AZ EN RU

Yeni ailə təsərrüfatı yaradılıb

    Şərur rayonunda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, ekoloji baxımdan saf, təmiz kənd təsərrüfatı məhsulları istehsalına yaradılan şərait yeni təsərrüfatların formalaşmasına səbəb olub. Hazırda  rayonda 425 nümunəvi ailə təsərrüfatı fəaliyyət göstərir.
    Şərur rayonunun Arpaçay kəndindən olan təcrübəli təsərrüfatçılar Mirağa Bağırov və Çiçək Bağırova ailə təsərrüfatı yaradıblar. Ailə təsərrüfatında, əsasən, böyürtkən istehsalına üstünlük verilir. Onlar böyürtkəni yığaraq mürəbbəsini və kompotunu hazırlayır, satışa çıxarırlar.
    Mütəxəssislərin fikrincə, böyürtkən kompotu ishal xəstəliyində, qurudulmuş yarpaqları isə ağızdakı yaralar üçün faydalıdır. Böyürtkənin şirəsi qan təzyiqini nizamlayır, ayaqlardakı şişləri aradan qaldırır, ağız, dil və diş əti iltihablarına, göz zəifliyinə qarşı faydalı təsir göstərir, maddələr mübadiləsini sürətləndirir.
    Ailə təsərrüfatı başçısı Mirağa Bağırov deyir ki, bu meyvənin tinglərini qardaş ölkə Türkiyədən gətirib və həyətində əkərək çoxaldıb. Hazırda ting satışı da həyata keçirir. Ailə bütün dolanışığını istehsal etdikləri məhsulların satışı ilə ödəyir. Təsərrüfatda yetişdirilən meyvələr, ilk növbədə, Naxçıvan və Şərur şəhərlərində bazarlara çıxarılır. Məhsullar keyfiyyətli və qiymətləri münasib olduğundan alıcılar tərəfindən rəğbətlə qarşılanır. Ailə təsərrüfatçıları ötən il 500 kiloqram məhsul istehsal ediblər. Bu il isə məhsul istehsalını 600-700 kiloqrama qədər çatdıracaqlarını düşünürlər. Təsərrüfat işlərində Mirağa Bağırovun ailə üzvləri də ona yaxından köməklik edirlər.
    Son illərdə Şərurun əkinçilik, tərəvəzçilik və meyvəçilik üzrə ixtisaslaşan təcrübəli təsərrüfatçıları muxtar respublika iqtisadiyyatına layiqli töhfələrini verir, ailə bizneslərini daha da genişləndirirlər. Təbii ki, bütün bunlar dövlətimizin aqrar sahənin inkişafına yaratdığı əlverişli imkanlar hesabına mümkün olur.

Heydər MƏMMƏDOV

Nəşr edilib : 15.08.2022 18:01