AZ EN RU

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib

    Şahbuz rayonunda  Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi qeyd olunub. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyətinin binası qarşısında ucalan abidəsini  ziyarət edərək  ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. 
    Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, ulu öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə bundan sonra da layiqli töhfəsini verəcək. 
    Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi hadisələri barədə danışıb. Partiyanın yaranma və formalaşma tarixindən söhbət açan icra başçısı lider partiya olan Yeni Azərbaycan Partiyasının nailiyyətlərini vurğulayaraq dövlətçiliyimizin möhkəmlənməsində önəmli rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin müasir dövrümüzdə ölkə başçısı, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla davam etdirildiyini bildirib. 
    Sonra partiya veteranı Təmleyxa Cəbiyev, partiyanın fəal qadınlarından Elminə Məmmədova, partiyanın fəal gənclərindən Gülnar Əlizadə çıxış edərək bildiriblər ki, muxtar respublikanın hər yerində gedən genişmiqyaslı quruculuq tədbirləri, yeni istehsal sahələrinin yaradılması, məktəblərin, xəstəxanaların, mədəniyyət obyektlərinin tikintisi, yeni, müasir yolların çəkilməsi Heydər Əliyev ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, partiyamızın proqramında nəzərdə tutulan  məsələlər uğurla yerinə yetirilir, partiyanın təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. 
    Sonda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqə təqdim olunub,  Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə bir qrup partiya fəalına hədiyyələr verilib. 
    Sonra tədbir Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam etdirilib.

Turanə BAXŞƏLİYEVA


***

    Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin Heydərabad qəsəbəsinin mərkəzində əzəmətlə ucalan büstünü ziyarət edib, büstün önünə tər gül dəstələri düzüblər. 
    Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Azərbaycan Respublikasının çağdaş siyasi həyatında əhəmiyyətli rol oynayan, sıralarında 770 minə yaxın şəxsi bir ideyada birləşdirən Yeni Azərbaycan Partiyası ötən dövr ərzində özünün proqramına, prinsipinə, amalına sadiq olduğunu bir daha sübut etmiş, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, inkişafı uğrunda əzmlə mübarizə aparmışdır. Ölkəmiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, partiyanın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımlayır. 

    Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi tarixi xilaskarlıq missiyası bu gün Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Naxçıvan  Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbov tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.
    Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin, Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətləridir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan yüksək nailiyyətlərə imza atmaqdadır. İqtisadi inkişaf, hərbi güc 30 ildir, davam edən Qarabağ münaqişəsinin həllində ölkəmizin üstün mövqe tutmasına səbəb oldu və Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. 
    Yeni Azərbaycan Partiyasının üzvü, Ali    Məclisin deputatı Vüsalə Əliyeva qeyd edib ki, bütün mənalı ömrünü xalqına, dövlətinə, Vətəninə xidmətə sərf etmiş ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amalı onun ideallarını yaşatmaq və həyata keçirməkdir. 
     Partiyanın qocaman üzvlərindən Həsən Rzayev bildirib ki, respublikamızda ictimai-siyasi yüksəliş nəticəsində Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatı ötən illər ərzində respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edib. Bu illər ərzində Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə edib, 2008-ci ildə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı üçün yeni inzibati bina inşa edilib. Bu inzibati binanın istismara verilməsi Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatı üzvlərini daha fəal çalışmağa sövq edib. 
     Partiyanın fəal üzvü Ayaz Əliyev Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu vurğulayıb.    
    Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə hədiyyələr və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub. 
    Sonda rayon Mədəniyyət Sarayının kollektivi konsert proqramı ilə çıxış edib.

Gülnarə HÜSEYNOVA

Nəşr edilib : 04.11.2022 22:00