AZ EN RU

Yeni Dövlət proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları kimi yeni hədəflərə hesablanıb

Muxtar respublikada da dünya təhsil sisteminə inteqrasiya prosesi uğurla həyata keçirilir

    Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli ideologiya işığında sürətlə irəliləyən ölkəmiz bu gün iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlər sırasındadır və Azərbaycan regionun təhlükəsizlik qarantıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, müsbət imici formalaşıb. Artıq Azərbaycan deyəndə, sadəcə, bir neft ölkəsi deyil, tolerant bir cəmiyyət, güclü iqtisadiyyata malik etibarlı tərəfdaş başa düşülür. Əldə olunan bütün nailiyyətlərdə gənclərin də rolu xüsusi vurğulanmalıdır. Bu da onunla bağlıdır ki, ölkəmizdə onların hərtərəfli inkişafı prioritet vəzifələr sırasındadır və bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alaraq öz bəhrələrini verir.

    Bir qədər əvvələ qayıtsaq görərik ki, 2003-cü ildən sonrakı dövrdə Prezident cənab İlham Əliyev gənc­lər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi; Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənc­lər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənc­lər yerinə yetirdilər. Ölkə başçımız 2 fevral 2022-ci ildə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda demişdir: “... Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənc­lər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

    Bu gün ölkəmizdə gənclərin inkişafına göstərilən diqqətin nə qədər yüksək olduğu digər ölkələrin gənclər siyasəti ilə müqayisə zamanı aydın görünür. Məhz bu səbəbdəndir ki, gənclər siyasətində Azərbaycan modeli yaranmağa başlayıb. Bu model resursların səmərəli və düzgün formada insan kapitalının inkişafına yönəldilməsi üzərində qurulub. Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin avqustunda təsdiq etdiyi və icrası uğurla başa çatmış “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə (2007-2015-ci illər) Dövlət Proqramı”nın, 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramının qəbul edilməsi, yüksək nailiyyətlər qazanmış gənclərin əməyinin qiymətləndirilməsi məqsədilə müxtəlif mükafatların təsis edilməsi, gənclərin forumlarının, tələbələrin və yaradıcı gənclərin ümumrespublika toplantılarının keçirilməsi, gənc liderlər məktəbinin yaradılması, gənc ailələrə və hərbi qulluqçulara ipoteka kreditlərinin verilməsi və sair kimi layihələrin reallaşdırılması dövlət gənclər siyasətinin ən mühüm tərkib hissəsi kimi gənclərin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Prezident cənab İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nın, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamları dövlət siyasətində davamlılığın, sistemli və kompleks yanaşmanın təzahürüdür.
    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənc­lərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” da xüsusi əhəmiyyət kəsb edir. Yeni Dövlət pro­qramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir.
    Dövlət proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə, 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilməsi nəzərdə tutulur.
    Dövlət proqramında cəmiyyətin prioritet istiqamətlər üzrə bilik, bacarıq və səriştələrə malik peşəkar kadrlara olan tələbatının təmin edilməsi, istedadlı gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafı üçün zəruri olan müasir səriştələrə yiyələnməsi üçün nüfuzlu xarici ali təhsil müəssisələrindəki təhsil pro­qramlarına yönəldilməsi, gənclərin xarici ölkələrdə təhsil almalarına dövlət dəstəyinin davam etdirilməsi və bununla bağlı səmərəli maliyyələşmə mexanizminin yaradılması, istedadlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsilinin stimullaşdırılması, Dövlət proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğu üçün imkanlar yaradılması əsas məqsədlər kimi nəzərdə tutulmuşdur. 
    Beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmış Dövlət proqramında müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmişdir. 
    Prioritet istiqamətlər üzrə ixtisas sahələrinin, prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının, Dövlət proqramında iştirakın seçim meyarlarının və prosedurlarının, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların, Dövlət proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması və sair kimi məsələlər proqramda əsas istiqamətlər kimi müəyyən edilmişdir.
    Proqramın vacib və aktuallığı isə belə əsaslandırılmışdır: “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar bir sıra ixtisaslar, o cümlədən informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, ətraf mühit, nəqliyyat, energetika, təhsil, ictimai səhiyyə və sair sahələr üzrə kadr hazırlığına olan tələbatı qarşılamaq üçün xaricdə təhsil proqramlarının reallaşdırılması vacibdir. 
    44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ən müasir texnologiyalar tətbiq edilməklə yaradılacaq infrastrukturun idarə edilməsi üçün yüksək bacarıqlara malik insan kapitalının formalaşdırılması zərurəti də xaricdə təhsil imkanlarından istifadəni aktuallaşdırır”.
    Dövlət proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənc­lərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğunun təmin olunması xüsusi diqqətdə saxlanılacaq, bu prioritet istiqamətin reallaşdırılması üçün ehtiyac duyulan sahələr üzrə iş təkliflərinin verilməsi və karyerada yüksəliş mexanizmi hazırlanacaq, dövlət orqanlarında bu Dövlət proqramı çərçivəsində məzun olmuş şəxslərin işlə təminatına üstünlük veriləcəkdir. 
    Sevindirici haldır ki, ölkəmizdə sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində qəbul edilən proqramlar, sərəncamlar Naxçıvan Muxtar Respublikasında da uğurlu və sistemli şəkildə reallaşdırılır. Muxtar respublika gəncliyi gənclər siyasətinin ətrafında sıx birləşərək, bilik və bacarıqlarını nümayiş etdirərək sosial iqtisadi, mənəvi-mədəni sahələrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti yolunda ölkə­mizin uğurlu addımlar atmasında yaxından iştirak edirlər. 
    Bu günün reallığıdır ki, Naxçıvanda təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızın hər bir guşəsində yeni məktəblər inşa edilir. Ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi, bütövlükdə, ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Muxtar respublika məktəbliləri fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha da çox nailiyyətlər əldə edir, müxtəlif səviyyəli bilik yarışlarında, buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanırlar. Təhsilin keyfiyyəti müasir çağırışlara uyğunlaşdırılır, xüsusilə də inteqrasiya meyilləri getdikcə gücləndirilir.
    Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi də şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltməyə və fənlər arasındakı fərqi aradan qaldırmağa və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməyə xidmət edir. Bir sözlə, STEAM təhsil metodu şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirməklə yanaşı, həmçinin tənqidi düşünmə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etmək istedad və qabiliyyətini də ortaya qoyur.
    Yüksək qayğının nəticəsidir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən qəbul imtahanlarında məzunların ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə qəbul göstəricisinə görə muxtar respublikamız illərdir, öncül sırada yer alır. Ötən illər ərzində istər buraxılış imtahanlarında, istərsə də qəbulun II mərhələsində bölgələr üzrə ən yaxşı göstərici, yəni lider mövqe Naxçıvan Muxtar Respublikasına – Ordubad, Şahbuz, Kəngərli rayonlarına və Naxçıvan şəhərinə məxsusdur. Yüksək bal toplayan tələbələr siyahısında ilk beşlikdə də muxtar respublikanın 2 yaşayış məntəqəsi dayanır.
    Bütün bunlar muxtar respublika gəncliyinin dünya təhsilinə inteqrasiya olunmuş səviyyədə hazırlanmasına xidmət edir. Nəticədə, orta məktəblərdə muxtar respublika gənclərinin gələcəkdə xaricdə tələbə kimi təhsil almalarının təməli qoyulur. 
    “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi Prezident cənab İlham Əliyevin ölkəmizin uzaq hədəflərinə hesablanmış səmərəli siyasət kursu həyata keçirdiyini bir daha təsdiqləyir. 

    Bütün ölkə gəncləri kimi muxtar respublika gəncləri də yeni hədəflərə hesablanmış Dövlət proqramının həyata keçirilməsində yaxından iştirak edərək indiyə qədər qazanılmış nailiyyətlərin daha da möhkəmləndirilməsinə və geniş miqyas almasına öz töhfələrini verəcəkdir.

Arzu ABDULLAYEV
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti
 ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 03.03.2022 20:15