AZ EN RU

Yaşıl dünya naminə plastik tullantılara yox deyək!

Həyatımızın hər sahəsinə nüfuz edən, insan və heyvan sağlamlığına son dərəcə zərərli olan, təbiəti və suyu çirkləndirən plastiklərdən istifadə son illər artmaqdadır.

Plastik ilk dəfə XIX əsrdə istehsal edilib. Araşdırmalar göstərir ki, 1950-ci illərdə ildə 2 milyon ton plastik istehsal edildiyi halda, bu gün dünyada 350-400 milyon ton plastik istehsal olunur. Və bu artım davam edərsə, 2050-ci ilə qədər dünyada 34 milyard ton plastik olacaq.

Plastiklər ən çox dənizlərə və canlılara zərər verir. Birbaşa dənizə atılan tullantılar çirklənməyə səbəb olur. Statistik rəqəmlərə görə, dünyada ən azı 800 heyvan növü okeanlara daxil olan tullantılardan təsirlənir.  Araşdırmalar onu da göstərir ki, plastik torbalar təbiətdə 1000 il, plastik butulkalar isə 400 il parçalanmır. Təbiətə atılan plastik tullantılar hətta əsrlərlə belə yoxa çıxmaya bilər. Torpağın plastik udmaq qabiliyyəti olmadığı üçün burada yaşayan canlılar zamanla plastik tullantıları həzm edir və onun mənfi təsirlərinə məruz qalırlar. Təbiətdəki neft əsaslı plastik tullantılar karbon qazı emissiyalarına təsir edərək qlobal istiləşməni daha da sürətləndirir.

Bəzi ölkələrdə plastik torbalardan istifadə qadağan edilib. Ölkəmizdə isə 2019-cu ildən pullu plastik torbalar tətbiq edilir. Hazırda plastiklərin davamlı/davamlı olmayan, sərt/yumşaq, birdəfəlik/təkrar istifadə edilə bilən növləri istehsal edilir. Təkrar emal üçün toplanan plastiklərin isə yalnız 8-9 faizi təkrar emala çevrilə bilər. Plastikin insan sağlamlığı üçün mənfi təsirləri vardır. Belə ki, plastikin mənfi təsirlərinə uzun müddət məruz qalma xərçəng xəstəliyi yarada bilir.  Odur ki, plastik torbaların istifadəsini məhdudlaşdırmalı, plastikdən istifadə edərkən, onları tullantı kimi atarkən məsuliyyətli olmalıyıq.

Ölkəmizdə 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbir  ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahədə mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşması və  əhalinin sağlam ekoloji mühitdə yaşamasının təmin edilməsi məqsədilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, bu sahədə qəbul edilmiş qərarlara və sərəncamlara uyğun olaraq ekoloji maarifləndirmə, təbliğat tədbirləri diqqətdə saxlanılır. Bu ilin yanvar, fevral və mart aylarında “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə meşəbərpa və meşəsalma tədbirləri, ağacəkmə, təmizlik aksiyaları, bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilib.  Tullantıların sayının minimuma endirilməsi və yaşıllıqların artırılmasına dəstək olmaq məqsədilə keçirilən “Tullantıları tinglərə dəyiş” aksiyası isə plastik tullantılara qarşı əhalinin maarifləndirilməsi işinə, ​vətəndaşları ağac əkməyə həvəsləndirir.

Ətraf mühitin mühafizəsinə töhfə vermək hamımızın borcudur.  Hər kəs yaşıl dünya naminə həmrəy olmalı, plastik tullantılara yox deməli və yaşıllıqların artırılmasına öz töhfəsini verməlidir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.05.2024 10:57