AZ EN RU

“YAŞAT” Fondunun dəvəti ilə türkiyəli şəhid ailələrinin üzvləri Şuşada olublar

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Türkiyədən olan şəhid ailəsi üzvlərinin Azərbaycana səfəri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, türkiyəli qonaqlar azərbaycanlı şəhid ailə üzvləri ilə birgə iki gün ərzində Şuşa şəhərində olublar.

Yetmişə yaxın iştirakçı Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Şuşa qalasına, İsa bulağına, Yuxarı Gövhər Ağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.

Qeyd edək ki, layihə Azərbaycan-Türkiyə əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.

Məqsəd azərbaycanlı və türkiyəli şəhid ailə üzvlərini bir araya gətirməklə ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməkdir. “Tək millət, tək ürək” şüarı ilə reallaşan təşəbbüs çərçivəsində məlumatlandırma və mədəniyyət mübadiləsi, dəstək tədbirləri istiqamətində birgə müzakirələr nəzərdə tutulur.

28 May - Müstəqillik Gününə həsr olun layihə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin dəstəyi ilə reallaşdırılır.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin media dəstəkçisi ASAN TV və ASAN Radiodur.

Nəşr edilib : 29.05.2024 14:52