AZ EN RU

Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş olub

    Sədərək rayonunda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransı muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olub. Qeyd edilib ki, konfransda partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
    Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı da hər zaman fəaliyyətində gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. 24 ərazi partiya təşkilatını özündə birləşdirən təşkilatın 1994 üzvü var ki, onlardan 461 nəfərini məhz gənclər təşkil edir. 
    Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Beynəlxalq nüfuza malik iqtidar partiyası  kimi, son illər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, partiya böyük siyasi nüfuz və xalqın etimadını qazanıb. VII Qurultayından, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransından bəhs edən Cəbi Quliyev bildirib ki, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan Ali Məclis Sədrinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gənclərinin də üzərinə  mühüm vəzifələr düşür. 
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov muxtar respublikada uğurlu dövlət gənclər siyasətinin bəhrələrindən, gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. Vurğulanıb ki, onların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına da yol açır. Yaradılan bu şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Qeyd edilib ki, bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 594 nəfərini gənclər təşkil edir. Təşkilata üzv olan gənclər müxtəlif sahələrdə çalışır və fəaliyyət göstərdikləri sahədə daim fərqlənirlər. 
    Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi tədbir və layihələr, gənclərin könüllü çalışmaları üçün yaradılan şəraitdən, Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən bəhs olunub. 
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə gənclər adından dövlətimizə  minnətdarlıq edib. 
    Sonra çıxışlar olub. Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.06.2022 20:01