AZ EN RU

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən üzvlər və ilk partiya təşkilatı sədri seçilənlər ilə görüş keçirilib

    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası uzun illərdir, Azərbaycan dövlətçiliyinin qarantı rolunda çıxış edən nəhəng siyasi təşkilat kimi ölkəmizin müstəqillik tarixində mühüm rol oynayır. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiya Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”.
    Hazırda da partiyanın sıraları cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusən gənclərin və qadınların sayəsində durmadan genişlənir. Təsadüfi deyildir ki, 2021-ci ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında qəbul edilən 855 nəfərdən 848 nəfərini və ya 99 faizini gənclər, 476 nəfərini və ya 56 faizini qadınlar təşkil etmişdir”. 
    Bu fikirləri Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatında partiyaya yeni qəbul edilən üzvlər və partiya ilk təşkilat sədri seçilənlər keçirilən görüşdə təşkilatı sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli çıxışında diqqətə çatdırıb. Bildirib ki, Naxçıvan Şəhər Təşkilatı hazırda 150 ilk partiya təşkilatını əhatə etməklə 18 min 776 nəfər üzvü özündə birləşdirir. İlk təşkilat sədrlərinin ümumi tərkibində qadınlar 56 nəfər (37 faiz), gənclər 60 nəfər (40 faiz), ali təhsillilər 135 nəfər (90 faiz), orta ixtisas təhsillilər 15 nəfər (10 faiz) təşkil edir. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sıralarında birləşən partiya üzvlərinin 9 min 968 nəfəri (yaxud 53 faizi) qadınlar, 11 min 629 nəfəri (yaxud 60 faizi) 18-35 yaşlı gənclərdir.
    Elman Cəfərli qeyd edib ki, partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq, vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsindən ibarətdir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ümummilli lideri, partiyanın qurucusu Heydər Əliyevin irsinin təbliği və təşviqi ilə məşğul olur.
    Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
    Partiyaya yeni qəbul edilən gənclərdən Naxçıvan Dövlət Universitetinin tələbəsi Firuz Məmmədli və yeni ərazi ilk partiya təşkilatı sədri seçilən Tarverdi Məmmədov tədbirdə çıxış edərək onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirib, üzərlərinə düşən məsuliyyəti şərəflə daşıyacaqlarına söz veriblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.01.2022 19:13