AZ EN RU

Yaz-yay-qış turizminin ideal məkanı

“Şərq qapısı” qəzetinin fotosərgiləri turizmin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir

    Şərqin qapısı Naxçıvan yaz-yay-qış turizminin ideal məkanı kimi yerli və xarici turistlərin sevərək ziyarət etdiyi diyardır. Yerləşdiyi coğrafi mövqeyi, nadir fauna və florası, zəngin tarixi-mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri muxtar respublika turizminin inkişafının əsasını təşkil edir.
    Gözəl təbiətə malik Naxçıvanda tarixi-mədəni irsin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq-quruculuq işləri buraya gələn turistlərin sayını ilbəil artırıb. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində  – Biçənək, Kükü, Ağbulaq, Nursu, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Pəzməri, Şahbulaq və başqa yaşayış məntəqələrində yaradılan əlverişli şərait turistlərin bu yerləri rahatlıqla görməsinə və gəzməsinə imkan verir. Şahbuz rayonunun Ağbulaq kəndi, Ordubad rayonunun Dırnıs, Pəzməri, Vənənd və Culfa rayonunun Ləkətağ kənd­lərində ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətləri formalaşdırılıb.
    Möminə xatın türbəsi, Xan sarayı, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, İmamzadə kompleksi, Came məscidi, Naxçıvanqala, Yusif  Küseyir oğlu türbəsi, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan buzxanası, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Şahtaxtı kəndindəki Şərq hamamı, Babək rayonundakı Nehrəm imamzadəsi və digər tarixi-mədəni abidələr bu diyara turistləri cəlb edən digər səbəbdir. 
    Müalicə turizminin inkişafında dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzi yaz-qış qonaqlarını qəbul edir. Tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr burada şəfa tapa bilirlər. “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, məscidlər qonaqların ziyarətgahına çevrilib.  Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunmaqla turistləri heyran edir. 
    Naxçıvanın özünəməxsus və zəngin mətbəx nümunələri də turistləri cəlb edir. Mövcud turizm obyektləri muxtar respublikada hotel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına şərait yaradır.  Müasir standartlara cavab verən nəqliyyat infrastrukturu, taksi fəaliyyəti göstərən sürücülərin məlumatlılığının artırılması, turizm potensiallı obyektlərə mövsümi marşrutların fəaliyyətinin təmin edilməsi, dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi, Naxçıvan Muxtar Respublikasına mediaturların təşkili bu istiqamətdə görülən işlərin davamıdır. Şahbuz rayonunun Gurbulaq, Ballıdüz, Ordubad rayonunun Göygöl, Pəzməri və Çimənək şəlalələri əsrarəngiz mənzərələri ilə unikal turistik məkanlardır.  
    Turizm sahəsində kadr hazırlığı işi də diqqətdə saxlanılır. Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin muxtar respublika muzeylərinə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyaları, hotel və turoperatorluqlarda təcrübə keçmələri onların bilik və təcrübələrinin artırılmasında mühüm rol oynayır. 
    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”  muxtar respublikada digər sahələr kimi turizmin inkişafı üçün də  yeni mərhələnin əsasını təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin 2024-cü il 21 fevral tarixli Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə imzaladığı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqında” Sərəncam isə gələcəkdə Ordubadda turizmin inkişafına töhfə verəcək. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndə­liyinin dəstəyi ilə Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində keçirilən “Naxçıvan fotolarda” adlı fotosərgi, eləcə də Türkiyə Respublikasının İğdır şəhərində “Şərq qapısı” qəzetinin fotoqraflarının çəkdikləri muxtar respublikanın müxtəlif gəzməli-görməli yerlərinin fotolarının təqdim edildiyi eyniadlı sərgi Naxçıvanın turizm potensialının geniş arenada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdi. 
    Turizm sektorunun inkişafı ölkə iqtisadiyyatında mühüm yer tutur. Odur ki, yuxarıda adıçəkilən müvafiq Dövlət Proqramının icrası gələcəkdə muxtar respublika turizminin inkişafına daha geniş perspektivlər açacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 29.04.2024 16:08