AZ EN RU

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa

Aprelin 17-də Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə dəyirmi masa təşkil edilib

“Yaşıl dünya naminə birlik olaq” mövzusunda Uşaq Kitabxanasnda keçirilən dəyirmi masanı Mərkəzin direktoru Səyyar Məmmədov açaraq bildirib ki, 2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Bildirilir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının icrası ilə  əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı  təsdiq edilib.

Dəyirmi masada çıxış edən A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov diqqətə çatdırıb ki, hələ 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunub. Milliliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Məhz bütün bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, dəyirmi masa iştirakçılarının sualları cavablandırılıb.

Sonda Uşaq Kitabxanasında nümayiş etdirilən “Yaşıl dünyamız – sağlam gələcəyimiz” adlı sərgiyə baxış olub.

 Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2024 09:31