AZ EN RU

Yazın gəlişinin ilk müjdəçilərindən biri Xıdır Nəbi bayramı

Naxçıvan bölgəsində təqvim adətləri ilə bağlı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü, qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı Kiçik çillənin yarı olduğu gün keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq. Məsələn, Şərur rayonunun Aşağı və Yuxarı Yaycı kəndlərində Xıdır bayramını fevralın 5-i, qışın yarı olduğu gün keçirirlər. Çalxanqala, Təzəkənd, Tivi kimi kəndlərdə isə Xıdır Nəbi bayramı fevralın 14-ü Xızır (ə.s.) anadan olduğu gün kimi qeyd edilir. Naxçıvan şəhərində isə bayramı Kiçik çillənin ikinci cümə axşamında keçirirlər. Bütün bunlar barədə həmsöhbətimiz AMEA Naxçıvan Bölməsinin tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovdur. 

Həmsöhbətim deyir ki, Xıdır Nəbi bayramı bəzən həftənin dördüncü gününə təsadüf edildiyindən bunu dinlə əlaqələndirirlər. Ancaq onu deyə bilərik ki, bu tamamilə yanlış bir fikirdir.  Maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilir? Çünki qışın ən çətin dövründə insanların qış üçün tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması, onun yardımına böyük ehtiyacla bağlıdır. Tədqiqat materiallarına əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu İslamdan öncə formalaşmış əski türk inancıdır.

Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır (ə.s.) gəlməz. Xızır (ə.s) gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz. 

Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanılır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdik ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir.

Qovrulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kir-kirədə  (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab  əlavə edib ovurlar. 

Qovurğa ilə yanaşı, bayram günü badam, noxud, günəbaxan tumu da qovrulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur. Maraqlıdır ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq  adəti Naxçıvan Muxtar Respublikasının hər tərəfində qeydə alınmamışdır.

Asəf müəllim onu da bildirir ki, bu  bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi, onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payını yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:

        Xıdıra xıdır deyərlər,
        Xıdırın payın verərlər.

    Və yaxud:

        Çatma, çatma çatmaya,
        Çatma yerə batmaya.
        Xıdırın payın kəsənin,
        Ayağı yerə çatmaya.

   

Torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyub uşaqları yola salırlar. Onu da qeyd edək ki, Culfa bölgəsində  (Ləkətağ, Saltax kəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbi də evin bacasından ip, ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar, ipin ucuna lələk bağlayıb, toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Evin yiyəsi də həmin adamın toyuq istədiyini bilib, torbaya toyuq qoyub geri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.

Toplanılan etnoqrafik materiallardan ətraflı bəhs edən həmsöhbətim diqqətimizə çatdırır  ki, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib, yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağın, qovuta isə əlini basacaqdır. Xızırın (ə.s) atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər.  İnama görə, belə qovut şəfaverici xüsusiyyətlərə malik olur. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, ev yiyələrinin arzuları həyata keçəcəkdir. 

Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcəkdir. Başqa bir inamda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, həmin muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaqdır. Sarıqamış çərkəzlərində də Hıdır-Elləzdə duzlu çörək yapılır. Bu çörəyin bir hissəsini subay qızlar yeyər, qalan hissəsini isə yastığının altına qoyub yatar. İnanca görə, qız ailə quracağı oğlanı yuxusunda görər. İkinci günü çörəyin qalan hissəsini qarğaların yeyə biləcəyi  yerə qoyurlar. Sonra qarğanın çörəyi götürüb hara gedəcəyinə baxıb qızın da o tərəfə gedəcəyinə inanırlar. Ordubadın Kələki kəndində isə Xıdır Nəbi günü Xızırın şərəfinə ehsan verilərdi. 

Etnoqraf alimlə söhbətimiz zamanı onu da əlavə edir ki, təsərrüfat, bolluq, bərəkətlə bağlı olaraq Xıdır Nəbi bayramında aşağıdakı mərasimlər də icra edilərdi: Ev yiyəsi yumurtlamayan toyuqları kisəyə yığıb deyərdi ki, aparıram kəsməyə. Yaşlı adam da onun qabağına çıxıb qoymazdı ki, kəsmə, bu il yumurtlayacaqlar. Toyuqlara Xıdır Nəbi qovurğası  vermə adəti də vardır. Bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər əl barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxardılar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyardılar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Bölgəmizdə də həmin gün xınanın qoyulması sərt qışın, ağır günlərin artıq arxada qaldığı, qarşıdan xoş günlərin, istiliyin gəldiyini qeyd etmək anlamına gəlir. 

Həmsöhbətim onu da bildirir ki, Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə Xıdır payı aparmaq adəti geniş yayılmışdır. Qovurğa, küncüd, qovut, noxud, mərcimək və sair çərəzlərdən xonça  tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq nişanlı oğlanlara qız evindən pay aparırlar. Payda bəyə isti köynək, yun corab da qoyulardı. Bir məsələdə vurğulanmalıdır ki, günümüzdə də nişanlı qızlara Xıdır payı aparmaq adəti mövcuddur. 

Xıdır Nəbi bayramında doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və digər adların qoyulması adəti də geniş yayılmışdır. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu Xıdır Nəbidir, atın çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir. 

        Mən Xıdırın nəyiyəm,
        Boz atının yeliyəm
.

Etnoqrafiyamızın tədqiqatçısı söhbətin bu məqamında onu da diqqətə çatdırır ki, Xıdırın boz at minməsinə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlirik. İnsanlar daim çıxılmaz vəziyyətdə qalanda boz atlı Xıdırı arzulamış, o isə öz köməyini əsirgəməmiş, onlara yol göstərmişdir. Əski türk inanc sistemində Xızır yolda qalanların yardımına gedən boz atlı yol əyəsi təsəvvür edilmişdir. 

Xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi, ilin bol, bərəkətli olmasına işarədir. 

Xızır həm də istilik və odla bağlıdır. Az öncə də deyildiyi kimi, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud:

        Xıdıra Xıdır deyərlər,
        Xıdıra çıraq qoyarlar.

deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik yazın gəlməsinin əlamətləridir. Həm də bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur. 

Milli dəyərlərin daim qorunub saxlanıldığı qədim yurdumuzda hər bayram kimi Xıdır Nəbi də öz gəlişi ilə evlərə bolluq, bərəkət gətirir. İnsanlar bu əziz gündə sacda qovurduqları qovurğadan, qovutdan qonum-qonşuya, təzə gəlinlərə, nişanlı qızlara pay tutur. Elimizin bu gözəl adətləri nəsildən-nəslə ötürülərək yaşadılır. 

Ramiyyə ƏKBƏROVA

 

Nəşr edilib : 09.02.2023 11:36