AZ EN RU

Yaşayış məntəqələrində infrastruktur yenilənir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası qədim diyarın iri yaşayış məntəqələrindən olan Babək rayonunun da davamlı inkişafını təmin edib. 

    Artan əhali sayı və sosial-iqtisadi inkişaf göstəriciləri, məskunlaşma, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların genişləndirilməsi yaşayış məntəqələrinin siması ilə yanaşı, statusunun da dəyişməsinə əlverişli şərait yaradıb. Məlum olduğu kimi, ölkə Prezidentinin 2020-ci il iyunun 12-də təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rayonun Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib. Rayon mərkəzi olan Babək şəhər statusu ilə sürətli inkişaf yoluna qədəm qoydu. Əhalinin məşğulluğunun təmin edilməsi, təsərrüfatçıların istehsal etdiyi məhsulu elə rayon ərazisində satışa çıxarması məqsədilə Babək şəhərində yeni bazar kompleksi istifadəyə verildi. Bundan başqa, əvvəllər Naxçıvan şəhərində fəaliyyət göstərən 6 nömrəli  marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edildi və artıq bu xətt üzrə işləyən müasir, rahat avtobuslar Babək şəhər əhalisinə də xidmət göstərir. 

    Bu işlərin davamı kimi, cari ildə Babək şəhərində abadlıq-quruculuq işlərinə də başlanılıb. Hazırda şəhərin Hüseyn Cavid və Məmməd Səid Ordubadi küçələrində hörgü və suvaq işləri aparılır, uçuq həyət divarları hörülərək bərpa edilir, yeni küçə qapıları salınır. Artıq 10-a yaxın  həyətin küçə qapısı yenisi ilə əvəz olunub. Şəhərdə yeraltı elektrik və rabitə xətlərinin çəkilməsi işlərinə də başlanılıb. Qeyd edək ki, məhəllədaxili yollara asfalt örtük də veriləcək.
    Bu ilin mart ayından etibarən Babək şəhərinin Heydər Əliyev prospektində rayonun məktəbdənkənar müəssisələri üçün binanın tikintisinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən müasir layihə əsasında tikilən bina üç mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində Texniki Yaradıcılıq Mərkəzi, sərgi salonu, STEAM otağı, ikinci mərtəbədə Uşaq-gənclər yaradıcılıq mərkəzi, müəllimlər otağı, xalçaçılıq, toxuculuq və bədii tikmə, rəsm-vitraj sinifləri, qum sənəti otağı, arxiv, üçüncü mərtəbədə isə rəqs və gimnastika zalı, cihazların saxlanılması otağı, eləcə də digər siniflər fəaliyyət göstərəcək.
    Müasir təhsil infrastrukturunun yaradılması qarşıda duran əsas vəzifələrdən biridir. Bunun nəticəsidir ki, Sirab və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəblərdə yenidənqurma və tikinti işləri davam etdirilir. Yeni layihə əsasında qurulan Sirab məktəbində işlərin böyük bir hissəsi yekunlaşıb. Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə isə tikinti işləri bu ilin mart ayından başlayıb. Üç mərtəbədən ibarət təhsil ocağı 954 şagird yerlik olacaq.
    Abadlıq-quruculuq işləri çərçivəsində Babək rayonunun Vayxır kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Hazırda kənddəki tam orta məktəb binası əsaslı yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur. Müasir layihə əsasında qurulan məktəbdə tədris infrastrukturu yenilənəcək, elektron lövhəli siniflər, laboratoriyalar, fənn kabinələri yaradılacaq. Tezliklə Vayxır da abadlığı, müasirliyi ilə muxtar respublikanın göz­oxşayan kəndlərindən biri olacaq.

Lalə ALLAHVERDİYEVA

Nəşr edilib : 01.07.2022 18:06