AZ EN RU

Yaşıllaşan təbiətin, halal zəhmətin simvolu Səməni

    Mart ayı girdisə, təbiət canlanır, quşların səsi ətrafı bürüyür, torpaq altından yaz çiçəkləri baş qaldırır, bənövşənin, novruzgülünün ətri hər tərəfə yayılır, yaşıl düzlər, çəmənlər insana xoş əhvali-ruhiyyə bəxş edir. Bu ay həm də türk xalqlarının birlik və həmrəylik bayramı olan Novruzla əlamətdardır. Qədim diyarımızda baharın  gəlişini simvolizə edən qədim xalq bayramımıza günlərdir, hazırlıq gedir. İndi evlərdə, bağçalarda hər şey təmizlənir, yenilənir. Novruza hazırlıq işləri içərisində səməni göyərtmək ənənəsi isə xüsusi əhəmiyyət kəsb edir. Qədim zamanlardan insanlar təbiətin oyanmasının və bitkilərin canlanmasının rəmzi olaraq qablarda buğda göyərdib, bayram süfrəsi üçün səməni bişirərdilər. Bu ənənə qədim xalqların şifahi poeziyasında da bolluq, səadət arzusunu ifadə edib.

    Tədqiqatlarda səməni göyərtmək ənənəsinin Zərdüştlükdən daha əvvələ aid olduğu bildirilir. Yunan tarixçisi Plutarx (bizim eranın, təxminən, 46-127-ci illər) göstərib ki, qədim Azərbaycanda (Midiyada) buğda çox müqəddəs hesab edilib, yazın əvvəllərində midiyalılar buğdanı cücərdiblər. Maraqlıdır ki,  bu adət günümüzə səməni göyərtmək şəklində gəlib çıxıb.
    Səməni cücərdilməsi, halvası və bir çox xüsusiyyətləri haqqında ətraflı məlumatı Ordubad rayon sakini Sədaqət Babayevadan alırıq. Müsahibim deyir ki, səməni bolluq, bərəkət nişanəsi kimi Novruz bayramı ərəfəsində bütün evlərdə göyərdilir. Onu buğda, arpa, noxud, mərci və digər dənli bitkiçilik məhsullarından hazırlamaq mümkündür. Naxçıvanda səməni, adətən, buğdadan qoyulur. Bunun üçün bir qab götürərək ona uyğun ölçüdə buğdanı suya salırıq. Suda bir sutka qaldıqdan sonra buğdanı çıxarıb nazik bir tənzifə tökür, bir boş qabın içərisinə qoyuruq. Hərdən sulayır və sulayanda da çeviririk ki, hər yerinə su bərabər ölçüdə paylansın və buğda yaxşı göyərsin. Artıq görəndə ki, buğda çırtlayıb, tənzifdən ayırıb sini, məcməyi, yaxud boşqaba barmaq qalınlığında sərir, üstünü dəsmal və ya tənziflə örtürük (əgər yaxşı çırtlayıbsa, buna ehtiyac yoxdur). Üzərinə gündə bir dəfə su çiləyirik. Səməni isti yerdə, təqribən, bir həftə, on günə kimi göyərir. Sonra yaşıl rəngi ilə hər evə gözəllik bəxş edən, incə beli ilə, sanki nazlı gəlini xatırladan səməninin belini qırmızı kəmərlə bağlayıb, Novruz süfrəsində ən görkəmli yerə qoyuruq. 
    Müsahibim qeyd edir ki, göyərdilmiş səməni əvvəllər qohum-qonşuya da pay verilər, təzə səməniyə mahnılar qoşulub oxunardı. Səməni həm də əkinin, məhsul bolluğunun rəmzi kimi xüsusi əhəmiyyət daşıyardı. Səməni göyərtməklə, sanki ümidini, arzusunu, ruzisini göyərdirdi  əkinçi nənə-babalarımız: 

    Səməni, ay səməni,
    Göyərdərəm mən səni.
    Sən gələndə yaz olur,
    Yaz olur, avaz olur...

    Onu da yadda saxlamaq lazımdır ki, bayram bitdikdən sonra səməni mütləq təmiz, axar suya atılmalıdır. Belə bir inanc da vardır ki, onu suya atarkən niyyət edən  insan növbəti ilədək arzusuna çatır. Bu ənənə uzun illərdən bəridir ki, bir çox bölgələrimizdə, xüsusilə də Ordubadda bu gün də qorunub saxlanılır.   
    Sədaqət xanım bayram günlərində hazırlanan xüsusi şirniyyatdan səməni halvası (horrası) haqqında da danışır:  – Səməni halvası bişirmək ənənəsi türk xalqlarında geniş yayılıb. Onlar bunu elliklə, mərasim kimi qeyd edir, bu mərasimi birlik və bərabərliyin rəmzi kimi qiymətləndirirlər. Bu gün səməni şirniyyatı Ordubadda xüsusi bişirilir. Bişirilmə qaydasına gəlincə isə göyərdilmiş bir kiloqram buğda-səmənini maşında çəkirik. Ayrıca böyük qazana beş-altı  litr su tökür və suyu ocaqda isidirik. Buğdaları ətçəkən maşından keçirdikdən sonra üzərinə isidilmiş suyu tökür, məhlulu qarışdırırıq. Sonra aşsüzəndən süzür, alınmış suyu yenidən balaca gözlü süzgəcdən keçirir, sonra içərisinə iki kiloqram un əlavə edirik.  Əlimizlə yaxşıca yoğururuq ki, içərisindəki düyünlər əzilsin. Qazanın üzərinə aşsüzəni qoyur, hazırladığımız xəmiri yenidən ondan keçirir və ocağın üzərinə qoyub bulaya-bulaya qaynadırıq. Bu zaman içəridə əmələ gələn düyünlər də itir. Qaynara düşəndən sonra beş-on  dəqiqə qaynadıb götürürük. Qaynayan zaman üzdə yaranan ağ köpükləri qaşıqla yığır və sonra soyumaq üçün bir kənara qoyuruq. Soyuduqdan sonra ləzzətlə içilir. İstəyən bişənə yaxın onun içərisinə badam, qoz, fındıq ləpəsi, darçın, mixək, zəncəfil, hil kimi ədviyyatlar da qata bilər. Bişirilən horradan qonum-qonşuya da pay tuturuq. Qeyd edim ki, şəkər qatılmamasına baxmayaraq, çox şirin və dadlı olur. Xüsusən də soyuq havalarda cana dərmandır. 
    Müsahibim bildirir ki, bayram günlərində belə bir adət də vardır. Hüzrlü olanlara, bayram keçirə bilməyənlərə ilaxır çərşənbə və ya Novruz axşamı səməni xonçası göndərirlər. Xonçaya bayram üçün hazır­lanmış bütün nemətlərdən qoyular və ətrafına şam düzülər. Bu şamlar ailəni hüzndən, yasdan çıxarmaq məqsədilə hüzrlünün evində yandırılar. Novruzla əlaqəli el şənliklərində oynanılan “Səməni” rəqsi  isə ən qədim rəqslərimizdən biridir. Baharın gəlişinə həsr edilmiş ənənəvi şənlik rəqsini yalnız qadınlar və qızlar oynayarlar. Rəqs əl çalmaqla müşayiət olunar. Sədaqət xanımın səməni haqqında maraqlı söhbəti üçün ona təşəkkür edirik.
    Yurdumuza Novruz gəlir! Novruz bayramı həm də ona görə əzizdir ki, nənə-babalarımızdan bizə yadigar qalan adət-ənənələrimizi dirildir, onları həyatımızda tətbiq edirik. Bayram süfrələri açır, qohumları, böyükləri bir-bir ziyarət edib onların xeyir-duasını alırıq. Bir sözlə, Novruzu şadlıqla, deyə-gülə yola salırıq. Novruzun incəbelli nazlı gəlini səməni isə bayram bitənə qədər evimizə yaraşıq və gözəllik  qatır.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.03.2022 19:39