AZ EN RU

Yaşıl enerjidən istfiadə dövrün tələbi, iqtisadi və mədəni inkişafın göstəricsidir

    Müasir dünyada enerjiyə olan tələbatın artması və ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi ilə yaranan iqtisadi və geosiyasi münasibətlər gündəmdəki yerini qorumaqdadır. Bu, hər şeydən əvvəl enerjidaşıyıcılarının qiymətinin yüksəlməsi ilə bərabər insanların elektrik enerjisinə olan tələbatlarının artması ilə müşahidə olunmaqdadır. Qeyd edək ki, bu tendensiya istər ölkəmiz, istər yaxın region ölkələri, istərsə də dünyanın digər ölkələri üçün yaşıl, yəni alternativ və bərpa olunan enerji mənbələri istiqamətində işlərin sürətlənməsinə səbəb olmuşdur. Eyni zamanda bu məsələ təkcə hazırda istifadə olunan ənənəvi enerji mənbələrindən asılılığının azaldılması məqsədilə deyil, eyni zamanda ekoloji tarazlığın, insan sağlamlığının qorunması, davamlı inkişaf və sosial məsuliyyət məqsədləri ilə izah olunur.

    Yaşıl enerji mənbələrindən aktiv istifadə ölkəmiz üçün müstəsna dərəcəli prioritet məsələlərdəndir. Azərbaycan ənənəvi karbohidrogen mənşəli enerji mənbələri ilə zəngin bir ölkə olsa da, iqtisadiyyatımızın neftdən olan asılılığının azaldılması və tamamilə yox edilməsi həmişə müstəqil dövlətimizin prioritetlərindən biri olub. Hazırda ölkəmiz öz iqtisadiyyatının şaxələndirilməsi, işğaldan azad olunmuş Qarabağın yenidən qurulması, ağıllı yaşayış məntəqələrinin yaradılması və yeni infrastruktur layihələrinin işlənilməsi məqsədilə malik olduğu enerji resurslarından da fəal istifadə edir. Bu gün davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranmış enerji böhranı fonunda ölkəmizin sahib olduğu enerji resurslarının Avropaya etibarlı nəqli ölkəmizin tərəfdaşlıq imicini də artırıb. Lakin bununla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafı perspektivləri baxımından alternativ və bərpa olunan enerji məsələləri digər inkişaf etməkdə olan ölkələrdə də olduğu kimi, aktuallıq kəsb edir. 
    Hazırda dünyada yaşıl enerjiyə keçidin mühüm səbəbləri vardır. Belə ki, iqtisadiyyatın daim enerji ilə təminatı cəmiyyətdə elmi-texniki tərəqqinin və məhsuldar qüvvələrin inkişafının bazası hesab olunur. Planetdə enerji sərfinin sürətlə artması ilə yanaşı, enerjidaşıyıcılarının həcmi də sürətlə azalmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, dünyada neftin 30-40 illik, daş kömürün 80-100 illik, təbii qazın isə 100-120 illik bir ehtiyatı qalmışdır. Digər bir hesablamaya görə isə Yer kürəsində bir ildə sərf olunan neftin əmələ gəlməsi üçün 2 milyon il tələb olunur. Bununla yanaşı olaraq, ənənəvi enerji mənbələrinin istifadə olunması ilə ətraf mühitin korlanması, qlobal istiləşmə və bunların yaratdığı bir sıra iqtisadi və sosial fəsadlar da cəmiyyətdə daha çox problemlər yaradır. Bütün bunlar isə, öz növbəsində, tükənən enerji mənbələri olan neft, qaz, daş kömür kimi mənbələrə alternativ olan yaşıl enerji mənbələri üzərində işlərin sürətlənməsi və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərini ön plana çəkir. 
    Alternativ və tükənməyən enerji ehtiyatlarına külək, Günəş, qabarma və çəkilmə, geotermal, biokütlədən alınan enerji, habelə hidroenerjidən əldə olunan enerji aid olunur. Təkcə Günəşin yerə bir ildə verdiyi işıq enerjisinin yüzdəbiri bəşəriyyətin bir neçə yüz ildə istifadə etdiyi enerjinin həcminə bərabərdir. Bundan başqa, Günəş enerjisi istifadə baxımından ekoloji cəhətdən ən təmizidir. Quraşdırılan bahalı avadanlıqlara rəğmən, onların az istismar xərcləri, ekoloji cəhətdən təmizliyi, bərpa olunan və ümumiyyətlə, tükənməyən olması Günəş enerjisinin istifadə olunmasının üstün cəhətlərindəndir. Məsələn, bir Günəş batareyası onlarla il ərzində təmirə ehtiyacı olmadan istifadə oluna bilər.
    Hazırda neft və qazla zəngin ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid üzrə irimiqyaslı layihələrə start verilib. Təkcə düşmən işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu sahədə görülən işlər ölkəmiz üçün əsl liderlik nümunəsidir. Dövlət başçımız hələ on illər əvvəl ölkəmizin iqtisadiyyatının neftdən asılılığının azaldılması üzrə vəzifələr irəli sürdükdə məhz yeni əsrin çağırışları istiqamətində öz prioritetlərini müəyyən etmişdi. Hazırda Azərbaycanda istifadəyə verilmiş bərpa olunan enerji mənbələri üzrə güc stansiyaları ölkəmizi bu sahədə də etibarlı əməkdaş profilinə qovuşdurur. 
    Son günlər ölkəmizdə yaşıl enerji, yəni alternativ enerji mənbələrindən istifadə üzrə keçirilən mötəbər beynəlxalq tədbirlərdə Naxçıvan Muxtar Respublikası ərazisində də bu sahədə böyük perspektivlərin olduğu dilə gətirilir, bu istiqamətdə ekspertlərin şərhləri dinlənilir. Bu fikirlər konkret olaraq regionumuzun təbii-iqlim xüsusiyyətləri, relyef şəraiti, günəş, külək və biokütlə ehtiyatları əsasında səsləndirilir. Həmçinin Naxçıvanın mühüm tranzit mövqeyi burada qonşu ölkələrlə də enerji mübadiləsini də artırır ki, bu, öz növbəsində, yaşıl enerjinin dəyərini daha da artırır. Belə ki, rəsmi məlumatlara əsasən ötən il Naxçıvanda istehsal olunmuş 468 316 894 kilovat-saat elektrik enerjisinin 33,7 faizi məhz bərpa olunan enerji mənbələri hesabına olmuşdur ki, bu da bir zamanlar blokada ucbatından enerji qıtlığı çəkən muxtar respublika üçün olduqca diqqətçəkici bir göstəricidir. Gələcəkdə Naxçıvanın enerji ehtiyacının məhz bu elektrik stansiyaları hesabına ödənilməsi ilə, ümumilikdə, muxtar respublikada enerji təminatının əsas hissəsinin yaşıl enerji mənbəli olacağını proqnoz etməyə imkan yaradır.
    Ekoloji təmiz yaşıl enerji mənbələrindən istifadə olunması muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunmasının ən yaxşı yollarından biridir. Bu tədbirlər Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi işlərə dəstək olmaqla bərabər, eyni zamanda yeni minilliyin çağırışları olan davamlı inkişaf prinsiplərinə də cavab verir. Yeni texnologiyaların tətbiqi, istehsalda, nəqliyyatda və məişətdə daha az enerji və maddi resurs istifadəsinə əsaslanan, təkcə indiki nəsillərin deyil, gələcək nəsillərin də normal yaşayışı üçün düzgün qərarların verilməsini özündə ehtiva edən bu strategiya məhz davamlı inkişafın özəyini təşkil edir. Qeyd edək ki, bu, eyni zamanda prestij məsələsi də olub, dövlətlərin, onların hökumətlərinin, regional idarəedicilərin, bələdiyyələrin, özəl sektorun və sadə vətəndaşların birgə səyləri ilə mümkün olan bir əməkdaşlıq formuludur. Bu gün hər bir mədəni insan öz istehlakı, davranışı ilə ətraf mühitə daha az zərər vurmaq, daha az tullantıya səbəb olmaq üçün yollar axtarır, mümkün olduğu qədər yaşıl enerjidən istifadəyə, ictimai nəqliyyata, elektrikli avtomobillərə, skuterlərə, velosipedlərə üstünlük verməyə, şəhər içində yöndəmsiz və yersiz görünən iri mühərrik  həcmli avtomobillər sürməkdən qaçınmağa çalışır. Bütün bunlar yeni dövrümüzün reallığı olmaqla həm iqtisadiyyatın inkişafında yeni texnologiyaların tətbiqinin, həm də təkcə özünü deyil, başqalarını da düşünən cəmiyyət üzvlərinin mədəni həyatındakı imperativlərin yaratdığı obyektiv bir mənzərədir. 

Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 01.06.2023 21:58