AZ EN RU

Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin Tədbirlər Planına uyğun olaraq Babək rayonunda Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib. 
    Görüşdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransında Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun proqram xarakterli məruzəsində partiya üzvləri qarşısında müəyyənləşdirdiyi yeni vəzifələrdən danışıb. Qeyd olunub ki, bu vəzifələrin yerinə yetirilməsi Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının gələcək fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.
    İsa Məmmədov gənclərin iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən də danışıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası  Babək Rayon Təşkilatı da hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı 57 ilk partiya təşkilatını özündə birləşdirir. Təşkilatın 7146 partiya üzvü vardır ki, onlardan 2380 nəfərini məhz gənclər təşkil edir. 
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov qeyd edib ki, təşkilatın üzvlərinin 23 min 594 nəfərini gənclər təşkil edir. Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi tədbir və layihələr, gənclərin könüllü fəaliyyəti üçün yaradılan şəraitdən söz açılıb və qeyd olunub ki, naxçıvanlı gənclərin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsi Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. 
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
    Görüşdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Əliyevin, birliyin üzvləri Gülxanım Orucovanın və Hüseyn Rəsulzadənin mövzu ətrafında fikirləri dinlənilib. Çıxışlar zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələrdən söhbət açılıb. Vurğulanıb ki, gənclərimiz onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməli, muxtar respublikamızın inkişafına töhfə verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası, Naxçıvan reallıqlarının təbliğində fəal olmalıdırlar. 
    Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Muxtar RZAZADƏ

Nəşr edilib : 28.02.2022 20:08