AZ EN RU

Yay Futbol Düşərgəsi start götürüb

    Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Futbolun İnkişaf Fondu tərəfindən 2023-cü il 19-25 iyun tarixlərdə Uzunoba Təlim-Məşq İdman Kompleksində təşkil edilən qazi, aztəminatlı ailələrdən olan 10-12 yaş arası 20 qız və 20 oğlan olmaqla, ümumilikdə, 40 uşaq üçün təşkil edilən futbol düşərgəsi start götürüb.
    Keçiriləcək 7 günlük Yay düşərgəsində müxtəlif mövzuları əhatə edən fərdi inkişaf təlimləri, ekskursiyalar, maraqlı idman oyunları, futbol dərsləri, eyni zamanda Ulu Öndər Heydər Əliyevin həyatı, idmana və gəncliyə qayğısı barədə məlumat veriləcək. Qeyd olunan uşaqların valideynləri üçün də mütəxəssislər tərəfindən təlim həyata keçiriləcək. 
    Yay Futbol Düşərgəsinin ilk günündə fondun icraçı direktoru Tural Piriyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülvi Əliyev, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və Araz-Naxçıvan Peşəkar Futbol Komandasının sədr müavini Sakit Rzayev çıxış edərək respublikada həyata keçirilən idman siyasətindən, təşkil edilən Yay düşərgəsinin, eləcə də futbolun əhəmiyyətindən danışıblar.
    Yay Futbol Düşərgəsi UNICEF-in təlimçisi, psixoloq Aynur Bünyadova tərəfindən həyata keçirilən təlimdə stresin idarə olunması, emosional tənzimləmə, özünüqiymətləndirmə, müsbət düşüncəyə aid mövzuyla bağlı filmin nümayişi və filmin müzakirəsi ilə əlaqədar diskussiya xarakterli söhbət aparılıb. Sonda futbol nəzəriyyəsi, bu oyunun həyata keçirilməsi barədə uşaqların marağına səbəb olan söhbətdən sonra futbol oyunu ilə Yay düşərgəsinin ilk günü başa çatıb. 
    Yay Futbol Düşərgəsində uşaqların qida və təhlükəsizliyini təmin etmək üçün də hər cür şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 19:07