AZ EN RU

Yaz əkinləri bol məhsuldan xəbər verir

    Muxtar respublikada aqrar sahənin inkişafına mühüm töhfələr verən Culfa rayonunda cari yaz-tarla işləri də mütəşəkkil şəkildə həyata keçirilir. Yazın ilk günlərindən sahələrə çıxaraq, ümumilikdə, 250 hektardan çox ərazidə şum qaldıran rayonun torpaq mülkiyyətçiləri bu günə kimi həmin sahələrin 150 hektarında yazlıq əkin aparıblar. Əkin zamanı məhsuldar toxum sortlarından istifadəyə üstünlük verilib, 80 hektar sahədə yazlıq arpa əkini həyata keçirilib, ümumilikdə, 60 hektar əkinin suvarılması təmin edilib. Bu il rayonda əkilən sahələrin 0,5 hektara yaxınını sarımsaq, 2,7 hektardan çoxunu soğan, 17 hektarını isə bostan bitkiləri təşkil edir. Hazırda sahələrdə aqrotexniki və suvarma tədbirləri aparılır, eyni zamanda payızda əkilmiş taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri də görülür. 
    Culfada heyvandarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Qüvvəli yem ehtiyatı yaratmaq üçün torpaq mülkiyyətçiləri 30 hektardan artıq sahədə çoxillik əkmələr də aparıblar. Rayonda əkinçilik təsərrüfatlarında bu günədək görülən işlər belə qənaət yaradır ki, cari təsərrüfat ili də torpaq mülkiyyətçiləri üçün uğurlu olacaq. 
    Culfa rayonunun iri yaşayış məntəqələrindən olan Yaycıda da təsərrüfat işləri günü-gündən sürətlənir, əkin sahələrində canlanma müşahidə edilir. Yaycılılar təsərrüfatda daha çox gəlirgətirən kartof, soğan və sarımsaq əkininə üstünlük verirlər. Bu il kənd sakinləri 2 hektar sahədə soğan əkiblər. 
    Qeyd edək ki, muxtar respublikamızda Yaycı soğanı adla deyilir. Əvvəllər bu qiymətli tərəvəz bitkisi daha çox həyətyanı sahələrdə əkilir, istehlak məqsədi daşıyırdı. Yaycının təsərrüfat adamları muxtar respublikamızda tərəvəzçiliyin inkişafı üçün yaradılan şəraitdən bəhrələnərək pay torpaqlarında da soğan əkinini genişləndiriblər. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.05.2023 23:58