AZ EN RU

Yeni dərs ilinin astanasındayıq

    Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşəkar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir.  Hər kəsin şəxsiyyət kimi cəmiyyətdə mövqe tutmasında təhsilin böyük önəmi vardır. Azərbaycanda təhsilin inkişafına göstərilən qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir. Bu sahənin hərtərəfli inkişafı istiqamətində atılan mühüm addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaratmaqla bərabər, daha intellektli nəsillərin yetişdirilməsinə öz töhfəsini verir. 

    Təhsilimizin himayədarı olan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Təsadüfi deyil ki, bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, övladlarımızın işıqlı gələcəyi naminə uğurlu addımlar atılır, ən əsası dahi rəhbərin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində həyata keçirilən işlər, icra edilən Dövlət proqramları təhsil sistemində daha yüksək nəticələrin qazanılmasına şərait yaradır. Bu da, şübhəsiz ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə öz töhfəsini verir.
    Ölkə başçısının digər regionlar kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafına göstərdiyi qayğı və bu kontekstdə görülən işlər, qazanılan uğurlar hər birimizi bu prosesin şahidinə çevirib. Təkcə bir faktı qeyd edək ki, 2022-2023-cü tədris ilində 13 təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Hazırda 6 təhsil müəssisəsinin tikintisi və yenidən qurulması işləri davam etdirilir. 
    Bu gün təhsil pillələri üzrə müasir texnologiyaların tətbiqi, 5785 kompüter və 676 elektron lövhənin, STEAM kabinələrinin qurulması, xarici dillərin tədrisi imkan verir ki, muxtar respublika gəncləri ixtisaslı kadr kimi formalaşsınlar. Yaradılan şərait isə öz bəhrəsini verməkdədir. Məlumat üçün deyək ki, ötən il ölkə üzrə ən yüksək qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub. Ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə ilk onluqda muxtar respublikanın altı şəhər və rayon təhsil şöbəsi yer alıb. 
    Artıq yeni dərs ilinin başlanmasına bir gün qalır. Məlum olduğu kimi, uzun illərdir, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. Ötən illərdən fərqli olaraq bu ildən məktəblilər yeni geyim formalarını da ala biləcəklər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların  geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideynlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu məcburi deyil və valideynlərin öz arzusu ilə ola bilər. Cari il üçün ümumtəhsil məktəblərində hər iki geyim formasından da istifadəyə icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə artıq məcburi olacaqdır. 
    Təqdirəlayiq haldır ki, övladlarımızı vahid geyim formasında təhsil almağa göndərə bilirik. Vahid forma ilə məktəbə gəlmiş şagird mənim paltarım “səninkindən”, sənin paltarın “mənimkindən” daha qəşəngdir sözünü deyə bilmir. Bu da, hər şeydən əvvəl, şagirdlərin cəmiyyətdə özlərinə qarşı hörmət hissi ilə yanaşmasında, mühüm əhəmiyyət kəsb edir. Məktəbli formasının olması uşaqlar arasında sosial bərabərliyi yaratmaqla yanaşı, onların dərsə olan maraqlarına da təsir edir və artıq şagirdlərin geyimlərini yoldaşları ilə müqayisə etməsinə ehtiyac qalmır. Məktəblilərin vahid forma geyinməsi, həm də onların bərabərliyinin təminatından xəbər verməklə bir-birlərinə münasibətlərinə də təsir edir.  
    Onu da qeyd edək ki, hər il olduğu kimi, yeni tədris ili ərəfəsində də Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kitab Evi” sərgi-satış mərkəzində ənənəvi məktəbli yarmarkası təşkil olunub. Yarmarkanın təşkil edilməsində məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını sərfəli qiymətlərlə əldə edə bilmələrinə xidmət edir.
    Son olaraq qarşıdan gələn yeni tədris ili münasibətilə müəllim və şagird kollektivini təbrik edir, uğurlarınızın sonsuz olmasını diləyirik.

Nuray ƏSGƏROVA

Nəşr edilib : 13.09.2023 19:14