AZ EN RU

Yayın bolluğu – qışın ruzisi

    Bu gün diyarımızın, demək olar ki, hər yerində qadınlarımız tərəfindən qış üçün müxtəlif cür yeməklər, salatlar, turşular, kompot və mürəbbələr hazırlanır. Yayın bolluğunu qışın yavanlığı bilən Ordubad sakinləri də qış üçün tədarük edirlər. Onlar badımcan, bibər, pomidor yeməkləri, alana və miyanpur hazırlayır, əriştə kəsir, turşu qoyurlar.

    Rayonda adət-ənənələrimizi yaşadan, hazır­ladığı müxtəlif məhsullarla alıcıların da diqqətini cəlb edən Natiqə Əliyeva ilə həmsöhbət oluruq. O deyir ki, Ordubad rayonu milli dəyərlərin yaşadıldığı, adət-ənənələrin qorunub saxlanıldığı bölgələrdən biridir. Həm də özünün bağçılıq ənənələri ilə tanınan rayonlardandır. Təmiz havası ilə seçilən bu diyarda kənd təsərrüfatı əhalinin başlıca məşğuliyyət sahəsidir. Bu gün təsərrüfat sahələrindən əldə etdiyimiz məhsullarla qışa hazırlaşır, həmçinin müxtəlif çeşiddə məhsulları sataraq dolanışığımızı təmin edə bilirik. Müxtəlif cür kompot, mürəbbə, meyvə, dərman quruları hazırlayaraq satan Natiqə xala hazırda rayonda qışa tədarük edilən məhsullar barədə məlumat verdi. Milli mətbəximizin sevilən yeməklərindən olan əriştənin hazırlanması barədə danışan müsahibim deyir: – Qızım, əvvəlcə un, duz və su ilə xəmir yoğururuq. Əriştənin xəmiri xüsusi səriştə ilə yoğrulmalıdır. Xəmir nə çox duzlu, nə çox duzsuz olmalıdır. Sonra yaxşıca acısın deyə üzərini örtüb yarım və ya bir saat onu “dincəlməyə” qoyur, sonra hasilə gələn xәmirdən kündә tuturuq. Onu da deyim ki, əriştə kəsmək zəhmət tələb edir. Onun üçün də yaxın qohum və qonşuları çağırır, beş-altı nəfərlə birgə səhərin erkən saatlarından işə başlayırıq. İki nəfər kündələnmiş xəmiri “əppək taxtası” üstə əvvəlcə “vərdənə” ilə yastılayır, sonra oxlovla nazik lavaş kimi açır, yapışmasın deyə üzərinə tez-tez un səpir, üst-üstә qatlayıb bıçaqla zolaq (dilim) şәklindә kәsirik. Nə çox incə, nə də ki çox qalın kəsilməlidir, yoxsa bişəndə fərq özünü göstərəcək. Kəsilən əriştə özəkçilərə ötürülür, iki nəfər özəkçi bunu əl ilə özəyir, “zəncir” kimi uzadır. Bir nəfər də onları həyətdə günəş yaxşı düşən yerdə ağaclardan bağlanmış qalın iplərin üzərindən sərir. Hər şey qaydasında aparılmasa, əriştə ipdə durmaz, tökülər. Bu ehtimalı nəzərə alıb əriştələrin altına parça, ya da süfrə açırlar ki, onu sərərkən və ya quruyarkən yerə düşməsin. Əriştə kəsimi vaxtı nahara elə təzə kəsilmiş və qurumuş əriştədən əriştə aşı hazırlayarıq. Onun içərisinə ləpə, yaxud bişmiş quru lobya, əlavə dad üçün isə nanə, gilənar və ərik qurusu əlavə edilir. Hamı bir yerdə bu ləzzətli yeməkdən dadır, eyni zamanda da görülən işə qiymət verilir. Axşamüstü tam quruyan əriştəni ipdən toplayıb sərin yerdə qış üçün saxlayırıq. Qışda isə bir hissəsini sacda və yaxud sobada qovurur “çəkmə” adlı yeməkdə düyü ilə birgə istifadə edirik. Qışda ələyəzlə birgə hazırlanan əriştə aşı (şorbası) soyuqdəymənin bir nömrəli dərmanıdır. Bu gün ana-nənələrimizdən bizə ərməğan olan bu adət-ənənələrin yaşadılması gözəldir. Biz də bu ənənəni övladlarımıza, nəvələrimizə ötürürük. 

    Müsahibim deyir ki, hazırda qış üçün tədarük edilən məhsullardan biri də kələm turşusudur. Onu hazırlamaq üçün kələm və kökü doğrayırıq. Şüşə bankaya əvvəlcə kələm sonra üzərinə şüyüd, kərəvizin göyü və yaxud qurusunu, acı bibər və kökü əlavə edirik. Eyni qayda ilə hamısını lay-lay yığırıq.
    Kənarda turşu üçün hazırlanan duzlu suyu kələmin üzərinə töküb, sərin yerdə saxlayırıq. Qoyulan turşunu 15-20 gündən sonra yeyə bilərsiniz.
    Natiqə xala Ordubad alanası və miyanpuru haqqında da bizə danışır: – Alananı şaftalının nazlı, armudun isə əndiryanı və şəkəri növlərindən hazırlayırıq. Alana üçün əvvəlcə lazım olan meyvələr dərilir. Qabığı soyulub, ipə salınır, ya da adi formada günəşin daha çox düşdüyü yerdə beş-altı gün qurudulur. Bundan sonra həmin meyvələr saplağı tərəfdən dairəvi kəsilərək içərisindəki tumu çıxarılıb, yenidən gün düşən yerdə bir gün qalır. Ardınca çəkilmiş cəviz ləpəsi və şəkər tozunun qarışığından olan içlik quru meyvənin içərisinə doldurulur. İçliyə tam vermək üçün vanil, mixək, darçın, zəncəfil qatmaq olar. Sonra yenidən 10-15 alana bir sapa düzülür və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır. Mənası ala-nəm sözündən götürülən, yalnız Ordubad rayonuna məxsus olan bu qədim və dadlı şirniyyat növünü qışda ağız ləzzəti ilə yeyir, eyni zamanda sata bilirik. 

    Miyanpur isə ərik və  ya nazlı şaftalıdan (güştü) hazırlayırıq. Miyanpurun içinə alanadan fərqli olaraq hazırlanmış qarışım deyil, cəviz ləpəsi qoyulur və qurudulur. Hər iki şirniyyat növü qonaq qarşılayarkən, eyni zamanda bayram süfrələrinə xüsusilik və gözəllik qatır. 
    Atalar əbəs yerə demir ki, ehtiyat igidin yaraşığıdır. Beləliklə, də işgüzar, fərasətli xanımlarımız yay aylarında qışa tədarük etməklə soyuq aylar üçün lazımi qida ehtiyatlarını yaratmış olurlar. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 31.08.2022 20:52