AZ EN RU

Yasin Əzimov dünya kubokunda itkisiz irəliləyir

İlk dəfə olaraq Gürcüstanın Batumi şəhərində 8-12 yaşlı qız və oğlan şahmatçılar arasında FIDE Dünya Kuboku keçirilir. Yarışda 37 ölkədən 288 idmançı iştirak edir. 
Ölkəmizi məşqçi Fərid Abbasovun rəhbərliyi ilə 14 şahmatçı təmsil edir. Onlardan biri də Naxçıvan Şahmat Mərkəzinin şagirdi Yasin Əzimovdur. Yasin ilk turda çinli şahmatçı ilə heç-heçə edib, növbəti görüşündə isə alman rəqibinə qalib gəlib. İki turun nəticələrinə əsasən təmsilçimiz "OPEN B" qrupunda 1.5 xalla 5-ci sıradadır.
Qeyd edək ki, ilk dünya kuboku fərqli formatı ilə də seçilir. Belə ki, ilk mərhələdə iştirakçılar hər yaş kateqoriyası üzrə hərəsində 24 şahmatçının olduğu "A" və 'B" qruplarında yarışacaq. Bu mərhələdə iştirakçılar İsveçrə sistemi üzrə 7 görüş keçirəcəklər. Əsas mərhələdə isə qruplarda eyni sırada olan iştirakçılar bir-birinə rəqib olacaq.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.06.2024 22:21