AZ EN RU

Yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı, yanğınsöndürən, əməliyyat-minik avtomobilləri vasitələri yaz-yay mövsümi istismarı şəraitinə keçirilib. Bununla əlaqədar nazirliyin Mülki Müdafiə Alayında və Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində nümunəvi məşğələ təşkil olunub.
    Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, texnikaların, avadanlıqların və cihazların sıradan çıxmasının, baş verə biləcək nasazlıqların, qəzaların və zədələnmələrin qarşısının alınması üzrə müvafiq tədbirlərin yerinə yetirilməsinin öyrədilməsi məqsədilə keçirilən məşğələdə əvvəlcə xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinin, digər mühəndis texnikalarının yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar əmr və plan şəxsi heyətə çatdırılıb.
    Daha sonra bu proses zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin təşkili, mühəndis avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, akkumulyator batareyalarına, səhra mətbəxlərinə, xilasetmə avadanlıqlarına və digər vasitələrə texniki xidmətin göstərilməsi praktik olaraq nümayiş etdirilib.
    Texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı istifadə olunan texniki mayelərin, turşuların və qələvilərin təhlükəsiz istifadə qaydaları və zəhərlənmələrə qarşı ilk tibbi yardımın göstərilməsi də şəxsi heyətin diqqətinə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 04.05.2022 19:43