AZ EN RU

Yenə bahar gəlib yurdumuza...

Hər  dağı, daşı, qayası bizə doğma olan Naxçıvan yaz aylarında bir başqa füsunkar gözəlliyə sahib olur. İlin bu fəslində al-əlvan rənglərin vəhdəti  təbiətə yeni nəfəs gətirir.  Ruhumuzu, qəlbimizi, zövqümüzü oxşayan bu gözəlliklər insan qəlbində yeni arzular doğurur.. Baharın gəlişi  ilə torpaqdan yenicə baş qaldıran lalələrin harmoniyası, sanki təbiətin qoynuna səsləyir insanları. Yaz ayının müjdəçisi olan qaranquşların mavi səmadakı sevinc nəğməsi könlümüzü oxşayır. Günəş qızılı şüalarını ətrafa səpdikcə  dağların rəng çalarları həmahəng olur. Həzin meh yamyaşıl otları, zəmilərin ətirli çiçəklərini dalğalandıraraq təmiz bir atmosfer yaradır.

Bu dövr uşaqdan-böyüyə hər kəsin ən sevimli fəslinin hələ başlanğıcıdır.  Fəslin gözəllikləri isə insanlara şən və yüksək əhval-ruhiyyə bəxş edir. Bahar həm də ən gözəl ümidlərin fəslidir. Elə Nəhəcir dağının ətrafına səpələnən lalələri seyr edən zaman uşaq vaxtı nənəmin bizə oxuduğu yazın  gəlişini təsvir edən  bu şeiri yada düşür:

Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör,

Gülü gör, bülbülü gör, zövq apar bu dünyadən.

Xaliqin qüdrətini bil, bu yaranmışları gör,

Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!

 

 Həmişə olduğu kimi bu il də ana təbiət  insanların gözəlliyə olan mənəvi  tələbatını ödəməkdan yorulmur. Yaşıl dona bürünən çöllər-çəmənlər yaşayış məntəqələrinin görünüşünə ecazkar  gözəllik qatır.

Yaz yeni ümidlərin oyanışıdır. Kimsə xoşbəxtliyi, sevgini təsvir edən zaman onu bahara bənzədir. İnsan belə gözəlliklərə baxan zaman sanki çöhrəsində güllər açır, gözləri bahar Günəşi kimi şəfəq saçır. Arzu edirik ki, qəlbinizdən bahar əskik olmasın.

Bülbül QULİYEVA

Nəşr edilib : 25.04.2024 10:07