AZ EN RU

Yeddi meydan, yeddi çinar, yeddi kəhrizli qədim məhəllələr

“Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli Sərəncamı görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı bu qədim yurd yerinə hərtərəfli qayğının davamlı ifadəsidir. Doğrudan da, Ordubad qədim abidələri, köhnə tikililəri, planlaşdırılmış şəhər quruluşunun qorunması sahəsində Azərbaycanın nadir şəhərlərindən biridir.

Biz də yaxın günlərdə “Şərq qapısı” kollektivi olaraq yol aldıq hər köşəsi tarix daşıyan, hamımız üçün doğma bir məkana. Bəli! Söhbət bu qədim yurd yerindən –  Ordubaddan gedir. Bu rayon təkcə bizim üçün deyil, həm də buraya üz tutan hər bir qonağın sevimli ünvanına çevrilib. Bölgənin göylərə ucalan dağları, mənzərəli dağ ətəkləri, yaşıllıqlara bürünmüş çay yamacları, dişgöynədən suyu olan bulaqları, məhsuldar meyvə bağları buraya xüsusi gözəlliklər bəxş edib.

Bu gözəlliklərin hər qarışını gəzib kəşf edərək yazıya almaq üçün, sözün düzü, çox tələsirdik. Budur artıq rayon mərkəzində, daha dəqiq desək, ordubadlıların “Çinar” adlandırdıqları çayxananın həyətindəyik, Qoca çinarın kölgəsində dincələn bir sakinə yaxınlaşırıq. Öyrənirik ki, həmsöhbətimiz olacaq bu ordubadlı ziyalı Azər Əliyevdir. Məlumat üçün onu diqqətinizə çatdıraq ki, uzun illər rayonun mədəniyyət idarəsinə rəhbərlik etmiş qədim abidələri, tikililəri, küçələri, meydanlar, onların adları ilə məşğul olaraq maraqlı elmi qənaətlərə gəlmiş Azər müəllimin maraqlı müsahib olduğunu elə tanışlığımızın ilk anlarından hiss etdik. Azər müəllim bildirdi ki, Ordubad şəhəri eyniadlı çayın dərin dərələri ilə iki hissəyə bölünmüş, girintili-çıxıntılı ətrafında yerləşir. Çayın sağ sahilində yerləşən keçmiş mərkəz öz əhəmiyyətini itirdiyindən XVII əsrdə mərkəz funksiyasını sol sahil yerinə yetirməyə başlayır. Şəhər tikililəri, yan küçələr, dalanlar, bağ əkinləri ətəklərdə çayın axını boyu xüsusi amfiteatr yaradır. Şəhərin küçələri, meydanları, şəhər boyu yaşıllıqlar, nəhəng çinarlar çay boyunca yerləşib.

Keçmişdə Ordubadçayın (“Dübəndi” də adlanır) sağ sahilində, yüksək təpə üstündə “Qala” saray kompleksi fəaliyyət göstərib. Şəhərin bu hissəsi daha qədim hesab edilir və şəhərin birinci mərkəzi sayılırmış. Sonralar şəhər mərkəzi Ordubadçayın sol sahilinə keçir. Hazırkı  şəhər mərkəzi Cümə məscidinin ətrafında yerləşib.

Azər müəllim diqqətimizə çatdırır ki, şəhər dəqiq plan quruluşuna sahibdir. Belə ki, bütün ətraf yollar şəhərin mərkəzinə doğru uzanır. İlk baxışdan qarmaqarışıq görünən yollar diqqətlə baxdıqda şəhərin mərkəzinə sistemli şəkildə birləşir. Bir qədər əvvəl dediyimiz Cümə məscidi şəhərin ən qədim tikililərindəndir. Onun ətrafında yüksək ruhani mədrəsə məktəbi və ticarət mərkəzi olan – Qeysəriyyə Ordubadın ictimai mərkəzini təşkil edir. Əsas magistral kimi Heydər Əliyev prospekti dəmiryol vağzalı ilə şəhər mərkəzini birləşdirir. Bu prospektdə hazırda ticarət və dövlət müəssisələri olan tikililər yerləşir.

Müsahibimizin sözlərinə görə, Ordubadın planlaşdırılmasının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bütün küçələrinin iki-üçüncüsünü, bəzən də dördüncüsünü yerləşdiyi ərazidən asılı olaraq balaca meydanlar birləşdirir. Bu meydanlar müxtəlif məscid, çeşmə və qocaman çinarların ətrafında salınaraq şəhərin əsas elemetlərini ansambl şəklində birləşdirir. Şəhər meydanlarının yerləşməsi şəhərin məhəllələrə bölünməsi ilə bağlıdır. Meydanlar qəflətən ensiz, qəribə çıxışları olan küçələrdə yerləşirlər. Maraqlıdır ki, bu günə qədər də burada köhnə yaşayış məhəllələrinin adları qorunub saxlanılır. Şəhərin quruluşunda təşkil olunmuş nizamlı yaşayış məhlələri, balaca məhəllə meydançaları ilə əhatə olunmuş xidmət tikililəri ilə təmin olunmaqla izlənilir. Şəhərdə köhnə məhəllə adları – Ambaras, Kürdətal, Mingis, Sərşəhər, Üçtürləngə adları indi də yaşadılır. Şəhər ǝhalisi sağsahil hissəsində 2 böyük məhəlləni – Yuxarı Ambarası və Aşağı Ambarası olduğu kimi qoruyub saxlayıblar. Qalan məhəllələr isə Ordubadçayın sol sahilində yerləşir. Onların arasında ən böyüyü Sərşəhərdir ki, “şəhərin baş hissəsi” mənasını bildirir. Burada bu vaxta qədər qorunub saxlanılan ibadət evləri, məscidlər var.

Azər Əliyevin sözlərinə görə, sahəsi böyük olmayan məhəllə məscidləri xalq arxitekturasının elementlərini özündə saxlayıb. Şəhərin bütün məscidlərində, yaşayış evlərində memarlıq üsulları, dərin oxvari fasad-eyvanlar, düzbucaq şəklində özüllər, bir də müxtəlif ağac və şəbəkə işləmələr ilə izlənilir. Bu məscidlərdə mehrablar XVII-XVIII əsr yaşayış evlərinin daş buxurlarını xatırladır. Məscidlərdə minarələr yoxdur. Bu da şəhərin relyefi ilə əlaqədardır ki, məscid damları minarələri əvəz edir. Minarələrin yerinə məscid damlarında meydançalar düzəldilib ki, ora balaca pilləkənlərlə qalxılır.

 Öyrənirik ki, Ordubad şəhərinin yaşayış binalarının memarlıq üslubunun analoqu olmadığı üçün ölkəmizin bütün bölgələrindən özünəməxsusluğu ilə seçilir. Ordubadın yaşayış evləri orta əsrlərə xas olan qapalı malikanə formasındadır, xarici dünyadan tam təcrid olunması ilə seçilir. Təbii iqlim şəraitinin əlverişli olması evlərin həyətində meyvə bağlarının salınması ilə şəhərin ümumi planında öz əksini tapıb. Burada məişət və bəzən təbii iqlim xüsusiyyətlərinə görə çox maraqlı yaşayış evləri tikilib. Çox böyük maraq doğuran cəhətlərdən biri yaşayış evlərinin giriş qapılarına  xüsusi qapı zənglərinin vurulmasıdır ki, bunlar da müxtəlif metal məlumatlardan bəzəkli şəkildə hazırlanırdı. Qadınlar üçün hazırlananlar “zənciribab”, kişilər üçün hazırlananlar isə “Takkülübab” adlanırdı. Onların sayının çoxluğu ümumi Ordubadın memarlığının çoxşaxəliliyindən xəbər verir.

Küçədən ailə məişətinin təcridi cəhdi yaşayış evlərinin kompozisiyasında da özünü göstərir. Ordubadda ayrı-ayrı yaşayış evlərinin tikilişində kompozisiya prinsipləri ailənin tələbatı ilə sıx bağlıdır. Elə burdan da planların həlli və forma müxtəlifliyi yaranıb.

Ordubadda əhalinin arasında ticarətçilərin fərqli cəhəti şəhərin varlı insanlarının arasında ikimərtəbəli evlərin geniş yayılmasına səbəb olmuşdur. Məhz tacir evləri məxsusi olaraq Azərbaycan şəhərlərinin simasında Ordubadı fərqləndirir. Bu evlərin memarlıq üslubunda səkkizkünclü, çoxkünclü və düzkünclü, şəkilli, trapesiya formalarını görə bilərik. Səkkizguşəli girişlər, yarımpərgar və səkkizguşəli çıxıntılar xüsusi maraq doğurur.

Öyrənirik ki, bütün evlər çiy kərpicdən və döşənmiş tirlərdən ibarətdir. Bu tikililərin örtüyü hamar, yanlarda bəzi çıxıntılarla müşayiət olunur. Ordubadın bütün yaşayış tikililərində ümumi kompozisiya ilə yanaşı, ənənələrə uyğun xüsusi planın tələblərinə cavab verən çöl görünüşü diqqəti cəlb edir. Evlər bir qayda olaraq küçəyə birləşir, sahənin çöl görünüşünü tamamlayır. Ordubad evlərinin çoxunun həyətində 3-5 metr dərinlikdə çeşmələr yerləşir. Onlara giriş aşağıya doğru yönəlmiş  pilləkənlərlə müşayiət olunur ki, bunlar da “Qırxayaq” adlanır. Bütün bu çeşmələr kəhriz sistemi ilə birləşdirilib. İstənilən evin həyətində daşdan göl və sıx salınmış bağla yanaşı, üfüqi şəkildə özüllərdə salınmış üzümlüklər (talvarlar) diqqəti cəlb edir.

Azər Əliyev deyir ki, çox doğru olaraq Ümummilli Liderimiz Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırmışdır. Elə buna görə də bu nadir şəhərin qorunması və gələcək nəsillərə çatdırılması bu gün üçün mühüm məsələlərdən biridir. Azər Əliyevlə  maraqlı söhbətimizdən sonra rayon mərkəzində səyahətimizi davam etdiririk. Məhəllələrin birində təsadüfən qarşılaşdığımız yaşlı sakinlərdən birindən hal-əhval tuturuq. 84 yaşlı Seyfəddin Əhmədov deyir ki, dünyaya göz açandan bu məhəllədə böyüyüb. Bu məhəllənin tarixinin ən qoca şahidlərindəndir: – Keçmişdə buranın adı Varsan adlanırdı. Çünki bu məhəllədə ancaq varlı insanlar yaşayırdı. Sonradan isə adı dəyişib, ordubadlı ziyalı Qaffar Babayevin adı verilib. Seyfəddin baba deyir ki, Ordubad şəhərinin məhəllələrini digər yerlərdən fərqləndirən cəhət yeddi meydan, yeddi çinar, yeddi kəhrizin bir arada olmasıdır. Bu məhəllədəki evlərin tarixi ta qədimə gedib çıxır. Burada gördüyünüz evlərin bir neçəsinin 400 ildən çox yaşı var. Evlərin hər birinin qapısı uzun ömürlü olsun deyə cəviz ağacından düzəldirdilər. Elə burada Seyfəddin baba Ordubad haqqında maraqlı bir şeir səsləndirir:

Torpağın qızıldır, suların şərbət,

Köhnə libasını atdın, Ordubad.

Gülübdür üzünə nurlu səadət,

Sən də öz arzuna çatdın, Ordubad.

 

Aldığımız dəyərli məlumatlardan bir daha öyrənirik ki, Ordubad şəhərinin  tarixi-memarlıq üslubu ölkəmizin tarixinin qədimə dayanmasının maddi sübutudur. Xüsusi tarixi-memarlıq dəyəri daşıyan, şəhərsalmada kompleks abidə kimi Ordubad şəhəri Naxçıvan Muxtar Respublikasının  və ümumillikdə, turizmin inkişafında birinci dərəcəli rol oynayır.

Ordubad səyahətimizdən nə öyrəndik? Gəlinən nəticələr çoxdur. Başlıcası isə bu qədim yerində tarixə, milli-mənəvi dəyərlərə, yaşı minillərlə ölçülən adət-ənənələrə böyük ehtiram var. Bu gün də onlar yaşadılır. Ölkə Prezidentinin adıçəkilən Sərəncamı isə bu istiqamətdə yeni addımların atılacağına şərtləndirib.

Bülbül QULİYEVA

Nəşr edilib : 02.07.2024 14:07