AZ EN RU

Yay süfrəsinin ürək sərinlədən, şirin tamlı qidası...

    Elə ki yayın cansıxıcı istiləri başladı, böyükdən-kiçiyə hər bir naxçıvanlı tez-tez şəhərin, kəndin oturaq həyatından uzaqlaşıb cana məlhəm kimi yayılan sərin dağ havasının pərvazlandığı təbiət qoynuna üz tutar, isti günlərdə ləziz, sərinləşdirici təamlarla bəzənən süfrə qarşısında mədəni istirahətlərini təmin edərlər. Şən, deyə-gülə yeyilən bu təamlar sırasında zəhmətkeşliyin, əməksevərliyin bəhrəsi sayılan nələr olmaz ki, nələr... Pendir, qatıq, şor, ayran, dovğa, pomidor, xiyar, müxtəlif göyərtilər... “Yay süfrəsinin olmazsa olmazlarından, ürək sərinlədən, şirin tamlı qidası sayılan qarpız yaddan çıxdı” dediyinizi duymaq heç də çətin deyil, əziz oxucularımız. Bəli, ilin bu vədəsində hara üz tutsaq, qarşımıza çıxan, dükan-bazarı, bölgələrimizə uzanan magistral yolların kənarlarında düzülən piştaxtaları bəzəyən, gündə azı bir dənəsinin dadına baxdığımız bu bostan bitkisini unutmaqmı olar heç? Əsla. Yazımızın əsas mövzusu da elə qarpızdır. Özü də Naxçıvanımızın hər yerində adla deyilən Nehrəm qarpızı...

    Yəqin, mənimlə çoxları razılaşar ki, “Nehrəm”, “əkin-biçin işləri”, “meyvə-tərəvəz, bostan bitkiləri” sözləri bir arada eşidiləndə, heç şübhəsiz ki, yaddaşlarda ilk canlanan, ağıla gələn insan məhz Cəmşid Həsənov olur. Bu da təsadüfi deyil. Atalarımızın “Əmək insanı ucaldar”, “Çalışqan əl nəyə dəysə qızıl olar”, “Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır” deyimlərinin əyani ifadəsini məhz bu təsərrüfatçının fəaliyyətində sezmək çətin deyil. Uzun illərdir, əkin-biçin işləri ilə ailəsinə gün-güzəran yaradan, muxtar respublikamızın bazarlarını keyfiyyətli məhsullarla təmin edən Cəmşid kişi meyvə-tərəvəzin dilini bildiyi qədər həm də insanlarla mehriban, ünsiyyətcil, səmimi müsahib olmağı da yaxşı bacarır. Əbəs yerə deyil ki, qəsəbə camaatının xətir-hörmətini qazanan təsərrüfat adamı ötən ilin iyul ayından Nehrəm bələdiyyəsinin sədri kimi məsul vəzifəni də icra edir. Elə Nehrəm qarpızının yetişdirilmə üsulları barədə öyrənmək üçün qəsəbədən soraq aldıqda sakinlərin Cəmşid Həsənovu nişan verəcəkləri də əvvəlcədən gün kimi aydın idi. Zəhmət adamı ilə söhbətimiz təsərrüfat işlərini görən zaman baş tutdu. 
    Cəmşid kişi bildirdi ki, gözümü açıb özümü dərk edəndən atam Xəlilin, əmilərim Hüseynqulu və Cəlilin əkinçiliklə məşğul olduqlarını görmüşəm. Digər tərəvəz məhsulları kimi, qan təzyiqini tarazlamaqdan sağlam arıqlamağa qədər çoxsaylı faydaları olan qarpızın becərilmə üsullarını da adını çəkdiyim böyüklərimdən görüb-götürmüşəm. Babək rayonunda ilk qarpız təsərrüfatı babam Heydərqulu kişiyə məxsus olub. Belə ki, 1960-1965-ci illərdə babam övladları ilə birgə Naxçıvan-Culfa yolundakı “Pircüvar” düzündə 0,8 hektar ərazidə qarpız əkini həyata keçirib. O zamanlar indiki kimi müasir texnika və vasitələr olmadığından primitiv üsullarla bu məhsulu becərməyə çalışıblar. Çəkdikləri zəhmət hədər getməyib, bir neçə il ərzində yaxşı məhsul götürüblər. Sonralar rayonun digər sakinləri də babamdan becərmə üsullarını öyrənərək özlərinəməxsus qarpız təsərrüfatları yaradıblar. Mən də məktəbli yaşımdan əkin-biçin işlərinə maraqlı olmuşam. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə ilbəil əkin ərazilərimi, təsərrüfatımı xeyli genişləndirib, ailəmə gün-güzəran yaratmışam. Qarpız, qovun əkini də ailə təsərrüfatımın ayrılmaz parçasına çevrilib.
      Mövsüm zamanı 35-ə yaxın insanı təsərrüfatında işlə təmin edən Cəmşid Həsənov qeyd etdi ki, Nehrəm torpağının münbitliyi, tərkibindəki mineral maddələr burada tərəvəzçiliyin, bostan bitkilərinin, o cümlədən də qarpızın keyfiyyətliliyini, məhsuldarlığını şərtləndirir. Ancaq bol məhsul əldə etmək üçün gərəkdir ki, məhsulun yetişdirilmə üsullarını, aqrotexniki qaydaları düzgün bilib vaxtında və dəqiq yerinə yetirəsən. Qarpız əkini iki üsulla – ştil və toxumla həyata keçirilir. İllərdir, qazandığım təcrübə toxumla əkinin daha əlverişli olduğunu göstərib. Əvvəllər toxum sarıdan çətinliklərimiz var idi. Ancaq “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətə başlaması işimizi xeyli asanlaşdırıb. İndi mövsüm vaxtı daha əvvəlki kimi tədirgin olmadan, rahat şəkildə keyfiyyətli toxum sortlarını əldə edib torpaq sahəmizdə əkirik. Təsərrüfatımızda Hollandiya, Adana, Sabirabad qarpız sortlarına,  türkmən qovunu növünə üstünlük veririk. Elə ki novruzgülü baş qaldırdı, ailəliklə əkin ərazilərimizə üz tuturuq. Mart ayında payızda şumladığımız ərazini yenidən əkinə hazır vəziyyətə gətiririk. Həmin ayın 23-dən aprelin 4-nə kimi, havaların yağıntılı dövründə qarpız əkinini icra edirik. Təcrübəmə əsasən deyim ki, qarpız elə də çox susevər deyil, 20-25 gündən bir suvarmaq kifayətdir ki, yaxşı məhsul hasil olsun. Mövsüm ərzində 3-4 dəfə suvarmaq bəs edər. Alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma, süni, yaxud əlavə tozlandırma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini də vaxtlı-vaxtında icra etmək lazımdır. İyunun sonu, iyulun əvvəllərində artıq məhsul tədarükü başlayır. Fəxrlə deyim ki, ötən il əkdiyim 20-25 hektar ərazidən 25-30 tona qədər qarpız yığmışam. Cari ilin yaz əkinləri də ürəyimcə olub, məhsuldarlıq yüksəkdir. Hazırda taxıl biçdiyim ərazidə də payızda turşusunu, arağını, mürəbbəsini hazırlamaq üçün qarpız əkini həyata keçirmişəm.
    Muxtar respublikamızda fermerlərə, təsərrüfat adamlarına böyük diqqət və qayğı ilə yanaşıldığını vurğulayan Cəmşid Həsənov qeyd etdi ki, dövlət maliyyə yardımı hesabına əkin-biçin, istehsal proseslərində lazım olan texnikaları sərfəli şəkildə əldə edib: – Qarpız, qovun arağını hazırlamaq üçün Ukrayna istehsalı olan filtir və aparatı da dövlətimizin dəstəyi ilə almışam. Araqla yanaşı, qarpızın turşusunu, mürəbbəsini də hazırlayıb sərfəli qiymətə alıcılara təklif edirəm. Məhsullarımın tanıdılması baxımından muxtar respublikamızda keçirilən festivalların, satış yarmarkaların xüsusi əhəmiyyəti vardır. 2019-cu il, bu mənada, mənimçün olduqca əlamətdar və yaddaqalan oldu. Belə ki, həmin ilin payız ayında keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında məhsullarımı geniş kütləyə tanıtmaqla yanaşı, “Ən yaxşı məhsul” nominasiyası üzrə keçirilən müsabiqədə qalib oldum. Ümumiyyətlə, ömrünü təsərrüfat işlərinə həsr edən bir insan kimi dövlətimdən çox razıyam, uğurlar qazanmağımda zəhmətkeşlik, ailəmin dəstəyi bir yana, dövlətimizin qayğısı həlledici rol oynayıb. Mənimlə yanaşı, bu gün rayonumuzda, qəsəbəmizdə əlverişli imkanlar hesabına onlarla təsərrüfat yaradıb, iş-güc sahibi olanlar vardır. Qəsəbəmizin bütün zəhmətkeşləri adından dövlətimizə minnətdarlıq edirəm.
    Böyük şairimiz Nizami Gəncəvi deyirdi ki, torpağa mərhəmət xeyirdir inan, lütf etsən gül verər, zülm etsən tikan. Bu gün hər bir naxçıvanlı təsərrüfatçı bu kəlamda söylənilən həqiqətin mahiyyətinə dərindən varıb, dövlətimizin yaratdığı imkanlardan səmərəli faydalanaraq torpağa mərhəmət göstərib, lütf etməklə öz həyatlarına, yaşayışlarına, ümumilikdə isə muxtar respublikamızın iqtisadi qüdrətinə töhfələr verirlər. Adı dillərdə gəzən, yay süfrəmizin bəzəyinə çevrilən Nehrəm qarpızının şan-şöhrətini daha da ucaltmaq amalı ilə çalışan, əməyi güllər açan Cəmşid Həsənov kimi...

 Nail ƏSGƏROV
 

Nəşr edilib : 18.07.2022 18:51