AZ EN RU

Yeni çağırışlara əsaslanan mütərəqqi ədliyyə islahatları ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir


22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür

    Respublikamızın hüquq sistemində mühüm yeri və rolu ilə seçilən ədliyyə orqanları mövcudluğunun bütün mərhələlərində xalqa və dövlətə layiqli xidməti özünün əsas fəaliyyət prinsipinə çevirmiş, vətəndaşların qanuni mənafelərini hər zaman uca tutmuşdur. 

    Yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz ədliyyə orqanları mövcudluq tarixinin sərt sınaqlarından üzüağ çıxaraq qarşısında duran vəzifələri şərəflə yerinə yetirmiş və müstəqil respublikamızın mühüm dövlət təsisatlarından birinə çevrilmişdir. Azərbaycanda digər sahələrdə olduğu kimi, ədliyyə sistemində də ardıcıl, sistemli islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. 
    Ulu Öndərin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi 22 noyabr tarixi ədliyyə işçilərinin Peşə Bayramı Günü kimi təsbit edilmişdir. Ölkəmizdə ədliyyə sisteminin inkişafına hüquqi dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsi kimi yanaşan Ümummilli Liderin həmin Sərəncamı həm də tarixi irsimizə, ehtiramın ali təzahürü olmuşdur. 

    Azərbaycan ədliyyəsinin tarixi 1918-ci il mayın 28-dən – Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixi bir gündə, eyni zamanda Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
    Azərbaycanda Ədliyyə Nazirliyinin yenidən, eyni zamanda əsaslı surətdə təşkili, ədliyyə orqanlarının cəmiyyətdəki layiqli yerinin təmini isə məhz Ümummilli Lider Heydər Əliyevin 1969-cu ilin iyul ayında respublika rəhbərliyinə gəlişindən sonra mümkün olmuşdur. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı əsasında Azərbaycan SSR-in Ədliyyə Nazirliyi, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli, 6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR-in Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur. Beləliklə, Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaradılmışdır. 
    1990-cı ilin iyununda Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana – Naxçıvana dönüşü, ümumən, respublikada milli azadlıq mübarizəsinə yeni təkan vermiş, dövlət müstəqilliyinin bərpasına xidmət edən hüquqi qərarların qəbulu prosesini sürətləndirmişdir. 
    Xalqın təkidli istəyi ilə 1993-cü ilin 9 iyununda Naxçıvandan Bakıya qayıdan Ümummilli Liderin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri, həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, davamlı inkişaf və tərəqqi üçün etibarlı zəmin hazırlamışdır.
    Ümummilli Lider Heydər Əliyev bu mərhələdən etibarən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi və demokratik dövlətdə layiqli yerini tutması üçün əlindən gələni əsirgəməmiş, ədliyyə orqanlarının fəaliyyətinin yeni dövrün çağırışlarına adekvat şəkildə müasirləşdirilməsini zəruri saymışdır. Heydər Əliyevin təşəbbüsü ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nazirliyin səlahiyyətlərini genişləndirmiş və cəmiyyətdə rolunu artırmışdır.
    Keçmiş MDB-də ilk olaraq Azərbaycanda istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. Ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin ibtidai istintaqının aparılması, bütün qeyri-tibbi məhkəmə ekspertizalarının həyata keçirilməsi, Azərbaycan Respublikası adından xarici dövlətlər və beynəlxalq təşkilatlarla hüquqi sahədə əməkdaşlıq üzrə müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən ekstradisiya və digər məsələlərin həlli Ədliyyə Nazirliyinə tapşırılmışdır. 
    2000-ci ildə iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı – Notariat və VVADQ orqanlarında da köklü dəyişikliklər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodoloji yardımın göstərilməsi Ədliyyə Nazirliyinin funksiyalarına aid edilmişdir. 
    Ümumiyyətlə, 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu artmışdır. 
    Xüsusi vurğulamaq istərdik ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə əlavə səlahiyyətlər verilmişdir. 
    Ümummilli Liderin ən layiqli siyasi davamçısı – Prezident cənab İlham Əliyevin ötən 20 ildə imzaladığı mühüm fərman və sərəncamlar, Dövlət proqramları ədliyyə sisteminin işinin əhəmiyyətli dərəcə təkmilləşməsini, keyfiyyətcə yeni dövrün tələbləri səviyyəsində qurulmasını təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi, nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusunun verilməsi onun roluna verilən yüksək qiymət olmuşdur. 
    26 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanun isə ədliyyə qulluqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən əhəmiyyətli sənədlərdən olmuşdur. 
    Dövlətimizin başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərmanı isə Azərbaycan ədliyyəsi üçün mühüm və proqram xarakterli sənəd olaraq nazirliyin strukturunda yeni dövrün tələblərindən irəli gələn dəyişikliklərin edilməsinə, bir sıra qurumların funksiyalarının dəqiqləşdirilməsinə imkan yaratmışdır. 
    Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciətetmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 10 regional ədliyyə şöbəsi yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Proqramla ədliyyə sahəsində islahatların davam etdirilməsi, bu sahədə inkişafın təmin edilməsi, ədliyyə sistemində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkili, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi və digər mühüm hədəflər uğurla reallaşdırılmışdır. 
    Onu da qeyd etmək lazımdır ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə sistemində islahatlar üçün də “yol xəritəsi” rolunu oynayaraq, ədliyyə orqanlarının fəaliyyətində müəyyən yeniliklərə hüquqi zəmin yaratmışdır.     Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva son 19 ildə aztəminatlı, həssas təbəqələrdən olan insanların hüquq və azadlıqlarının müdafiəsi, sosial problemlərinin həlli istiqamətində müstəsna xidmətlər göstərir. 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. 
    İnsan amilini daim uca tutan Prezident cənab İlham Əliyevin vətəndaş məmnunluğuna xidmət edən siyasətinin mahiyyətinə uyğun olaraq milli ədliyyə sistemi yeni dövrün çağırışlarına uyğun müasirləşdirilir, ədliyyə orqanlarının fəaliyyətində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi xüsusi diqqət mərkəzində saxlanılır. “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara hazırda 30-dan çox müxtəlif elektron xidmətlər göstərilir. Son illərdə reallaşdırılmış “Elektron notariat”, “Elektron icra” “Mobil notariat”, “Mobil əhali”, habelə məsafədən ədliyyə xidmətlərinin göstərilməsini təmin edən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) kimi innovativ layihələr əhaliyə göstərilən xidmətlərinin keyfiyyətinin və operativliyinin yüksəldilməsini təmin edir.
    Azərbaycan Respublikasında aparılan ardıcıl hüquqi islahatlar, eləcə də ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin də müasir çağırışlara uyğun qurulmasını təmin edir. Xüsusi vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin siyasi iradəsilə reallaşdırılan əsaslı islahatlar çərçivəsində 2022-ci il 22 dekabr tarixində “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”nin təsdiqi və səlahiyyətli nümayəndəlik institutunun təsis edilməsi qısa müddətdə öz müsbət nəticələrini vermiş, digər sahələr kimi, Naxçıvan Muxtar Respubkikası Ədliyyə Nazirliyinin fəaliyyətində də əsaslı islahatlara, innovativ yeniliklərin tətbiqinə imkan yaratmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli ədliyyə sistemi qarşısında müəyyənləşdirdiyi strateji vəzifələrə uyğun quraraq vətəndaş məmnunluğunun təmini istiqamətində bütün zəruri tədbirləri reallaşdırmağa çalışır. Ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən nazirlik muxtar respublika əhalisinin hüquqi maarifləndirilməsində iştirak edir və qanunvericiliklə səlahiyyətinə aid edilmiş digər vəzifələri icra edir.     
    Suverenliyimizin tam təmin olunduğu ərazilərimizdə üçrəngli Dövlət Bayrağımızın ucaldılması fonunda Azərbaycan ədliyyə sisteminin çoxsaylı təmsilçiləri bu il peşə bayramlarını daha yüksək ovqatda – yüksək təntənə, milli qürur və fəxarət hissi ilə qeyd edirlər. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan həlledici uğurlar, eyni zamanda ərazi bütövlüyümüzün, suverenliyimizin təmini ölkəmizin daha sürətli tərəqqisinə, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsinə, inkişaf etmiş ölkələrlə bir sırada dayanmasına etibarlı təminat yaradır. Ədliyyə orqanlarının əməkdaşları əmindir ki, ölkəmizin ən müasir tarixinin bu möhtəşəm uğurları insan və vətəndaş hüquq və azadlıqlarının reallaşdırılması istiqamətində həyata keçirilən islahatlara yeni təkan verəcək, o cümlədən ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən kompleks islahatlar ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir. 

Hüseyn SƏFƏROV
Naxçıvan Muxtar Respublikasının ədliyyə 
naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini 

Nəşr edilib : 21.11.2023 17:55