə öz aktuallığını qoruyur. Xüsusilə suvarma suyunun çox qiymətli olduğu Naxçıvanda inşaat və təmir işləri zamanı çoxillik ağacların yerli-yersiz kəsilməsi, yeni salınan yaşıllıqların işə vaxtında suvarılmaması hələ də müşahidə olunur. Şahbuz və Ordubadın ekoloji təmiz dağlıq ərazilərində təbii ekosistemin, xüsusilə də nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunması ilə yanaşı, dərman bitkilərinin biznes məqsədilə toplanılıb kökünün kəsilməsi, çöl donuzları kimi sürətlə artan vəhşi heyvanların digər populyasiyaları sıxışdırıb çıxarmasına və kənd təsərrüfatına ciddi ziyan vurmasına göz yumulması da ekoloji vəziyyətə məsuliyyət daşıyanlar tərəfindən ötən dövrdən Naxçıvana miras qalan problemlərdəndir. Bu sahədə elmi əsaslarla ekoloji monitorinqlərin aparılması, axar su hövzələrinə məişət və təsərrüfat tullantılarının atılmaması, təbii ekosistemin olduğu kimi qorunması, bu sahədə iqtisadi fəaliyyət və cəmiyyət maraqlarının daha rasional uyğunlaşdırılması da müasir dövrün tələblərindədir. 
    Enerji ilə təminat Naxçıvanın blokadaya düşməsi ilə özünü göstərən ən kəskin problemlərdən biri olmuşdur. Ötən dövrdə muxtar respublikada həyata keçirilmiş tədbirlər enerji təhlükəsizliyi sahəsində diversifikasiyanı dərinləşdirilmiş, Naxçıvan ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində güclü potensiala qovuşmuşdur. Hazırda dünyadakı qlobal trendlərə uyğun olaraq ölkəmizin digər yerlərində, xüsusən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Naxçıvanda da alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində yeni layihələrin həyata keçiriləcəyi gözlənilir. Naxçıvanda artıq müsbət təcrübə qazanılmış Günəş, külək elektrik stansiyaları ilə yanaşı, yaxın gələcəkdə Avropada geniş yayılmış bioqaz istehsalı da ucqar dağ kəndlərində fərdi evlərin belə yanacaq növü ilə təminatında mühüm startap layihələri ola bilər. 
    Gənclərin təhsili sahəsində qarşıya qoyulmuş vəzifələr hər dövr üçün aktual olub, cəmiyyətin əsl vətənpərvər insan yetişdirmək kimi prioritetinin ana başlıqlarındandır. Bu mənada, ölkəmizdə aparılan təhsil islahatları gənclərin və valideynlərin qarşılaşdıqları çətinliklərin həll olunması, eləcə də elm və təhsil ictimaiyyətinin Avropa standartlarını mənimsəməsini özündə ehtiva edir. Təhsildə şablonçuluqdan, nəhayət ki, xilas olub işə məntiqi təfəkkür və yaradıcı münasibət göstərməklə hər kəsin qabiliyyətinə görə layiqli vəzifə tutmasının bütün cəmiyyət üçün faydalı olacağının dərk edilməsi, bu mənada, aparılan islahatların təkcə institusional deyil həm də düşüncə səviyyəsində həyata keçirilməsi zərurətini yaradır. Bu mənada, muxtar respublikanın gələcək inkişafını təmin edəcək insan kapitalının yetişdirilməsi qarşıdakı dövrdə təkcə təhsil sektorunun deyil, bütün ictimaiyyətin üzərinə düşən vəzifə kimi diqqəti cəlb edir. 
    İqtisadiyyatın dövlət tənzimlənməsi həmişə öz aktuallığını qoruyan məsələlərdəndir. Bu istiqamətdə qəbul olunan regional inkişaf proqramları dövlətin ali məqsədlərə çatmaq üçün qarşıya qoyulmuş vəzifələrinin yerinə yetirilməsinin bir növ yol xəritəsi kimi hər kəsə gedəcəyi yola işıq tutan, eyni zamanda daşıdığı məsuliyyəti də xatırladan ciddi bir sənəddir. Bu mənada, yeni Dövlət Proqramı Naxçıvan Muxtar Respublikasının yaxın gələcəkdə daha da inkişafının təməli olacaq, yeni perspektivlər doğuracaqdır. 

Əli CABBAROV

Nəşr edilib : 04.07.2023 20:05