AZ EN RU

Yenə gördüm gördüyümüz dağları

        Nəfəsimdən əriyirdi dağ qarı.

        Yenə elə durnaların qatarı,

        Yenə elə dərə düzən dünyadı,

         Dünya gözəl, dünya gözəl dünyadı.

                                                         (M.Araz)

Bu gözəl dünyanı müharibələr yolu ilə viran qoymaq istəyənlərin bir qrupu da mənfur ermənilərdir ki, Azərbaycanın dilbər güşəsi Qarabağımızı otuz il ərzində əsirlikdə saxladılar, sökdülər, daşıdılar, viran etdilər. Uca Tanrının mərhəməti, dünyanı heyrətə gətirən Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Heydər oğlunun cəsarəti, iradəsi, qətiyyəti, məharəti, sözü ilə işinin vəhdəti, yenilməz Azərbaycan ordusunun qeyrəti ilə 44 günlük Vətən müharibəsində Qarabağımız düşmən tapdağından azad olundu. O cümlədən mənim doğulduğum, lakin orada böyüyə bilmədiyim, uluların ulu məskəni Dədə Şəmşirin, Sücaətin, Qəmkeşin, Ənvər Rzanın, Bəhmən Vətənoğlunun, onlarca alimin, saz-söz ustadlarının, mənim və ata-babalarımın, ana-nənələrimizin yurd yeri olan Kəlbəcər də qayıtdı.

Artıq o qoca diyarı gözlərimlə görmək, o torpağı diz çöküb öpmək arzusu reallaşmışdır. 2021-ci ildə çətinliklə olsa da istəyimə çatdım. Qısa müddətli bir səfər taleyimdə, ürəyimdə silinməz izlər buraxdı... Səkkiz yaşımda məcburən tərk etdiyim o səsli-küylü, abad, səliqəli kəndi indi sakit, səssiz-səmirsiz, viran gördüm. Kəndimizdən, evimizdən heç bir əsər-əlamət qalmamışdır. Hər nə varsa əksinə, dəyişmişdir. Dəyişməyən yalnız vüqarlı dağların ətəyində məğrur dayanan ana-vətən idi. Belə bir deyim var, harada doğulursansa ora sənin vətənindir. Vətənini, yurdunu bu vəziyyətdə görmək təbii ki, mənim üçün ağır oldu. Doğulduğum Susuzluq kəndinin şır-şır bulağının suyundan içib, torpağını öpüb qayıtdım Naxçıvana. O vaxtdan bu günlərə kimi yenə ürəyimdə, qəlbimdə, ruhumda Kəlbəcər həsrəti ilə yaşayır, bir də o yerlərə dönmək həvəsim gündən-günə artır, aşıb-daşıdı. Çünki televiziyada, radioda, sosial  şəbəkələrdə Qarabağda sürətlə gedən quruculuq, abadlıq işlərini görür, eşidir, fərəhlənir, sevinir, sevincimdən kövrəlirəm.

Kövrəlməyimin bir səbəbi də mərhum atamın o yerləri bir daha görə bilməməyi idi. O gün axır ki, çatdı. Qərarım reallığa çevrildi. Bir müddət əvvəl Ordubaddan Gəncəyə yollandıq... Doğma torpağı ikinci dəfə ziyarətə getdik. Yol boyu abadlaşan kəndləri, yeni çəkilən yolları, tikinti-quruculuq işlərini, sosial obyektləri gördükcə adamın ürəyi Murov dağına, Keytiyə, Dəlidağa dönürdü. Qısa müddət içərisində Murov dağının altından çəkilmiş 12 kilometrlik tunel, demək olar ki, hazır vəziyyətdə idi. 3260 metr hündürlükdə yerləşən Ömər aşırımı bizi öz doğma kəndimizə - Susuzluğa apardı. Ailə üzvlərimiz, doğmalarımız  doğma kəndimizə çatdıq.

Kəndin mənzərəsi adamı valeh edirdi. Sevinc göz yaşları bizi boğurdu. Allahımıza çox şükürlər olsun, dedik. Mərhum atamın min bir əzabla dağları yarıb Xudaverdi bulağından çəkdiyi çeşmənin sızqıntı axışı 30 ildə böyük bir yarğan əmələ gətirmişdi. Biz həmin sudan doldurub içmək istəyəndə anam dedi: - Yox bala, siz bu sudan əyilib içməlisiniz, həm diziniz, həm əlləriniz bu müqəddəs torpağa, dodaqlarınız isə dağların şəfalı suyuna dəysin. O an fikirləşdim ki, bu, torpağa səcdə qılmaq anlamındadır. Hər birimiz anam dediyi kimi etdik... Onu da qeyd edim ki, kəndin evlərində barmaqla sayıla biləcək qədər sınıq daşlar qalmışdı...

Buna baxmayaraq apardığımız nemətlərdən 30 ildən sonra həyətimizdə süfrə açdıq. Artıq günortadan keçmişdi. Sulu dərənin şırıltısı bizə Xanın səsini xatırladır, ətrafı seyr etdikcə Murovun şiş qayaları, Keytinin, Dəlidağın vüqarla dayandığını, sanki düşmənə meydan oxuduğunu bizlərə bəyan edirdi. Biz də inanırıq və hətta əminik ki, bütün kəlbəcərlilər abad Kəlbəcərə qayıdacaq, sülh və əmin-amanlıq içində yaşayacaqlar.

Doğma kəndimizi, erməni vandallarının viran qoyduğu evimizi göz yaşları içərisində buraxıb geri döndüm. Necə deyərlər, ayağım gedir. ürəyim isə orda - Susuzluqda qalırdı. Çox keçmədi ki, Kəlbəcərin "Turşsu"yunda, "İstisu"yunda olduq. Min bir dərdin dərmanı olan təbii müalicəvi sulardan içdikcə, sanki yenidən dünyaya gəlirsən. Bir yandan çayın şırıltısı, bir yandan meşələrin səsi, quşların cingiltisi, təbii suların yerdən qaynayaraq çıxması o qədər doğma gəlirdi ki, elə bil öz doğma övladlarını qarşılamaq üçün hazırlaşmışdılar.

Ağır da olsa, bir daha Kəlbəcərdə əbədi məskunlaşmaq arzusu ilə geri qayıtmalı olduq. Qayıdarkən Kəlbəcər-Ağdərə yolu ilə gəlməyi qərara aldıq.Yol boyu abadlıq və quruculuq işlərini gördükcə qəlbimiz fərəh hissi ilə dolurdu. İşğaldan azad olunmuş bu torpaqda bərpa işlərini, şümşad yolları, sosial obyektləri, yenicə istifadəyə verilmiş seçki dairələrini, daha nələri, nələri gördükcə fikirləşirdim ki, onlarca şair, yazıçı, jurnalist, müəllim bu barədə yüzlərcə kitab yazsa, yenə də azlıq edər və qəlbimdən keçənləri dilimə gətirdim: Təkcə Azərbaycan adlı bir məmləkətə deyil, bütün dünya xalqlarına, dünya dövlətlərinə sülh, barış arzulayan, sözü ilə əməli arasında fərq olmayan, yalnız Azərbaycan tarixinə yox, dünya tarixlərinə adını, imzasını silinməz, pozulmaz hərflərlə həkk etdirən, XXI əsrin yenilməz sərkərdəsi, dəmir yumruq sahibi, Azərbaycan prezidenti cənab İlham Əliyevə eşq olsun! Ulu Tanrı onu qorusun! Tək olan Allah onu Azərbaycana, türk dünyasına, mütərəqqi xalqlara çox görməsin!

QARABAĞ AZƏRBAYCANDIR !

Ordubad rayon Nürgüt kənd sakini, Ələhi kənd tam orta məktəbinin direktoru

Adim Yusibov

Nəşr edilib : 20.06.2024 14:57