AZ EN RU

Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Culfa rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib. 
    Tədbiri Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov giriş sözü ilə açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransında partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolu olub. 51 ərazi partiya təşkilatını özündə birləşdirən təşkilatın 5801 partiya üzvü var ki, onlardan 1655 nəfərini məhz gənclər təşkil edir.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov çıxışında diqqətə çatdırıb ki, muxtar respublikada gənc nəslin yetişdirilməsi, intellektual potensialının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.
    Vurğulanıb ki, təşkilatın üzvlərinin 23 min 285 nəfərini gənclər təşkil edir. Məhz həmin gənclər öz potensialları ilə birliyin işinə də müsbət töhfələrini verirlər. Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi tədbir və layihələr, gənclərin könüllü fəaliyyəti üçün yaradılan şəraitdən söz açılıb.
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
    Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.10.2022 20:18