AZ EN RU

Yay aylarının sevilən meyvəsi – şaftalı

    Şaftalı yay aylarının sevimli meyvələrindən biridir. Bu gün bazarlarda sıx rast gəldiyimiz şaftalını muxtar respublikamızda yetişdirən təsərrüfatçılar kifayət qədərdir. Xüsusilə Şərur, Ordubad bölgələrində becərilən bu meyvə şirinliyi, tamı ilə damaqlarda xoş bir dad buraxır. 

    XVIII əsrdə Hollandiya səyyahı Lebuyun yazırdı ki, Ordubadın hər yeri zahiri görünüşü ilə olduqca gözəl və diqqətəlayiqdir. Burada olan bağların meyvəsi gözəl, ətirli, lətif və şirindir. Qədim zamanlardan bağlar diyarı kimi tanınan Ordubad rayonu meyvəçiliyin inkişaf etdiyi bölgələrimizdən biridir. Bu diyarın meyvələri özünəməxsus dadı, ləzzəti ilə seçilir. Ordubad əriyi, şaftalısı, limonu, heyvası və cəvizi muxtar respublikadan kənarda adla tanınır. 
    Ordubadın özünəməxsus şaftalı sortları vardır ki, onlar bir vaxtlar xarici ölkələrdə təşkil edilmiş meyvəçilik sərgilərində öz layiqli yerini almış, Ordubada səyahət edən ingilis səyyahı Antoni Cenkinson yazmışdı: “Mən Ordubadda gözəl bağlar, ətirli, iri şaftalı gördüm ki, buna heç yerdə rast gəlməmişəm. Ordubad gözəl meyvə bağları ilə diqqəti cəlb edir”. 
    Rayonda 31 illik bağçılıq təcrübəsinə malik olan Rahim Kərimov bir çox meyvələrlə yanaşı, təsərrüfatında şaftalı da əkib-becərir. Onun dediklərindən: – Ordubadın meyvələri dadına, görünüşünə görə şöhrət qazanıb. Heyva, şaftalı, ərik, limon dünyanın heç bir yerində Ordubaddakı kimi gözəl, dadlı, ətirli, tamlı olmur. Ordubadın meyvə sortları sovet dövründə Qubaya, Xaçmaza və digər rayonlara yayılmışdı. Hazır­da bir hektara qədər meyvə bağına qulluq edirəm. Məqsədim Ordubadın meyvəçiliyini inkişaf etdirməkdir. İlk meyvə bağımı 1992-ci ildə salmışam. 1992-2022-ci illər arasında Abşeronda 50-yə qədər, müxtəlif regionlarda 30-40 bağ salmışam. Bu ilin son bağını Ağsuda 1000 ədəd ərik ağacı əkməklə salmışam. 
    “Meyvəçiliyə, bağbanlığa maraq məndə uşaqlıqdan yaranıb”, – deyən təcrübəli bağban ölkəmizdə yetişən bütün meyvələri becərdiyini qeyd edir: – Bunların içərisində alma, armud, heyva, yemişan, əzgil, xurma, şaftalı, ərik, gavalı, göyəm, alça, gilas, gilənar, tut, zoğal, iydə, innab, nar, əncir, fındıq, cəviz, şabalıd, püstə, badam, limon, mandarin portağal və digər meyvə, giləmeyvələrlə yanaşı, dekorativ ağaclar da vardır. Təqribən, meyvələrin 200-ə yaxın sortunu becərirəm. Şaftalının 20-25, əriyin 20-yə yaxın, üzümün 30-dan yuxarı sortunu becərib artırıram. Əsas məqsədim Azərbaycanın, Ordubadın qədim sortlarını itməyə qoymamaqdır. 
    “Bir neçə şaftalı sortu var ki, Vətəni Ordubaddır”, – deyən müsahibim qeyd edir ki, meyvəçiliklə bağlı kitablarda da şaftalı sortları xarici, Azərbaycan sortları olmaqla, iki yerə ayrılır. Azərbaycan sortları içində isə Ordubad sortları adla deyilir: – Bu gün bazarlarda olan şaftalıların əksəriyyəti Azərbaycan, eləcə də Ordubad sortlarıdır. Rayonda şaftalının ən məşhur sortu “salamı”dır. Bundan başqa, dənədən qopan hulu kəhrəba, ağ, sarı, qırmızı nazlı, zəfəranı, tərəlli, şərəlli, Ordubadi, alanai, qış və əncir güştüsü də becərilənlər sırasındadır.
    Rahim Kərimov deyir ki, rayonda şaftalının mürəbbəsini, kompotunu, cemini, povidlosunu, qaxını hazırlayırlar. Həmçinin Ordubadda şaftalıdan alana, miyanpur hazırlanır ki, bu məhsullar özünəməxsus görünüşü, dadı ilə seçilir. Şaftalını qurudub içərisinə cəviz və digər quru meyvələr qoymaqla bu məhsulları əldə edirlər. Vitaminlərlə zəngin şaftalı və ondan hazırlanan məhsullar, əsasən, həzm sistemini dəstəkləyir, immuniteti gücləndirir və ürək üçün faydalıdır. Əldə etdiyi məhsulları daha çox hərbi hissələrə göndərdiyini deyən təcrübəli bağban ərsəyə gətirdiyi tingləri müəyyən vaxtlarda satışa çıxardığını da qeyd etdi. 
    Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artırılmasında qarşıya mühüm vəzifələr qoyur. Bu sırada bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək və ixrac imkanları genişləndiriləcəkdir. Orqanik məhsullar içərisində Ordubad meyvələri, şaftalı və ondan hazırlanan məhsullar da öz yerini alacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.08.2023 19:49