AZ EN RU

Yaycı yaşayır

Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinə verilən ən real qiymət, həmin hadisələri unutmamaq, illər boyu qonşuluq etdiyimiz vandalların, çörəyi dizində olanların iç üzünün tanınması baxımından atılmış mühüm addımlardan biridir. Bu da bir həqiqətdir ki, son iki yüz ildə ermənilərin qədim Azərbaycan ərazilərinə köçürülməsi və onların zaman-zaman dinc insanlarımıza qarşı törətdikləri soyqırımı faciələri tariximizin ən qanlı səhifələridir. Bu faciələr içərisində miqyasına görə ən böyüyü 1918-ci ilin mart soyqırımıdır ki, bu da paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin digər rayonlarını da əhatə etmişdir. 
Həmin dövrdə Naxçıvana yiyələnmək xülyasına düşən daşnaklar burada da yerli əhaliyə qarşı vəhşiliklər törətmiş, xüsusilə Culfa rayonunun Yaycı kəndində bu faciənin miqyası daha böyük olmuşdur. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Fərəc Fərəcov 2002-ci ildə nəşr etdirdiyi “Yaycı soyqırımı” kitabında haqlı olaraq Yaycı soyqırımını “ən böyük qətliam” adlandırır. 31 mart azərbaycanlıların soyqırımı ərəfəsində Fərəc Fərəcovla bir daha həmin dövrdə Yaycı kəndində yaşanan faciəli hadisələrlə bağlı söhbət etdik. 
Müsahibimin sözlərinə görə, 1918-ci il iyun ayının 14-də Culfa rayonunun Yaycı kəndi erməni Andranikin quldur dəstələrinin qəfil hücumuna məruz qalmışdır. Hücumdan əvvəl isə hiyləgər düşmən, yaxın qonşu kəndlərdə məskunlaşan Aza və Darkənd yaşayış məntəqələrinin erməni sakinləri Yaycıya gələrək kəndin ağsaqqallarına, başbilənlərinə demişlər: “Andranikin sizlərə heç bir xətəri olmayacaq. Onlar buradan sakitcə keçib gedəcəklər. Arxayın ola bilərsiniz”. Əlbəttə, kəndin ürəyiaçıq insanları həmişə get-gəl etdikləri ermənilərin bu “səmimi” sözlərinə inanırlar. Beləliklə, erməni quldur dəstəsi İran ərazisindən Culfaya adlayaraq Yaycıya hücum çəkmiş, kəndi qırıb-çatmış, evlərə od vurub yandırmış, əhalini qılıncdan keçirmişdir. Təxminən, 2500 Yaycı sakini amansızlıqla qətlə yetirilmişdir. Kəndə hücum gündüz vaxtına təsadüf etdiyindən əli iş tutan insanların çoxu çöl-təsərrüfat işlərində idi. Buna görə də faciəyə düçar olanların çoxu uşaqlar, qadınlar və qocalar olmuşdur. 
Müsahibimiz onu da qeyd etdi ki, həmin gün kənddə onlarla ailə tamamilə məhv edilmiş, yüzlərlə insan şikəst qalmışdır. Onlardan bir neçəsi son illərdə dünyasını dəyişmişdir. Ağır işgəncəyə məruz qalmış Yaycı kənd sakinlərindən biri – qolu yox Yasəmən idi. Onun oğlu Əbülfəz Süleymanov  deyirdi ki, anamgil 8 bacı olub, onların 6-nı ermənilər Arazın kənarında öldürmüşdülər.  Sona adlı bir bacısını İran tərəfə keçirə bilmişdilər. Yazıq qadının bir qolunu da erməni cəlladları həmin zaman vurub yerə salmışdılar. 
Bu ürəkağrıdan söhbətdən sonra Fərəc müəllim Yaycıda baş verənlərin ermənilərin xalqımıza qarşı törətdiyi əsl soyqırımı olduğunu bir daha qeyd edərək  vurğuladı ki, şükürlər olsun, ötən əsrin sonunda müstəqilliyimiz yenidən bərpa edildi, milli tariximizin araşdırılması, yenidən yazılması istiqamətində böyük işlər görüldü. Yaycı kəndində də yaşanmış həmin hadisələrin unudulmaması, soyqırımı qurbanları xatirəsinin əbədiləşdirilməsi üçün 2007-ci ildə kəndin mərkəzində abidə ucaldılıb. 
2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə keçirilən antiterror əməliyyatları ilə ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Ordusu sübut etdi ki, nahaq tökülən qan yerdə qalmır. Bu gün artıq Qərbi Azərbaycana qayıdış, erməni işğalında qalmış 8 yaşayış məntəqəsinin azad edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu məqsədlərə çatmaq üçün dövlətimiz bütün mümkün olanları edir.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 31.03.2024 14:20