AZ EN RU

Yeni dərs vəsaitinin təqdimatı keçirilib

     Naxçıvan Dövlət Universiteti Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva və Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Elmira Əliyevanın həmmüəllifi olduqları “Cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşma xüsusiyyətləri” adlı dərs vəsaitinin təqdimatı olub. 
     Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi Orxan Cəfərov tədris prosesində rast gəlinən ədəbiyyat çatışmazlığı probleminin son illər aradan qalxdığını və müxtəlif ixtisaslar üzrə sanballı əsərlərin nəşr olunduğunu bildirib. 
    Təqdim olunan kitabın elmi redaktoru, Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva dərs vəsaitinin tibb elminə gətirdiyi fayda və yeniliklərdən danışıb. Ümumi təbabət və klinik fənlər kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev yeni nəşrin elmi əhəmiyyətliliyindən bəhs edib. 
    Mama-ginekologiya ixtisası üzrə V kurs həkim rezident Sevər Nemətova bildirib ki, elmi-kütləvi nəşrlərin hazırlanması əhalinin reproduktiv sağlamlıq vəziyyətinin yüksəldilməsinə və sonsuzluğun aradan qaldırılmasına xidmət edir.
    Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov bəhs olunan mövzuya həsr olunmuş belə bir dərs vəsaitini ərsəyə gətirən müəlliflərə minnətdarlığını bildirərək yeni uğurlar arzu edib.
    Daha sonra müəllifin ürək sözləri dinlənilib. 
    Sonda fakültənin fəal tələbələrinə müəllif tərəfindən kitab təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.12.2022 20:02