AZ EN RU

Yaşıllıqlara qərq olan təbiət gözəli Şahbuz

Keçmişin acı xatirəsi... 

    Ucqar dağ kəndi Ağbulaqda o il qış daha sərt keçirdi. Havadakı sazaq da soyuğu birə-beş artırırdı. Qurban əmi həyətində saldığı bağa tərəf asta-asta addımlayıb, illərdir, zəhmətini çəkdiyi ağaclara baxaraq dərin düşüncələrə qərq olmuşdu. O, bir xeyli bağı gəzib fikirli-fikirli ağaclara baxdıqdan sonra bağın kənarında əkdiyi alma ağacına yaxınlaşdı və əlini ağacın gövdəsinə qoyaraq nə isə pıçıldamağa başladı. Dərindən nəfəs alıb elə əlindəki baltanı havaya qaldırmışdı ki, çəpərin o tayından Ağbulaq kənd tam orta məktəbinin müəllimi Əziz müəllimin: – Salam, ay Qurban, necəsən? – deyən səsini eşitdi. Bağban əlini saxlayıb müəllimlə salamlaşaraq onu həyətə dəvət etdi. Əziz müəllim onun simasına çökən kədəri, qəmi hiss etdiyindən: “Yaman fikirli görünürsən, Qurban! Bu gün çörək növbəsinə də gəlməmişdin, salamatçılıqdır?” – dedi.

    Qurban əmi ağaclara işarə edərək söylədi: – Bu ağacları görürsən? Mən bu bağı salmaq üçün nə qədər əziyyət çəkmişəm. İndi isə öz əlimlə əkib-böyütdüyüm ağaclarıma özüm qənim kəsilmişəm. Qış da ki, görürsən, çox sərt keçir. Bu ağaclardan başqa yanacağımız da yoxdur. Axı mənim bu bağ ilə bağlı xəyallarım, planlarım var idi. Qış belə davam eləsə, bu bağdan bir çöp də qalmayacaq. Əziz müəllim, bu ağacların gövdəsinə vurduğum hər balta elə bil mənim ürəyimə dəyir, bu çətinliklərin axırı necə olacaq? Belə getsə, təkcə mənim bağımda yox, heç kəndimizdə də ağac qalmayacaq.
    Əziz müəllim buludtək dolan gözlərini səmaya qaldıraraq “Hər qaranlıq bir gecənin işıqlı bir sabahı olur”, – deyirlər. Mütləq bizim də elə günəşli sabahımız olacaq, Qurban! Sən öz bağını yenidən salacaqsan, kəsilən hər bir ağacın yerinə minlərlə ağac əkiləcək. Əzm, sədaqət və sevgi ilə xalqına xidmət edənlər bu dövlətə sahib çıxacaq mütləq, – dedi...

Yurd sevgisi ilə gülüstana çevrilən bölgəmiz

    ...İstirahət günü yolum Ağbulaq kəndinə düşmüşdü. Kənddə gəzinti zamanı öz bağında çalışan Qurban əmi ilə ayaqüstü söhbət, keçmişin tozlu vərəqləri arasında qalan xatirələr əsasında yazdığım qısa hekayə o dövrdə hər bir sakinin günlük problemlərinin, sadəcə, az bir qismi idi. Ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində istər şəhər və qəsəbələrimiz, istərsə də kəndlərimizdə uçuq-sökük binalar, yararsız tikililər, çala-çökək yollar, daş-kəsəkli səkilər və tikan-qanqal basmış ərazilər, əkilməyən torpaqlar gözdağına çevrilmişdi. İllər öncə insanların necə çətin bir vəziyyətdə yaşadıqlarını dinlədikcə kövrəlməmək mümkün deyildi... 
    Sevindiricidir ki, artıq bütün çətinliklər geridə qalıb. Sakinlər müasir Naxçıvanın firavan günlərini yaşayırlar. Çünki bu gün Naxçıvanın bütün sosial-iqtisadi, infra­struktur və hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır. Naxçıvan uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın ümummilli lider Heydər Əliyevin ideyalarının işığında uğurlu, dinamik inkişafı təmin edilir. Görülən işlərin nəticəsində əvvəllər ilin soyuq dövrlərində yararsız, his qoxan binalardakı əlacsızlıqdan gövdəsinə balta vurulan ağacların yandırıldığı sobalar söküldü, neft qoxan məktəblərdə, digər müəssisələrdə müasir qazanxana sistemi quruldu, qaynar tədris prosesi, səhiyyə, mədəniyyət ocaqlarında səmərəli iş fəaliyyəti təmin edildi, bütün sosial problemlər həllini tapdı.

    Ölkəmizdə yaşıllaşdırma işlərinin planlı şəkildə həyata keçirilməsi üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ayrı-ayrı illərdə qəbul olunan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının, meyvə bağlarının salınması və bununla bağlı digər tədbirlər bu gün də ardıcıllıqla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq muxtar respublikamızın flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Xüsusi gözəlliyi ilə seçilən təbiət abidələri qeydiyyata alınaraq pasportlaşdırılıb. Ötən dövrdə qoruqlar, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb, hər bir bölgəmizdə “Gənclər bağı” salınıb. Hər il mütəmadi olaraq təşkil edilən ekoloji tədbirlər vasitəsilə minlərlə ağac tingi əkilir, gülkarlıqlar yaradılır.
    İllərdir ki, muxtar respublikamızda vüsət alan yaşıllaşdırma tədbirlərində iştirak edən şahbuzluların əməyi ilə bu diyar da əsl cənnətə çevrilib desək, qətiyyən yanılmarıq. İndi Şahbuzun hansı tərəfinə baxsan, bu gözəllik səni məftun edir. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Şahbuz günbəgün gözəlləşir, könülləri oxşayan məkana çevrilir. Həyata keçirilən tədbirlər rayonun hər bir ünvanını əhatə edir. Salınan meşə zolaqları, yaradılan yaşıllıqlar, al-əlvan gülzarlıqlar, yeni meyvə bağları rayonun simasına yeni naxışlar qatır.
    Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən yaşıllaşdırma tədbirləri 2021-ci və cari ildə də davam etdirilib. Təkcə ötən il yaz və payız yaşıllaşdırma aylıqları çərçivəsində rayonda 8,9 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, ümumilikdə, rayonun müxtəlif yerlərində 6 min 857 meyvə tingi, 568 meşə ağacı, 946 həmişəyaşıl ağac, 10 min 907 gül kolu əkilib, 17,5 hektar sahədə 23 min 190 üzüm tənəyi basdırılıb. Cari ildə isə rayonda 6,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri çərçivəsində 4370 meyvə, 3 hektar sahədə isə 4 min üzüm tənəyi, Biçənək kəndi ərazisində 300 çinar ağacı əkilib.
   Yeri gəlmişkən qeyd edək ki, bölgəmizdə həyata keçirilən bu tədbirlər çərçivəsində yol kənarlarının yaşıllaşdırılması da əsas yer tutur. Elə yol kənarlarındakı səkilərdə baş-başa verən ağacların kölgəsi ilə getmək piyadalara da xoş təsir bağışlayır. Rayonda yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsi də sadaladığımız uğurlarda əhəmiyyətli rol oynayır.
    Həyata keçirilən yaşıllaşdırma tədbirlərində uzunömürlü ağaclara üstünlük verilməsi də təqdirolunası haldır. Digər tərəfdən son illər meyvə bağlarının salınmasına da maraq xeyli artıb ki, bu da meyvəçiliyin inkişaf etdirilməsində, bolluq yaradılmasında mühüm rol oynayır. Elə yaradılan bu bolluğun nəticəsidir ki, hər il bağlardan tonlarla məhsul yığılıb hərbi hissələrə göndərilir. Bu da xalqla ordu birliyinin bir nümunəsi kimi hər kəsə xoş təsir bağışlayır.
    Zəhmət çəkmək, torpağa alın təri axıtmaq, tikilənləri, qurulanları, yaradılanları qorumaq mənəvi ucalıqdır, – deyənlər yanılmayıblar. Elə buna görədir ki, uzun illərdən bəri yaradılanları qoruyan, gözəllikləri artıran, rayonun yeniləşməsinə öz töhfəsini verən, yaşıllıq sahələrini artıran şahbuzlular gördükləri işlərdən mənəvi zövq alırlar. Onlar yaratdıqları gözəllikləri qorumaq üçün səy göstərir, zəhmət çəkirlər.
    Şənbə günləri şahbuzlular yaxşı əhvali-ruhiyyə ilə sahələrə çıxaraq Külüs kəndinin Düz massivində 40 hektardan çox ərazidə abadlıq və səliqə-sahman işləri yaradıblar. Həmçinin rayon sakinləri Şahbuz-Biçənək avtomobil yolunun hər iki tərəfinə əkilmiş ağaclara aqrotexniki qaydalar əsasında qulluq edib, yaşıllıq zolaqlarında lazımi işləri görüblər.
    Rayonun qəsəbə və kəndlərində də yerli sakinlər fəallıq göstərərək inzibati binaların ətrafında səliqə-sahman işləri aparır, gülkarlıqlarda, bağlarda qulluq və becərməni davam etdirirlər.
    Yazının əvvəlində qeyd etdiyim Ağbulaq kənd sakini Qurban Hüseynovla söhbətimiz zamanı söylədi ki, çətin günləri yaşayan mənim kimi hər bir sakin bugünkü təbiətin, firavan həyatın qədrini bilir, yaşıllıq sahələrini qorumağı, ağac əkməyi özünə borc hesab edərək yetişməkdə olan gənc nəslə də bunları aşılayır. Elə Naxçıvan şəhərindən başlayaraq ucqar kəndlərə qədər uzanıb gedən yaşıllıqlar da doğma yurda, ana təbiətə həssas münasibətin bəhrəsidir.

    Bəli, bu gün görülən işlərin, yaşıllaşdırma tədbirləri nəticəsində təbiət gözəli, “çinarlar şəhəri” adına layiq olan Şahbuz rayonunda həyata keçirilən yaşıllaşdırma tədbirlərində iştirak edənlər sırasında müxtəlif dövlət orqanlarında çalışanlarla yanaşı, sadə vətəndaşlar da az deyil. Bu isə görülən işlərdə müsahibimin qeyd etdiyi vətəndaş həmrəyliyini ortaya qoyur.

Pərviz HACILI
“Oğuz səsi” qəzetinin redaktoru

Nəşr edilib : 26.08.2022 20:07