AZ EN RU

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbirlər keçirilib

    “Naxçıvan” Universitetinin akt zalında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki əzəmətli abidəsi önünə gül dəstələri qoyub. 
    Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli giriş sözü ilə çıxış edərək partiyanın yaranma tarixindən, inkişaf yolundan danışıb. 
    Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin liderliyi ilə son illərdə böyük uğurlar qazanılıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz qələbəyə imza ataraq, torpaqlarımızı cəmi 44 gün ərzində 30 illik işğaldan azad edərək ölkənin ərazi bütövlüyünü bərpa edib. 
    Vurğulanıb ki, ötən dövr Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi inkişaf və elmi-mədəni intibah dövrü kimi muxtariyyət tarixinin mühüm mərhələsini təşkil edib. İnkişaf proseslərində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 148 ərazi təşkilatını əhatə etməklə 19093 nəfər üzvü olan təşkilatın sıralarında 9917 qadın, 11 min 914 nəfər 18-35 yaşlı gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 1169 nəfər qəbul edilib ki, bunların da 666 nəfəri qadın, 1148 nəfəri 18-35 yaşlı gənclərdir. YAP Naxçıvan Şəhər Təşkilatının 3 üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 19 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. 
    Elman Cəfərli çıxışının sonunda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə partiya üzvlərini təbrik edərək qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. 
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətini vurğulayıb, partiyanın iqtidarda olduğu dövrdə Naxçıvan şəhərinin keçdiyi böyük inkişaf yolundan danışıb. Qeyd edilib ki, təkcə 2022-ci ilin birinci yarısında Naxçıvan şəhərində 16 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 59 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Bu dövrdə istehsal olunan sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb, Məşğulluq Mərkəzi tərəfindən 286 nəfər işlə təmin olunub. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi demoqrafik vəziyyətə müsbət təsir göstərib, əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artaraq  1 iyun 2022-ci il tarixə 95 min 837 nəfərə çatıb. 
    Partiya üzvü olan veteranlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, qadınlar adından Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, gənclər adından Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Aparatının məsləhətçisi David Həsənov çıxış ediblər.
    Sonra bir qrup veteran partiya üzvünə qiymətli hədiyyələr təqdim edilib. 
    Tədbir partiyanın yubileyinə həsr olunmuş konsert proqramı ilə başa çatıb. 

***

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən “Gənclərin vahid seçimi: gələcəyin partiyası” mövzusunda dəyirmi masa keçirilib.  
    Dəyirmi masanı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov vurğulayıb ki, 30 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan partiya bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib, güclənib, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. 

    Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da hər zaman fəaliyyətində gənclərə xüsusi şərait yaradıb, onların bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən öz milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsini, ümummilli lider Heydər Əliyev ideyalarına sadiqliyini əsas fəaliyyət istiqamətlərindən biri kimi görüb. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23594 nəfərini gənclər təşkil edir. Təşkilata üzv olan gənclər müxtəlif sahələrdə çalışır və öz fəaliyyətləri ilə daim fərqlənirlər. 
    Sonra Gənclər Birliyinin üzvü, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın moderatorluğu ilə mövzu ətrafında müzakirələrə başlanılıb. Çıxışlarda partiyanın keçdiyi böyük inkişaf yoluna nəzər salınıb, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan bəhs edilib, mövzu ilə bağlı fikirlər diqqətə çatdırılıb. 
    Dəyirmi masa Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin könüllülərinin, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan fəal tələbələrin müzakirələri ilə diskussiya şəklində davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.11.2022 20:16