AZ EN RU

Yaylaq yollarında

Qəzetin 1960-cı il iyul ayının 19-da nəşr edilən bir sayında verilmiş fotoşəklə baxıram… Çiynində ağ ipək şal, əynində çit paltar, saçı hörüklü bir ağbirçək xanım at belində dayanıb üfüqü seyr edir. Arxada əzəmətlə dayanan Haçadağ və atın ayaqlarının bənd olduğu yerdən Haçadağın ətəklərinə qədər açılmış sanki ruzi-bərəkət dolu süfrəni xatırladan geniş taxıl zəmiləri, bostanlar, bağ-bağatlar… Sözügedən şəklin aşağı hissəsində isə belə yazılıb: “Culfa rayonundakı Əzizbəyov adına kolxozun sədri Gülan Muradova yaylaq yollarında”.
Yalnız muxtariyyət tarixinin səhifələrinə yox, elə “Şərq qapısı” qəzetinin ədəbi inkişaf yoluna baxanda da yurdumuzun dünəni gözümüzdə canlanır. Məcmuədə yer alan hər bir fotoşəkil, onun çəkildiyi dövr insanı düşündürür. Düzdür, bu zamana qədər qəzetdə yer alan fotoşəkillərdən çox az danışılıb, bəlkə də, heç bu barədə danışılmayıb. Ancaq bəzi fotolarla maraqlananda gördük ki, bu ağ-qara rənglərin yaratdığı xatirələr necə rəngarəng illərə işıq tutur…

Nəşr edilib : 27.04.2024 17:20