AZ EN RU

Yeni 132/110/35/10 kilovotluq “Culfa” sistem əhəmiyətli yarımstansiyasında son tamamlama işləri aparılır

Muxtar Respublikada sosial, iqtisadi, sənaye, enerji və digər sahələrin sürətli inkişafını, o cümlədən əhalinin son illərdə elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün operativ işlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə etməklə istehsalın həcmi artırılır. Bu tədbirlərin davamı olaraq Culfada sistem əhəmiyyətli yarımstansiya qurulur. Sistem əhəmiyyətli yarımstansiyaların qurulması digər transformatorların yükünü stabilləşdirməyə, qəzaların qarşısını almağa, itkiləri konpensasiya etməyə və dayanıqlığın artırılması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, istehlakçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca vacibdir.

Yeni 132/110/35/10 kilovotluq “Culfa” sistem əhəmiyətli yarımstansiyası Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikasının enerji sistemini əlaqələndirir. Yarımstansiya açıq paylayıcı quruluş, inzibati bina və yaşıllıq zolağı daxil olmaqla 1.1 kvadrat kilometr ərazini əhatə edir. Yarımstansiyanın tikinti işləri 2021-ci il sentyabr ayından başlayıb. Açıq paylayıcı quruluşda olan və inzibati binanın daxilində olan yüksək gərginlikli kommutasiya qurğuları dünya standartlarına cavab verən məşhur markaların məhsullarıdır. Yarımstansiyanın daxili elektrik tələbatını ödəmək məqsədilə inzibati binanın dam örtüyünə ümumi gücü 15 kilovat olan günəş panelləri quraşdırılıb. Yeni yarımstansiya həmçinin Culfa və Ordubad rayonunun elektrik təchizatında əvəz olunmaz rola malikdir. Naxçıvan Muxtar Respublikasının gündəlik enrji infrastrukturu nəzərə alınaraq yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub.

Haliyədə yarımstansiyanın tikinti-quraşdırma işləri tamamlanıb. 10 kilovotluq çıxış fiderləri çəkilərək istismara hazır vəziyyətə gətirlib.

Nəşr edilib : 14.11.2023 17:18