AZ EN RU

Yaz günü cəfa çəkməyən qış günü səfa görməz

    Tanrının Vətənimizə bəxş etdiyi nemətlər bitib-tükənməzdir. Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü imkan verir ki, müxtəlif növ heyvanlar yetişdirilsin, onların cins tərkibi yaxşılaşdırılsın. Bütün bunlar ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün imkanlar açır. Bu gün kəndli fermer və digər heyvandarlıqla məşğul olan təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan dövlət vaxtaşırı bu sahəyə ciddi maliyyə dəstəyini əsirgəmir. Bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilib. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi də əsas prioritetlərdəndir. Bu məqsədlə də iribuynuzlu damazlıq heyvanların lizinq yolu ilə satışı həyata keçirilir. 

    Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da heyvandarlığın inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət başçısının müvafiq sərəncamlarının icrası uğurla yerinə yetirilir. Sovetlərin caynağı el-obamızdan çəkildiyi, yenicə müstəqillik qazandığımız illərdə kəndlərdə beş evdən birinin qapısında mal-qara var idisə, bu gün hər kəsin heç olmasa, bir baş iribuynuzlu və ya xırdabuynuzlu heyvanı mövcuddur. Onu da qeyd etmək yerinə düşər ki, özünüməşğulluq proqramı çərçivəsində də ailələr mal-qara ilə təmin edilir. 

    Muxtar respublikamızın səfalı rayonlarından olan Şahbuzun kənd­lərində də bu sahə inkişaf etdirilir. Rayonun Aşağı Qışlaq kənd sakini, ailə təsərrüfatçısı Vüsalə Bayramova heyvandarlıqla məşğul olanlardandır. Onunla həmsöhbət olduqda bildirdi ki, 10 ilə yaxındır ki, həyat yoldaşı Səlim Bayramovla birlikdə heyvandarlıqla məşğuldurlar. Yaşadıqları kəndin gözəl havası, təmiz suyu, yaşıl otlaqlarında bəslənən heyvanların südü də, əti də dadı ilə fərqlənir. Vüsalə xanım heyvanların südündən hazırladığı məhsulların müştərisinin də bol olduğundan danışdı. Dedi ki, pendir, şor-kərə, qaymağı satmaq üçün bazara getməyinə ehtiyac qalmır. O, Naxçıvan və Bakı şəhərlərindən sifarişlər qəbul edir. Yayboyu yaylaqda olanda pendir tutur, onu ovur, qış üçün saxlayır. Çaşırlı, tərxunlu, kəklikotulu və sadə ovma pendir hazırlayır. Bu məhsulları muxtar respublikada keçirilən festivallarda, yarmarkalarda da satışa çıxarıb. Ətlik də bəslədiyini bildirən müsahibim qeyd etdi ki, bu kəndin mal-qarasının əti digər aran kəndlərdəkindən dadlı olur. İyirmi baş iribuynuzlu heyvana həyat yoldaşının köməyi ilə qulluq edən xanım təsərrüfatçı onu da vurğulayır ki, qarşıdan gələn qış fəsli üçün də hazırlıq görüblər ki, heyvanları yaza çıxara bilsinlər. 
    Söhbətimizə qoşulan Səlim Bayramov da heyvandarlığın qış qayğılarından söhbət açıb qeyd etdi ki, qışlama dövründə mal-qaranın düzgün yemlənməsinə diqqət yetirilir, sağlamlığının qorunması üçün iribuynuzlu heyvanların infeksion xəstəliklərə qarşı peyvənd­lənməsi aparılır, dezinfeksiya işləri görürlər. Otlaq sahələri çox olmadığı üçün qışlıq yonca və digər otların bağlamalarını satın alır, tayalar qururlar. Kəpək və silosdan da istifadə edirlər. Hər bir heyvandar saxladığı mal-qaranın sayına görə yaza kimi nə qədər yem lazım olduğunu təxmin edir və yay aylarında tədarükünü görür. Necə deyərlər, yaz günündə cəfa çəkməlisən ki, qış günündə səfa sürə biləsən. Qış tədarükü təkcə yem toplamaqla bitmir, heyvanların saxlanıldığı binalar da qış üçün hazır vəziyyətə salınır. Tövlələrin dam örtüyü və arakəsmələri nəzərdən keçirilir, zədəli yerlər təmir edilir. Təcrübəli təsərrüfatçı onu da qeyd etdi ki, yerli iribuynuzlu heyvanların saxlanıldığı tövlələrdə istilik orta dərəcədə olduğu halda, cins iribuynuzlu heyvanların soyuğadavamlılığı daha azdır. Üç ayadək buzovların isə orqanizmləri tam formalaşmadığı üçün soyuğa həssasdırlar. Ona görə də heyvandarlar bunu nəzərə alıb qış hazırlıqlarını görürlər. Müsahibim onu da dedi ki, qış ayları heyvandarlığın ən çətin dövrlərindən biridir. Heyvandarlıq binaları ilə bağlı problemlərlə yanaşı, doğum və xəstəliklər ən çox bu dövrdə müşahidə edilir. Düzgün təşkil olunmayan yemləmə və saxlama şəraiti heyvanların sağlamlığını və məhsuldarlığını təhlükə altına alır. Bu qeyd edilən problemlərin qarşısını almaq mümkündür, bunun üçün, sadəcə, qabaqcadan tədbir görmək kifayətdir.
    Zəhmətkeş kənd adamları ilə söhbətimizdən belə qənaətə gəlirik ki, insan hansı sahədə işləməyindən, qazanc əldə etməyindən asılı olmayaraq, işinə yanarlıqla yanaşsa, o işdə də uğur, qazanc, ruzi əldə edər.  

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 10.10.2023 19:09