AZ EN RU

Yay süfrələrinin yaşıl donlu, şirin tamlı meyvəsi...

    İlin dörd fəslindən hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara bəxş etdiyi əhvali-ruhiyyə ilə fərqlənir. Hər mövsümün xüsusi bir gözəlliyi vardır. Hazırda yay fəslinin gözəlliklərini yaşayır, nemətlərindən dadırıq. Yay deyilən zaman ağlımıza ilk gələn meyvə-tərəvəz bolluğu olur. Ərik, gilas, qovun, qarpız və digər bir-birindən dadlı, faydalı meyvə və tərəvəzlər...
    Mövsümün ən çox sevilən nemətləri isə bostan məhsullarıdır, xüsusilə qarpız. Su və şəkərdən ibarət olduğu düşünülsə də, qarpızın tərkibində çox zəngin, yüksək qida dəyəri vardır. Naxçıvanın Nehrəm qarpızı olduqca məşhurdur. Bir çox vitamin və minerallarla zəngin tərkibə malik Nehrəm qarpızı ləzzətli olması ilə fərqlənir. Qarpızın becərilmə qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün 12 ildən artıq bostançılıqla məşğul olan Babək rayon Nehrəm qəsəbə sakini Məhəmməd Sadiqov ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi: – İlk vaxtlar qarpız yetişdirməklə özüm məşğul olsam da, sonradan ailə üzvlərimin dəstəyi ilə təsərrüfatımı xeyli böyütdüm. İndi 15 hektar ərazini əhatə edən bostanımızda oğlum, yoldaşım və anam çalışırıq. Təsərrüfatımızda meyvə-tərəvəz, buğda və sair əkin sahələrimiz də vardır. Lakin əsas üstünlük yay mövsümünün vazkeçilməz qidası qarpızdır. Qarpızın yüzlərlə sortları vardır. Belə ki, qarpız digər məhsullara görə nisbətən gec əkilir. Lakin toxumdan asılı olaraq, tezyetişən sortlar 75-80, orta yetişən 85-100, gecyetişənlər isə 100-120 günə yetişir. Əkin zamanı qarpızın toxumunu birbaşa sahələrə əkir və ya şitil üsulu ilə də becəririk. Həmçinin bostan bitkilərindən yüksək məhsul götürülməsi qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsindən asılıdır. Bostan bitkilərinə düzgün qulluq məhsul üçün mühüm əhəmiyyət daşıyır. Suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aqrotexniki qaydalara uyğun vaxtlı-vaxtında aparılmalıdır. Tədarük zamanı isə yetişməyə, təxminən, 3-5 gün qalmış 2-3 santimetr uzunluqda saplaq saxlamaqla yığılmalıdır. Oğlum Elman gələcəkdə sahələrimizi daha da böyütmək arzusundadır. Anam isə yaşının 75-dən çox olmasına rəğmən torpaqdan, əkindən ayrıla bilmir: “Gənc vaxtlarımdan bəri üzümçülük, taxıl, pambıq əkinlərində çalışmışam. İndi isə öz bostanımızda ailə təsərrüfatımıza dəstək oluram”, – deyir.
    Qarpızın faydaları barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkim-terapevti Ramidə Bağırova deyir ki, elə bir adam olmaz ki, qarpızı sevməsin. Elə insanlar var ki, mövsüm boyu qarpız onların qida rasionunda hər gün yer alır. Qarpız bədəni zərərli toksinlərdən təmizləyir, qaraciyəri yeniləyir, böyrəyin funksiyalarını yaxşılaşdırır. Qarpızın tərkibində olan likopen maddəsi xərçəngə qarşı immun sistemini qüvvətləndirir. Likopen antioksidant xüsusiyyəti sayəsində toksinlərin sağlam toxumalara və orqanlara bağlanmasını əngəlləyir. Qarpızın tərkibində olan A və C vitaminləri saçları və dərini qidalandırır. Yüksək miqdarda sudan ibarət olması saçlara müsbət təsir göstərir. Kalium və maqnezium miqdarı təzyiqi aşağı salır. Qan damarları və arteriyalardakı gərginliyi azaldır. Qarpızın qabığı, tumları da insan orqanizminə müsbət təsir göstərir. Lakin faydası olduğu qədər, günlük miqdardan artıq yeyilən zaman çəki artımı və başqa bir çox zərəri də ola bilər. Qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır və bunun fəsadları uzun müddət davam edir. Qarpız zəhərlənməsi zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Mütəxəssislər, hətta qarpız zəhərlənməsi zamanı zərərçəkəndə bir sıra fəsadların qaldığını deyir. Bəzən qarpızların içinin qırmızı çıxmasına və necə deyərlər, “bal kimi” dadmasına baxmayaraq, qarpızı yedikdən bir müddət sonra zəhərlənmə baş verir ki, buna da səbəb yetişdirilmə zamanı tərkibinə vurulan gübrələr və dərmanlardır. Bir sıra mütəxəssislər avqust ayının 10-15-nə kimi, xüsusilə də qarpızla qidalanmaqdan ehtiyatlı olmağı tövsiyə edirlər. 
    Qarpızın süfrələrimizdə xüsusi bir yeri vardır. Qabaqkimilər fəsiləsindən olan bu bitki cinsinin Azərbaycanda 35-ə qədər sortu mövcuddur. Naxçıvan mətbəxində də geniş yer tutan qarpızdan mürəbbə, marmelad hazırlanır, yetişməmiş halından isə turşu qoyulur. Qarpız xüsusi qaydada saxlanılır və çillə ərəfəsində bayram süfrələrinə gözəllik qatır. Çillə qarpızı nişanlı qızlarımızın xonçalarında xüsusi yer tutur. Əsrlərə söykənən bu milli adətimiz günümüzdə də davam etməkdədir. Yay mövsümünün bu əvəzsiz məhsulu iyun ayının ortalarından etibarən satışa çıxarılır. Arzumuzdur ki, hər ötən il bazarlarımız daha da çox qarpız, qovun kimi dadlı-tamlı giləmeyvələrlə dolu, süfrələrimiz isə bərəkətli olsun.

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 26.07.2023 19:08