AZ EN RU

Yaşayış məntəqələrinin telekommunikasiya şəbəkəsində təmir-bərpa işləri aparılır

    Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin edilib. Rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda Naxçıvan şəhərinin bir neçə yaşayış məntəqəsini əhatə edib. Xətai məhəlləsində tikinti işlərini həyata keçirən müvafiq qurumlar tərəfindən aparılan quruculuq işləri çərçivəsində rabitə xətti təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltına keçirilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilir, zədələnmiş kabellər yeni kabellərlə əvəz olunur. 
    Bunlarla yanaşı, yeni inşa olunan “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Oksigen, azot və asetilen istehsalı müəssisəsinə rabitə xətlərinin çəkilməsi məqsədilə mövcud paylayıcı şkafdan 1900 metr müxtəliftutumlu rabitə xətləri və 2500 metr fiber-optik  kabel çəkilib. 
    Qeyd edək ki, Qaraçuq kəndində isə vətəndaşların sabit şəbəkə telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 256 nömrətutumlu yeni avtomat telefon stansiyasının quraşdırılması məqsədilə müvafiq zəruri işlər də görülür. Belə ki, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilir, dəmir dirəklər basdırılır.
    Görülən bu işlər həmin ərazilərdə yeni rabitə infrastrukturunun  yaradılmasına, əlavə telefon çəkilişlərinə və internet xətlərinin yenilənməsinə şərait yaradacaq. 

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.04.2022 18:39