AZ EN RU

Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş olub - FOTO

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Kəngərli rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib.
    Tədbiri Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının       6-cı konfransının muxtar respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcı olduğunu bildirib. Qeyd edilib ki, konfransda partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. 
    Sevda Quliyeva gənclərlə bu cür görüşlərin əhəmiyyətindən də danışıb. Vurğulanıb ki, təşkilatın yarandığı ilk gündən onun fəaliyyətində rayon gənclərinin böyük rolu olub. 
    Diqqətə çatdırılıb  ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı 31 ərazi partiya təşkilatını özündə birləşdirir. Təşkilatın           3 min 320 partiya üzvü var ki, onlardan 1285 nəfərini məhz gənclər təşkil edir.  
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında vurğulayıb ki, ulu    öndər Heydər Əliyevin ­banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı dövrdən çox keçmədən xalqın inandığı və güvəndiyi bir siyasi təşkilata çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. 
    Yeni Azərbaycan Partiyasının VII Qurultayından, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransından geniş bəhs edən Cəbi Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir. Cəbi Quliyev qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələrdən söhbət açıb.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxışında diqqətə çatdırıb ki,  muxtar respublikada gənc nəslin yetişdirilməsi, intellektual potensialının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.
    Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, keçirilən tədbir və layihələr, o cümlədən gələcək perspektivlərdən söz açılıb.  Bildirilib ki, birlik gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlayır, bu istiqamətdə davamlı tədbirlər və layihələr icra olunur. 
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.
    Görüşdə Gənclər Birliyi sədrinin müavini Elvin Əliyev, birliyin üzvləri Nigar Mirzəmmədova və Hüseyn Rəsulzadə də çıxış ediblər. 
    Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.07.2022 18:28