AZ EN RU

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi qeyd edilib

    Culfa  və Kəngərli rayonlarında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibətilə tədbirlər keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzlərində ucaldılan əzamətli abidələrini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

    Culfa Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək 1992-ci il noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ümumxalq məhəbbəti qazanaraq sağlam əqidəli qüvvələri öz ətrafında birləşdirməsi haqqında ətraflı məlumat verib. 
    Qeyd olunub ki, 15 iyun 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqımızın Milli Qurtuluşunun əsasını qoydu. Bu qayıdış müasir tariximizin ən şərəfli səhifəsi oldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. 26 noyabr 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri  cənab Vasif Talıbovun proqram xarakterli məruzəsində gələcək siyasi fəaliyyət istiqamətləri öz əksini tapmışdır.
    Diqqətə çatdırılıb ki, 7 fevral 1993-cü ildən etibarən fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının hazırda 5808  üzvü vardır. Partiya üzvlərindən 1655-i gənc, 2819-u qadındır. 1993-cü illə müqayisədə rayon üzrə partiya üzvlərinin sayı 12,9 dəfə artıb. Rayonun 19 kənd mərkəzində ərazi partiya təşkilatları üçün hərtərəfli iş şəraiti yaradılıb, rayon təşkilatının ərazi partiya təşkilatları ilə əlaqəsi gücləndirilib. 25 oktyabr 2010-cu il tarixdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının yeni, müasir, ikimərtəbəli inzibati binası istifadəyə verilib, bu, rayon təşkilatının tarixinə əlamətdar hadisə kimi daxil olub. 
    Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev çıxışında vurğulayıb ki, 30 il ərzində zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir. 
    Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyası, iqtisadi inkişaf strategiyası və xarici siyasət kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həm partiyanın, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu, Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandı. Bu gün qalib dövlət kimi regionda yeni reallıqların yaradılması, işğaldan azad olunmuş Qarabağda geniş quruculuq işlərinin aparılması məhz Yeni Azərbaycan Partiyasının və onun qalib lideri olan cənab İlham Əliyevin uğurlarıdır.
    Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qazanılan sosial-iqtisadi inkişaf Culfa rayonunu da əhatə edib, rayon iqtisadiyyatının bütün sahələrində nailiyyətlər əldə olunub. Ölkə­mizdə, eləcə də muxtar respublikamızda keçirilən prezident və parlament seçkilərində, referendumlarda, həyata keçirilən iqtisadi, ictimai və mədəni tədbirlərdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının üzvləri fəal rol oynayırlar. Hazırkı vəziyyətdə ölkəmizin qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, Tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu mənada, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının da üzərinə məsuliyyət düşür. Rayon təşkilatının üzvləri qüdrətli, hərtərəfli inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin və muxtar respublikamızın çiçəklənməsi naminə var qüvvəsini əsirgəməyəcək, 2023-cü il – “Heydər Əliyev ili”ndə daha əzmlə çalışacaqlar. 
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Veteranlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin deputatı Fərəc Fərəcov, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının gənc üzvü Şölə Mirzəyeva çıxış edib, işlərində fərqlənən bir sıra partiya üzvü mükafatlandırılıb, sonra partiya sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
    Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib. 

Alim AĞAYEV

***

    Kəngərli rayonunda keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin mürəkkəb ictimai-siyasi mərhələsində – 1992-ci il noyabr ayının 21-də Naxçıvanda yaradılaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Görkəmli dövlət xadiminin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası  statusu qazanaraq ölkəmizin taleyüklü məsələlərinin həllində əvəzedilməz rol oynayıb. 

      Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərlidə qısa müddət ərzində əldə edilən sürətli inkişaf muxtar respublikada həyata keçirilən düzgün idarəçilik, uzaqgörənlik və əhalinin ehtiyaclarını hədəfə alan müdrik siyasətdən doğan nəticədir. 
      Diqqətə çatdırılıb ki, 2004-cü il iyulun 17-də yaradılan Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında o zaman Şərur və Babək rayonlarından Kəngərli rayonuna verilmiş 11 kənddə 20 Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərirdi ki, bu təşkilatlarda cəmi 1215 nəfər partiya üzvü birləşirdi. Üzvlərin 170 nəfəri qadın, 343 nəfəri gənc idi. Hazırda isə rayon təşkilatının qeydiyyatında 31 ərazi ilk partiya təşkilatında birləşən 3 min 318 nəfər üzv var ki, onlardan da 1433 nəfəri və ya 43 faizi qadın, 1294 nəfəri və ya 39 faizi gənclərdən ibarətdir. Partiya üzvlərindən 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 64 nəfəri bələdiyyə üzvü, bələdiyyə üzvlərindən 17 nəfəri qadın, 19 nəfəri gəncdir. Üzvlərin 8 nəfəri Azərbaycan Respublikasının, 10 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 9 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 24 nəfər “Tərəqqi” medallarına, 7 nəfər “Rəşadətli əməyə görə” nişanına, 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar tibb işçisi”, 2 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 6 nəfər Yeni Azərbaycan Partiyası üzvü olan müəllim isə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradıb. 
    Sevda Quluyeva partiyanın 30 illik yubileyi münasibətilə bütün üzvləri təbrik edib, təşkilatın fəaliyyəti üçün yaradılan şəraitə, diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib. 
    Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi ən yeni tariximizə böyük hərflərlə yazılan Yeni Azərbaycan Partiyası yarandığı gündən böyük inkişaf yolu keçərək ölkəmizin qarşısında dayanan vəzifələrin həll edilməsinə böyük töhfələr verib. Muxtar respublikamızın ən gənc rayonlarından olan Kəngərli rayonunun hərtərəfli inkişafı da bilavasitə bu partiyanın quruculuq prinsipləri əsasında formalaşıb. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələrində kompleks tikinti-quruculuq tədbirləri aparılıb, yeni sosial obyektlər tikilib, yollar abadlaşdırılıb, tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. Görülən işlərin nəticəsində rayonun turizm potensialı dəfələrlə artıb, Kəngərli muxtar respublikanın ən gözəl rayonlarından birinə çevrilib. 
    Qeyd olunub ki, bu gün hər birimiz “Dünənin, bu günün və gələcəyin Partiyası” olan Yeni Azərbaycan Partiyasının siyasi rəhbərliyi ilə, milli birlik nəticəsində iki il bundan əvvəl torpaqlarımız işğaldan azad olundu. Bu Tarixi Zəfər bir daha onu sübut etdi ki, xalqımız Heydər Əliyev ideyaları uğrunda mübarizə aparmağa hər zaman hazır və qadirdir. Buna görə də bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü Qalib Xalq kimi qeyd edirik. 
    Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının üzvü Vəli Əsədovun, Yeni Kərki kənd tam orta məktəbinin müəllimi Vəfa Məmmədovanın, partiyanın fəal gənc üzvü Kənan Məmmədovun çıxışları dinlənilib. 
    Tədbirdə partiyanın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiya veteranı və fəallarına fəxri fərman və hədiyyələr verilib.
    Sonda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə konsert proqramı olub.

Babək İSMAYILOV

Nəşr edilib : 03.11.2022 20:59