AZ EN RU

"Yaşıl dünya naminə həmrəylik yeni növ xəstəlik təhlükələrinə qarşı hərəkətə çağırışdır" adlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq 19 aprel 2024-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyəti və Şərur Regional Tibb Mərkəzi Publik Hüquqi şəxsinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik yeni növ xəstəlik təhlükələrinə qarşı hərəkətə çağırışdır" adlı tədbir keçirmişdir.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Şərur Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov, Şərur Regional Tibb Mərkəzi Publik Hüquqi şəxsinin direktor müavini Murad Məmmədov, Poliklinika şöbəsinin müdiri Nizami Əliyev, və terapevt həkim Hüseynalı Abbasov öz çıxışlarında bildiriblər ki, İnkişaf etməkdə olan və dəyişən dünya XX əsrin yarısından indiyədək əhalinin sürətli artımı, həddindən artıq urbanizasiya və təbii ehtiyatlardan hədsiz dərəcədə istifadə edilməsi səbəbindən yerli və qlobal miqyasda geniş spektrli ekoloji problemlərlə üzləşir. Dünyanın gündəmində olan bu problemlərin həlli və azalan qaynaqların gələcək nəsillərə ötürülməsi üçün edilən səylər ölkəmizdə də yaşıl həmrəylik üçün hərəkatı prioritet edib.

Prezident İlham 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncam ictimaiyyəti iqlim dəyişikliyi, təbii ehtiyatların sürətlə tükənməsi, ətraf mühitin çirklənməsi və yeni növ xəstəliklər kimi təhlükələrə qarşı hərəkətə keçməyə çağırışdır.

Körpələrin və uşaqların iqlim fəlakətləri səbəbiylə ciddi sağlamlıq riskləri ilə üzləşdiyi və bu vəziyyətə təcili müdaxilə edilməsi lazım olduğu vurğulanıb. Havanın çirklənməsi ilə xəstəliklərin yayılmasının artması müşahidə olunur ki, bu da insanlar üçün ciddi nəticələrə gətirib çıxarır, bu infeksiyalardan onlar ciddi şəkildə təsirlənirlər. 

Qeyd olunub ki, ölkəmizdə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə göstərilən səylərə mühüm töhfə olacaqdır.

Nəşr edilib : 19.04.2024 19:53