AZ EN RU

Yaşıllıq ərazilərinə aqrotexniki qulluq tədbirləri davam etdirilir

    Son illərdə muxtar respublikamızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara aqrotexniki qulluq göstərilməsi diqqət mərkəzində saxlanılıb.
    Cari ildə də bu tədbirlər davam etdirilməkdədir. 
    May ayının 14-də Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarındakı sahədə, müəssisə və təşkilatların yaşıllıq ərazilərində və Naxçıvan-Sədərək magistral yolunun kənarındakı yaşıllıqlara aqrotexniki qulluq göstəriblər. Həmin gün1500 gül kolu əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb.
    Şərur rayonunun Gümüşlü kəndindəki yaşıllıq sahələrində, rayonun müəssisə və təşkilatların ərazilərində quru budama, ağartma, suvarma işləri həyata keçirilib. 
    Ötən şənbə günü Babək rayonunun sakinləri tərəfindən Babək şəhər – Araz kəndi yolunun kənarlarında  yaşıllıqlara aqrotexniki qulluq göstərilib, təmizlik işləri aparılıb. 
    Ordubad rayonunda Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, Qazi massivində və Bayraq Meydanında, həmçinin turizm əhəmiyyətli kənd yollarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
    Culfa rayonunda yol kənarlarındakı alaq otları biçilib, suvarma işləri görülüb.
     Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil  yolunun Xok kəndi hissəsindəki və Qıvraq-Şahtaxtı avtomobil  yolunun kənarlarındakı bağlarda yaşıllıqlara aqrotexniki qulluq tədbirləri həyata keçirilib. 
    Şahbuz şəhərində və kəndlərdəki yaşıllıqlara da aqrotexniki qulluq göstərilib. 
    Bu tədbirlər Sədərək rayonunun Heydərabad qəsəbəsi və Qaraağac kəndindəki bağlarda da həyata keçirilib, Dəmirçi-Kərimbəyli avtomobil yolunun kənarlarında 450 söyüd ağacı əkilib.
    Aqrotexniki tədbirlərdə 18 min 400 nəfər iştirak edib. Ümumilikdə, 1950 olmaqla, 450 meşə ağacı, 1500 gül və bəzək kolları əkilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 23.05.2022 21:00