AZ EN RU

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin hesabat iclası olub

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin 2022-ci ilin I rübü ərzindəki fəaliyyətinə həsr olunmuş iclası keçirilib. 
    İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini – aparatın rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, muxtar respublikanın ictimai-siyasi həyatında mühüm hadisə olan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransında təşkilatın Gənclər Birliyinin yeni tərkibinin təsdiq edilməsi də gündəliyə çıxarılaraq qəbul olunub və birlik qarşısında bir sıra tapşırıqlar qoyulub.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov Gənclər Birliyinin I rüb ərzindəki fəaliyyətinə dair arayışı slaydlar vasitəsilə təqdim edib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransında qəbul olunmuş yeni əsasnaməyə əsasən təşkilatın Gənclər Birliyi yenidən formalaşdırılıb. Konfransda muxtar respublika rəhbərinin qarşıya qoyduğu tapşırıqlar əsas götürülərək birliyin aid dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti də nəzərə alınmaqla iş planı təsdiq olunub. 
    Diqqətə çatdırılıb ki, birliyin yeni iş planına əsasən başlıca istiqamət ulu öndər Heydər Әliyev ideyalarının təbliği, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq sağlam, intellektual potensiallı, vətənpərvər, hərtərəfli dünyagörüşə malik olan gəncliyin yetişdirilməsidir. Bu məqsədlə Şərur, Babək, Ordubad və Şahbuz rayonlarında Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüşlər keçirilib, onlara partiyanın fəaliyyəti üçün görəcəkləri işlərdə istiqamət verilib. 
    Qeyd edilib ki, fevral ayında Gənclər Günü münasibətilə muxtar respublikanın şəhər və rayonlarındakı 80-ə yaxın fəal partiya üzvü arasında futzal üzrə muxtar respublika birinciliyi keçirilib. 2 fevral tarixdə Gənclər Birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Duzdağ” hotelin tədbirlər zalında muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi olub. 
    Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların bilik və bacarıqlarının inkişafı məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Gənc­lərin qış məktəbi” təşkil edilib. 
    Vurğulanıb ki, qarşıda duran hədəflərdən biri də gənclərin liderlik bacarığının ortaya çıxarılması, gələcək üçün hazırlıqlı kadrların yetişdirilməsidir. Bu məqsədlə 22-24 fevral tarixlərdə “Qış liderlik məktəbi” layihəsi həyata keçirilib, panel müzakirələr aparılıb, bir sıra təlimlər təşkil olunub. 
    Vurğulanıb ki, Gənclər Birliyi tərəfindən fevralın 12-də “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ilk könüllü dəstəsinin formalaşdırılması məqsədilə Könüllülük Pro­qramı elan edilib. Proqramın müsahibə mərhələsinə çağırılan 150 könüllüdən 30-u seçilərək birliyin könüllülük dəstəsi formalaşdırılıb. 
    Qazanılan uğurlar barədə də danışan Arzu Qasımov qeyd edib ki, birliyin üzvü Әziz Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin müvafiq Sərəncamına uyğun olaraq 2022-ci il gənclər üçün Prezident mükafatına layiq görülüb. Birliyin üzvü, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev şahmat üzrə ikinci “Naxçıvan Premium Turniri”ndə 2-ci yerin sahibi olub. Bundan əlavə, Gənclər Gününə həsr olunmuş tədbirdə birliyin üzvləri Elvin Әliyev muxtar respublikanın ictimai-siyasi həyatında xüsusi fərqləndiyinə, Dilarə Baxşəliyeva isə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə diplomlarla mükafatlandırılıblar. Gənclər Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə 22-24 mart tarixlərdə konqresin 42-ci sessiyasında iştirak etmək üçün Fransanın Strazburq şəhərində işgüzar səfərdə olub.
    Sonra birlik üzvlərinin fikirləri dinlənilib, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd edilməsi məqsədilə keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev Dekadası”nın qrafiki müəyyənləşdirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.04.2022 18:41