AZ EN RU

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin tapşırığına əsasən Milli Müdafiə Universitetində tədbir keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin rəhbərliyi, zabit, müəllim heyəti və kursantları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda çıxışlar dinlənilib, mövzuya  uyğun  video-çarx təqdim olunub.
Sonda hərbi kollecin ərazisində ağacəkmə aksiyası keçirilib.
Hərbi qulluqçuların, professor-müəllim heyətinin, kursant və şagirdlərin iştirakı ilə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına yardım etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə müxtəlif növ ağaclar əkilib, abadlıq işləri görülüb.

Nəşr edilib : 01.06.2024 22:38